Azərbaycanda LGBT hüquqları

03-06-2019 19:14
Azərbaycanda LGBT hüquqları
Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosasiyasının (ILGA) 2019-cu ilin may ayında açıqladığı məlumata görə, Azərbaycan Avropada LGBTI+ fərdlərinin həyat şəraiti və hüquqlarının ən pis vəziyyətdə olduğu ölkədir.  

Belə ki, yalnız 3 faiz LGBTI+ hüquqlarının təmin olunduğu Azərbaycan 49 Avropa ölkəsinin sıralandığı siyahıda 49-cu yerdə qərarlaşmışdır. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası 2015-ci ildən bu yana bu siyahıda ən sonuncu yerdədir. 

Son dörd ildə ölkədə LGBTI+ hüquqlarının vəziyyətindəki bu geriləməyə bir çox amillər səbəb olub. Bunlara, vətəndaşların siyasi hüquq və azadlıqlarına qarşı törədilən repressiyaların bu şəxslərin hüquqlarına da təsir görməsi, qüvvədə olan qanunvericilikdəki bir çox boşluqlar, öz genderi və yaxud cinsi oriyentasiyası səbəbilə istismar edilən, hüquqları pozulan həssas qrupların cəmiyyətin dəstəyindən və hüquqi yardımından uzaq qalması, maarifləndirmə fəaliyyətlərindəki çatışmazlıqlar və LGBTI+  fərdlərinə yardım məqsədilə qurulan qeyri- hökümət təşkilatlarının davamlı təqibi kimi amillər daxil edilə bilər.

Xüsusilə, 2017- ci ildə aparılan kütləvi reydlər Azərbaycanda LGBTI+ hüquqlarına çox böyük zərbə vurdu. Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi kütləvi reydlər zamanı məlumatlara əsasən ən azı 200 nəfər həbs olundu. Bununla da ölkədə LGBTI+ cəmiyyəti  dövlətin ağır təqib və təzyiqlərinə məruz qaldı və hələ də qalmağa davam edir. 

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ)  ekspertlər qrupu mövzunun aktuallığını nəzərə alaraq, əhatəli hesabat hazırlayıb. 

Hesabatda bu sahədə olan problemlər, mövcud qanunvericilikdəki və praktikadakı çatışmazlıqlar və problemin həllinə dair təkliflər yer alıb.