Əsas səhifə » İDİ-dən parlament seçkiləri öncəsi hesabat (TAM MƏTN)

İDİ-dən parlament seçkiləri öncəsi hesabat (TAM MƏTN)


İDİ-dən parlament seçkiləri öncəsi hesabat (TAM MƏTN)
Demokratik Təşəbbüslər İnstitutu (IDI) 1 noyabr 2015-ci il keçiriləcək Parlament seçkiləri öncəsi hesabatla çıxış edib. 

IDI-dən Arqument.Az-a daxil olan hesabatın tam mətnini təqdim edirik:

"I. XÜLASƏ

Azərbaycanın tək palatalı parlamenti olan Milli Məclis 125 bir mandatlı seçki dairəsindən beş illik müddətə seçilir. Əvvəlki parlament seçkiləri 2010-ci ilin 7 noyabrda keçirilmişdir. 2015 Parlament seçkiləri isə 29 avqust 2015-ci il tarixdə imzalanmış Prezident sərəncamı ilə Konstitusiyaya uyğun olaraq noyabr ayının ilk bazar günü  - 1 noyabr 2015-ci ilə təyin edildi. 

Seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, Azərbaycanda hələ də seçkilərin demokratik mühitinin yaradılmasında ciddi çətinliklər mövcuddur. 

Son 12 ildə 17 dəfə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə ictimai konsensuns əldə etmədən əlavə dəyişikliklər edilmişdir. Məcəlləyə edilən dəyişikliklər isə çox halda mövcud olan normaları daha da antidemokratik vəziyyətə gətirən, azadlıqları daraldacaq normalar olmuşdur. Seçki müddətinin 60 günədək qısaldılması, buna uyğun olaraq imza toplama müddətinin 2 dəfə azaldılması, siyasi təşviqat müddətlərinin 22 günə salınması, təşviqat üçün mövcud olan platformaların sayının azaldılması, sərbəst toplaşma yerlərinin hər rayonda cəmi bir yer ilə məhdudlaşdırılması, dövlətin Kütləvi İnformasiya Vasitələrində (KİV) təşviqat imkanlarının məcəllədən çıxarılması, könüllü pul depozitinin ləğv olunması və digər mövcud imkanların məhdudlaşdırılması baş vermişdir.

Rəsmi kampaniya dövrü yığıncaqlar və toplantılar keçirmək və kütləvi informasiya vasitələrində çıxış etmək imkanı nöqteyi-nəzərindən namizədlərə və partiyalara xüsusi hüquqlar verir. Seçkilər arasındakı müddətdə mülki və siyasi hüquqların icrası ilə bağlı mövcud maneələri nəzərə alaraq, Seçki Məcəlləsindəki son dəyişikliklər namizədlər və partiyaların öz fikirlərini seçicilərə çatdırmaq imkanını faktiki olaraq məhdudlaşdırır. 
 Mərkəzi Seçki Komissiyasının (MSK) qəbul etdiyi bəzi normativ xarakterli aktlar qanunvericiliklə uyğunsuzluq yaradaraq Seçki Məcəlləsinin tələblərini daha da məhdudlaşdırmaqla seçki prosesinin demokratikliyinə mənfi təsir edir. 

Azərbaycanda seçkilər Mərkəzi Seçki Komissiyası Dairə Seçki Komissiyaları və Məntəqə Seçki Komissiyalarından ibarət olan üçpilləli seçki administrasiyası tərəfindən həyata keçirilir. Seçki komissiyalarının tərkibi problemli məsələ olaraq qalır, çünki təcrübədə bu format, hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki administrasiyasının tərəfsiziliyinə və qərəzsizliyinə  olan etimadı sıfıra endirir. 

