IDI Azərbaycanda alternativ hərbi xidmətlə bağlı araşdırma sənədi yaydı

19-03-2021 18:24
IDI Azərbaycanda alternativ hərbi xidmətlə bağlı araşdırma sənədi yaydı
Demokratik Təşəbbüslər İnstitutunun (IDI) Gənc Hüquq Müdafiəçiləri təlimlərinin məzunlarından ibarət araşdırma qrupu Azərbaycanda alternativ hərbi xidmətlə bağlı araşdırma sənədi hazırlayıb.

Demokratik Təşəbbüslər İnstitutundan martın 19-da verilən xəbərə görə, tədqiqatın məqsədi alternativ xidmət haqqında qanunun qəbulunu zəruri edən öhdəlikləri və  ölkədə vicdani rəddə dair praktiki vəziyyəti araşdırmaq, bu sahədə görüləcək işlərlə bağlı tövsiyələr hazırlamaq olub.

Araşdırma zamanı Azərbaycandakı hərbi xidmət praktikası, yerli və beynəlxalq qanunvericilik, analoji tədqiqatlar, ölkə rəsmilərinin məsələyə dair mövqeyi və alternativ xidmətlə bağlı parlament müzakirələri monitorinq edilib. 

Sənəddə Azərbaycan Respublikasının da imzaladığı və ratifikasiya etdiyi Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 18-ci və Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinin şərhinə istinad olunaraq tərəf dövlətlərin vicdani rədd haqqını tanımaq öhdəliyi qeyd olunur.  Həmçinin Azərbaycan Avopa İnsan Hüquqları Konvensiyasını ratifikasiya edən zaman qoşulduğu 2 il ərzində Avropa standartlarına uyğun alternativ xidmət haqqında qanun qəbul etməyi  öhdəlik götürüb. 

Bununla yanaşı, alternativ hərbi xidmət haqqında qanun qəbul etmək Azərbaycan Konstitusiyanın 76-cı maddəsinin 2-ci bəndindən irəli gələn öhdəlikdir. Lakin Azərbaycan hökuməti həm də daxili qanunvericilikdən irəli gələn bu öhdəliyi yerinə yetirməyib.

Yehova Şahidləri başda olmaqla, Azərbaycanda bəzi şəxslər əqidələrinə görə hərbi xidmətdən imtina edirlər. Amma sözügedən qanunun olmaması səbəbindən onların ölkə məhkəmələrinə şikayəti təmin olunmur. Əksinə, belələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 321.1-ci maddəsinə və digər qanunvericilik normalarına əsasən cəzalandırılırlar.

Azərbaycan nəticəsində gəlinən qənaətlər bunlardır:

- problem konstitusional xarakter daşıyır;

- hökumət nümayəndələri problemə laqeyd yanaşır; 

- problemin həlli üçün sözügedən qanunun qəbul edilməsi vacibdir.

Sənəddə aşağıdakı tövsiyələr yer alıb:

- "Alternativ xidmət haqqında” qanun qəbul edilmədir;

- əqidələri səbəbindən hərbi xidmətdən imtina edən şəxslərə alternativ xidmət imkanı yaradılmalıdır;

- qanunvericilikdəki boşluq səbəbindən həbs edilmiş və digər cəzalara məruz qalmış şəxslər əfv edilməli və onlara tətbiq olunan sanksiyalar aradan qaldırılmalıdır.