Həqiqi vətəndaş cəmiyyətinin üzvləri hökumətin istifadə etdiyi ritorikaya köklənməməlidirlər...

01-11-2016 17:12
Həqiqi vətəndaş cəmiyyətinin üzvləri hökumətin istifadə etdiyi ritorikaya köklənməməlidirlər...
Akif Qurbanov
Demokratik Təşəbbüslər İnstitutunun sədri 

Səfərdə olduğum üçün MHŞT proseslərinə dair son baş verənlərə münasibət bildirmək imkanım yalnız indi yarandı. Həm də fürsət oldu ki, bir çox şəxslərin rəylərilə tanış olum və qənaətim tam formalaşsın.
İstərdim ki, Astana toplantısından öncə və sonra baş verənlər və səbəbləri barədə mövqeyimi sizinlə bölüşüm. Uzun olduğu üçün əfvinizə sığınıram, lakin detallı açıqlamanı vacib hesab edirəm.

MSŞA Koalisiyası Şurasının ölkə başçısına müraciəti barədə

Müraciət məsələsi gündəmə niyə gəldi?

Gördüyüm aşağıdakı iki səbəb əsas tutulurdu:

a) Təşəbbüskarların arqumentinə görə, onlarda belə qənaət var ki, məsələyə məsul məmurlar ölkə başçısına gerçək vəziyyəti çatdırmaqdan çəkinirlər (və ya ehtimal oluna bilər ki, istəmirlər), ona görə də biz birbaşa müraciət edib vəziyyəti nəzarətə götürməsini xahiş etməliyik.
b) Əgər müraciətə əhəmiyyət verilməsə və qarşıda EITI İdarə Heyətinin gözlənilən mənfi qərarı reallaşsa, özlərini mümkün hədəfə gəlmədən sığortalamaq idi. Yəni biz əlimizdən gələni edib müraciət də etdik, lakin məsuliyyət sizin üzərinizdədir.

Mənim mövqeyim belə oldu ki, bu xırda məsələ deyil və EİTİ-nin qərarı ölkənin kredit alma ehtiyaclarında ciddi açar rolu oynayır. İndiki vəziyyətdə yüksək məbləğlərə hakimiyyətin ciddi ehtiyacı olduğu üçün ölkə başçısının baş verənlərdən xəbərsiz olması heç cür ağlabatan deyil (Yeri gəlmişkən, mən ümumiyyətlə, heç zaman ölkə başçısının baş verənlərdən xəbərsiz olmasına inananlardan olmamışam).

Belə olduğu halda, müraciət etməyin lüzumsuz olduğunu bildirdim. Lakin bu məsələdə tək qaldım, sonradan müraciətin mətni üzərində müzakirələr davam etdiyi ərəfədə Nazirlər Kabinetinin genişləndirilmiş müşavirəsində vətəndaş cəmiyyəti nümayəndələrinin ünvanına "5-ci kolon” ifadəsini birinci şəxsin dilindən eşitmək təəccüb və təəssüfümü bir daha həmkarlarımın diqqətinə çatdırsam da, müraciətin göndərilməsində israrın şahidi oldum və ən sadə arqument də bu idi ki, müraciətdir də, bununla nə itiririk. Lakin məlumat ictimailəşəndə, mən müraciəti dəstəkləmədiyimi açıq ifadə etdim və bu barədə status da yazdım (https://www.facebook.com/akif.qurbanov.1/posts/1328752480477719 )

EİTİ İdarə Heyətinə müraciət barədə

Bildiyiniz kimi, İdarə Heyətinə 2 müraciət ünvanlanmışdı:

1. 5 Şura üzvünün müraciətinin qayəsi o idi ki, əsas problemlər artıq həll olunub, siyasi iradə ortadadır və ona görə də ölkənin statusu geri qaytarılmalıdır.
2. 6 Şura üzvünün imzaladığı və Koalisiya adından hesab olunan müraciətdə isə problemlərin həllinə yönəlik addımlar və hələ də mövcud olan əsas problemlər göstərilməklə namizədlik statusunun saxlanmasına marağımızı ifadə etdik. Eyni zamanda vətəndaş cəmiyyətinin mövcud problemlərinin həllinə yönələn, 6 aydan az, 1 ildən çox olmayan müddət üçün ikinci islahedici tədbirlər planını qəbul etməyə və onun icrası üçün Azərbaycana yüksək səviyyəli missiya göndərməyi xahiş etdik.