Seçkilər üçün hazırlıqlar 2015-ci ilin yanvar ayından etibarən davam etməkdədir və MSK aşağı səviyyəli komissiyalar üçün təlimlər təşkil edir. Seçicilərin siyahısı yenilənsə də, dövlət qurumları arasındakı seçici sayındakı fərq qalmaqdadır. Seçicilərin siyahıda adlarını yoxlamaq və düzəlişlər, əlavələri tələb etməsi üçün imkanlar mövcuddur. 

Qarşıdan gələn seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edir. 
Ölkədə siyasi məhbus probleminin ciddi hal aldığı və onların azad olunması barədə yerli və beynəlxalq ictimaiyyətin mütəmadi çağırışları durmadan artmasına baxmayaraq əhəmiyyət verilmir. 

Müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb.
Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində 1 məkanda yarımqapalı mitinqlər keçirilməsinə imkan verilir. Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri regionlarda davamlı məhdudlaşdırılır. Həmçinin qapalı məkanlarda konfrans, dəyirmi masa və s. formatlarda ictimai toplantılar keçirmək sadəcə siyasi partiyalar deyil, vətəndaş cəmiyyəti təmsilçiləri üçün də demək olar ki, mümkünsüz hala gəlib. Siyasi gündəmli toplantıların hətta 5 ulduzlu brend markalı otellərin toplantı salonlarında belə keçirilməsinə imkan verilmir. 
Həbslər, diffamasiya üzrə məhkəmə prosesləri,  maliyyə sanksiyaları, bank hesablarına həbs qoyulmalar, müəyyən bəhanələrlə uzun-uzadı istintaqlara cəlb edilmələr və jurnalistlər üzərində digər təzyiq formaları Azərbaycanda media azadlığına ciddi təsir edir və demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır. 
Məhkəmələr hakimiyyətin üçüncü müstəqil qolu və ədalətin bərpası olmaqdan çıxaraq ələbaxımlı duruma düşmüşdür. Cəmiyyətdə məhkəmələrə etibar ciddi şəkildə sarsılmış vəziyyətdədır. 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) bu yaxınlarda 2010-ci il seçkiləri ilə əlaqədar iş üzrə qərar çıxarmışdır ki, bu da namizədlər üçün seçki hüququnun təmin edilməsində məhkəmələr və seçki komissiyalarından həlledici üstünlüyə malikdir. 
Avropa Şurası Nazirlər Komitəsi İHAM tərəfindən pozuntu kimi müəyyən edilmiş seçki işləri üzrə baş vermiş pozuntuların struktural/kompleks xarakterli olduğu nəticəsinə gəlmişdir.   

II. GİRİŞ
 
Demokratik Təşəbbüslər İnstitutu (IDI) 05.11.2013-cü ildə bir qrup tanınmiş hüquqşünas və ictimai xadim tərəfindən yaradılıb. Rəsmi qeydiyyatdan keçmək üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət edilməsinə baxmyaraq, qanunsuz olaraq təşkilatın qeydiyyata alınmasından imtina edilmişdir. Ona görə də bununla əlaqədar məhkəməyə müraciət olunmuşdur. Bütün daxili məhkəmə instansiyalarına baş vurulsa da, məhkəmə Ədliyyə Nazirliyinin imtinasını qüvvədə saxlamışdır. 06 aprel 2015-ci il tarixdə IDI hüquqarının təmin olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (IHAM) müraciət etmişdir. Təşkilatın fəaliyyətinin əsas məqsədi demokratik təsisatların, vətəndaş cəmiyyəti və seçki institutlarının səviyyəsinin yüksəldilməsinə; insan huquqları və ifadə azadlığının təmininə; yerli özünü idarənin təkmilləşməsinə, ölkənin sosial-iqtisadi və hümanitar inkişafına; bütün sahələrdə şəffaflığın artırılmasına; problemlərin həllində gənclərin və qadınların rolunun artırılmasına; konfliktlərin dinc yolla həllinə dəstək verməklə sülh və barışın qorunmasına; Azərbaycan cəmiyyətinin demokratik dünyaya inteqrasiyasına yardım etməkdən ibarətdir.