Mən detallara çox da varmaq istəmirəm ki, müraciətin mətninin daha fərqli olmasına və real mənzərənin daha çox qabardılması barədə təkliflər verdim, amma konsensusa gəlmək yalnız yayılan mətn üzərində mümkün oldu.

Astana Toplantısından çıxan nəticələrə baxdıqda 2 qənaətim var:

1. Realist yanaşsaq, qərar gözlənilən idi və mümkün son şansları əldən verməmək baxımdan heç də pis qərar deyil. Yəni hökumətə konkret vaxt verilir və problemlər həll edilməsə, üzvlüyün dayandırılması ilə bağlı qərarın gözlənildiyi aydın ifadə olunur. Hakimiyyətin qarşısında 4 ay vaxt var: ya problemləri həll etməlidir, ya da üzvlük dayandırılacaq və xarici maliyyə əldəetmə gözləntilərində ciddi çətinliklər yaşanılacaq. Hansı ki bu, indi onlara hava və su kimi lazımdır.
2. İslahedici tədbirlər kimi MHŞT prosesində iştirak edən vətəndaş cəmiyyətinin problemlərinin həlli tələbinin qoyulması başa düşülən olsa da, təqdim olunan 3 məsələ hakimiyyətə imkan verəcək ki, problemləri institusional yox, fərdi həll etsin. Yəni birincisi budur ki, hər iki ildən bir reysterdən çıxarış alması MSŞT-yə üzv olan təşkilatlara şamil olunmur. İkincisi, bu təşkilatların MSŞT-dən aldığı qrantlar qeydiyyatdan keçirilmir. Üçüncüsü, MSŞT-ə dəstək verən xarici donorların fərdi qrantları müvafiq orqanlardan təsdiqlənmədən təşkilata verilir. Bu 3 tələb hakimiyyətə imkan verəcək ki, rahat manevr etsin. Çünki MHŞT proseslərinə dair verilən qrantlar və o sahəyə dair təşkilatların fəaliyyəti onu o qədər da narahat etmir. Əslində, tələb QHT və Qrant haqqında qanunların dəyişilməsinə və ümumən vətəndaş cəmiyyətinin fəaliyyətinə imkanverəcək institusional dəyişikliklərə yönəlməli idi. Bu həm də elə MHŞT prosesində Vətəndaş Cəmiyyəti protokolunun tələblərinə daha uyğun gələrdi.

Baş verənlərə dair bir çox həmkar və ictimaiyyət nümayəndələrinin bölüşdüyü qənaətləri nəzərə alaraq, aşağıdakıları yanlış hesab edirəm:

Əgər ölkə başçısı prosesə müdaxilə etməsəydi, bəlkə də, Azərbaycanın fəaliyyətini dayandıracaqdılar kimi tezislərin təqdimatında nə məna yatır, açığı mənə hələ də aydın deyil. Lakin bu müdaxiləni Koalisiya Şurasının Prezidentə müraciətilə əlaqələndirmək barədə qeydlərim isə konkretdir:

a) Başa düşüləndir ki, müraciətin düzgün addım olduğunu və baş verən dəyişikliyin dividentini özünə çəkmək üçün onun etdiyi hərəkətə görə müsbət nəticənin əldə olunmasını hər bir şəxs çalışar əsaslandırsın və müdafiə etsin.

b) Lakin uzunmüddətli təcrübə bizə möhkəm qənaət formalaşdırmağa əsas verir ki, atılan addımları müraciətlə bağlamağın heç bir inandırıcı əsası yoxdur. Hakimiyyət problemlər dalana dirəndikdə hər zaman belə aldadıcı manevrlər edib, problemlərə yalnız kosmetik həll görüntüsü verilib, əslində isə fundamental olaraq heç bir dəyişiklik edilməyib. Hətta yüksək vədlərə inanan dostlar məni inandırmağa çalışırdı ki, çox ciddi dəyişikliklər var və hətta artıq yaxın gündə Koalisiya üzvü Asif Yusiflinin buraxılması məsələsi də həll olunur. Təbii ki, məntiqli fikirləşəndə bunun inandırıcı olmamasının çox sadə səbəbi vardı və mən də çox aydın soruşurdum ki, azad etmək iradəsi varsa məhkəmə iclası Astana toplantısından öncəyə təyin oluna bilər və Asifi çox rahatca azad edə bilərlər. Dünənki məhkəmə qərarı da aydın göstərdi ki, Asif Yusifliyə qarşı hətta cəza müddətinin dəyişməməsi (baxmayaraq ki, qanunda olan dəyişiklikdən doğan yeni ittiham maddəsinin sanksiyasının tətbiqində onun yüngülləşdirici halları nəzərə alınmalı idi. Hansı ki öncəki qərarda məhkəmə nəzərə almışdı), ən ağır cəza müddətini tətbiq etməklə siyasi iradənin hansı istiqamətində olduğunu görməmək mümkün deyil. "Əgər müraciətə görə hər şey dəyişirdisə, bəs bu niyə dəyişmədi” sualı aydın hər şeyi izah edir.

Belə olduğu halda, nəticələri başqa cür təqdim etmək xoş yanaşsaq, "a” bəndində dediyimlə bağlıdır, əks halda məqsədli şəkildə edilir və bu da xüsusən, beynəlxalq təşkilatlar və daxili ictimai rəyə qeyri-real olan və yalnış qənaət yaradacaq iki çox ciddi mesaj verir:

• Hakimiyyət yerli vətəndaş cəmiyyətinin səsini eşidir, problemlərini həll edir və tərəflər arasında "əməlli-başlı” dialoq formalaşdırılıb.
• Hakimiyyət beynəlxalq çağırışlardan çəkinmir, ona heç bir təzyiq etmək mümkün deyil, atdığı addımlar beynəlxalq təzyiqlərə görə yox, məhz yerli qurumların müraciətinə əsasən olub.

Hakimiyyətin atdığı addımların çox qısa müddətdə ciddi dəyişikliklərə gətirib çıxarması barədə

Hesab etmirəm ki, bu ciddi dəyişikliklərə gətirib çıxarıb. Bəli, bəzi koalisiya üzvlərinin fərdi problemləri həll olunub. Amma problemlərə, müstəqil təşkilatlara və şəxslərə münasibətdə heç bir fundamental dəyişiklik baş verməyib, problemlərin həllində heç bir institusional və konseptual irəliləyiş yoxdur. Hər şey - necə ki bir göstərişlə hüquqazidd problemlər yaradılıb, o cür də bir göstərişlə fərdi məsələlər həll olunub. Vurğulamaqda yarar var ki, Oktay Gülalıyev haqqında atılan müsbət addımların da məlum ənənəvi məqsədi olub. Hansı ki vitrində nümunə kimi göstərilsin. Yəni O. Gülalıyev kimi əzab-əziyyətə məruz qalmış, mövqeyində sərt olan şəxsin problemləri belə həll olunursa, geridə daha nə qaldı ki?

36 qeydiyyatı olmayan Koalisiya üzvündən 17-sinin problemləri həll olunduğu bildirilir. Siyahı tam bilinməsə də, O.Gülalıyev nümunəsindən başqa digər "arzuolunmaz” QHT-lərin problemlərinin həll olunduğu mənə bəlli deyil. Koalisiya Şurasının 3 üzvünün qeydiyyat problemi hələ də qüvvəsindədir. Bu fürsətdə də yenə "ögey-doğmalıq” münasibəti açıq hiss olunur. Şəbəkədə təşəkkür və minnətdarlıq yazışmaları da hər şeyi aydın ifadə edir.

Prezident fərmanının QHT-lərlə bağlı hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində addım kimi təqdim etməyin özü də ciddi yanlışlıqdır. Halbuki Koalisiya adından göndərilən müraciətdə aydın ifadə olunub ki, bu fərman nəyisə dəyişə bilməz, çünki ondan hüquqi üstün qüvvəyə malik mürtəce qanunlar mövcuddur. Ona görə də Azərbaycanda QHT-lərin fəaliyyətinə dair qanunvericilikdə məhdudiyyətlərin aradan qaldırılmasına ciddi ehtiyac var. Belə olduğu halda, müraciətə imza atan şəxslərin onu təkmilləşmə kimi təqdim etməsinin adı nədir, bilmirəm?!

Başqa bir fikir də səslənir ki, beynəlxalq və yerli təşkilatların hərəsinin öz məqsədləri var. Guya bəziləri siyasi məhbus məsələsini, repressiyaları qaldırır və bundan təzyiq vasitəsi kimi istifadə edirlər. Əvvəla, belə məsələlərdə hər kəs öz adından danışmalıdır. "Biz” deyib Koalisiya və ya onun Şurası adından danışmamalıdır. İkincisi də, siyasi məhbus problemləri, repressiyalar məgər koalisiya üzvlərinə qarşı olmayıb? Məgər Koalisiya üzvlərinin fərdi problemləri həll olunur deyə biz deməliyik ki, ölkədə vətəndaş cəmiyyətinin durumu "güllü-gülüstanlıq”dır?! İndiki QHT-lərin və xarici donorların fəaliyyətini iflic edən mürtəce dəyişikliklər represiya deyil də, sadəcə, "çimdik”ləmə əməliyyatıdır?!

Beynəlxalq idarə heyətinin qərarının MSŞT Koalisiyasinda təmsil olunan yerli QHT-lərin əksəriyyətinin maraqlarına cavab verməsi və yeni islahedici tədbirlər planını yeni imkanlar kimi qiymətləndirmək də xeyli mübahisəlidir və həmçinin öz fikrini çoxluğun adına ifadə etmək yersizdir. Çünki İslahedici planda qoyulan 3 məsələ məzmunca çox risklidir. Əgər yuxarıda dediyim kimi EİTİ rəhbər komitəsi hökümətin MHŞT adıyla manevrinə göz yumacaqsa və məsələ fundamental və institusional formada deyil, yalnız fərdi qaydada həll olunacaqsa, onda Vətəndaş cəmiyyətinin vay halına... Həmçinin bu, VC Protokolunun tələblərini alt-üst edəcək.

Eyni zamanda bir məsələni də vurğulamağı faydalı hesab edirəm; səsləndirilən fikirlərdən belə çıxır ki, real problemlərin olduğu halda, yəni Ermənistan MSŞT-nin "qapılarını döydüyü” ərəfədir deyə baş verənləri görməzdən gəlməliyik?! Bu ritorika artıq çürüyüb, problemlərin həllində isə pafos işləmir. Guya Ermənistan digər birliklərdə olub nə edib ki, burda olanda da nəsə edə bilə? Münaqişənin həlli başqa, ərazimizi işğal edən ölkənin törətdiklərini dünya ictimaiyyətinə çatdırmaq bir ayrı məsələ. Bir sözlə, MHŞT prosesində ölkənin üzərinə götürdüyü öhdəlikləri icra etməməklə Vətəndaş cəmiyyətinə qarşı repressiyaları durdurmayan, problemləri ciddi həll etməyən bir durumda statusun bu və ya digər formada Ermənistanla əlaqələndirilməsi ənənəvi metoddan başqa bir şey deyil. Hesab edirəm ki, həqiqi vətəndaş cəmiyyətinin üzvləri hökumətin istifadə etdiyi ənənəvi ritorikaya köklənməməlidirlər...

Yekun olaraq onu qeyd etməyi borc bilirəm ki, gercək vətəndaş cəmiyyəti üzvləri məsələlərə fərdi və ya qrup maraqlarından yanaşmamalıdır. Onlar üçün cəmiyyətin maraqları və onun həlli yollarına münasibətdə ümumi prinsiplər və institusional baxış əsas götürülməlidir.

P.S. Ümidvaram hər kəs düşündüklərinin sərbəst ifadə etdiyinə inandığı kimi, mənim də mövqeyimi adekvat qarşılayacaq.