IDI aşağıdakı istiqamətlər uzrə fəaliyyət gostərir: 

•  Demokratik təsisatların formalaşdırılmasına yardım etmək;
• Vətəndaş cəmiyyətinin inkişafına dəstək olmaq;
• İdarəetmədə şəffaflığın təmin olunmasına kömək etmək;
• Liberal islahatların həyata keçirilməsinə təkan vermək;
• İnsan hüquq və azadlıqlarının təmin olunmasına çalışmaq;
• Söz və mətbuat azadlığı da daxil olmaqla, ümumən ifadə azadlığının təmininə yardım etmək;
• Azad, ədalətli və şəffaf seçkilərin keçirilməsinə yardım etmək;
• Seçən və seçilən tərəflərlə mütəmadi işləmək və onlar arasında qarşılıqlı görüş və tədbirlərin keçirilməsinə nail olmaq, seçkili orqanların fəaliyyətini araşdırmaq və tədqiq etmək.
• Cəmiyyətdə humanizmi, bəşəri dəyərləri və sülhü təbliğ etmək;
• Konfliktlərin dinc yolla həllinə dəstək vermək;

IDI 23 dekabr 2014-cü il tarixdə keçirilmiş Bələdiyyə seçkilərini müşahidə edib. Bu seckilər dövründə 78 nəfər künüllü muşahidəçiyə 15 təlim kecirilib və onların seçki komissiyalarında akkreditə olunmaları ucun hüquqi-texniki yardım gostərilib.

Bundan əlavə, ölkədə seçicilərin sayına dair real vəziyyəti öyrənmək məqsədilə IDI 2014-cü ildə "Seçici Qeydiyyatının Auditi” adlı araşdırma aparmışdır.  SQA seçicilərin qeydiyyatının kəmiyyət və keyfiyyət baxımından  monitorinqi prosesidir.   Araşdırmanın nəticələrini 2015-ci ildə  Azərbaycan və ingilis dillərində kitab formasında nəşr etdirmişdir.

İDİ 2015-ci ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində araşdırma aparmışdır. Araşdırmanın ilkin nəticələrinin ayrı-ayrılıqda seçkinin əsas tərəfləri olan 12 siyasi partiya və təşkilat rəhbərlərilə, 10-dan artıq Vətəndaş Cəmiyyəti (VC) liderlərilə müzakirə etmişdir. Görüşlərdən sonra araşdırmanı yekunlaşdıraraq 18 avqust 2015-ci il tarixdə ölkənin aparıcı siyasi partiya və VC liderlərinin iştirakı ilə "Seçkilərə dair qanunvericiliyin analizi: beynəlxalq normalar, problemlər və perspektivlər” adında geniş ictimi müzakirə (forum) təşkil etmişdir. Hazırda həmin araşdırmanın nəticələri Azərbaycan və ingilis dillərində kitab formasında nəşr edilməkdədir.

IDI Azərbaycan Respublikasının 12 bölgəsində - Bakı, Sumqayıt, Gəncə, Qazax, Şəki, Qax, Cəlilabad, Goycay, Beyləqan, Tərtər və Xacmaz şəhər və rayonlarında, həmçinin Naxçıvan MR ərazisində yerli vətəndaş qrupları, habelə mustəqil KİV və yerli QHT-lər ilə əməkdaşlıq edir. 
1 noyabr 2015-ci ildə keciriləcək Parlament seckiləri ilə bağlı  IDI şərtlər imkan verdiyi çərçivədə, daxili resurslar hesabına seckilərin muşahidəsilə yanaşı, seçkidə iştirak edən tərəflərin – seçicilərin, seçki komissiyasının üzvlərinin, siyasi partiya nümayəndələrinin, namizədlərin, səlahiyyətli nümayəndələrin, vəkil edilmiş şəxslərin, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin, müşahidəçilərin və QHT təmsilçilərinin maarifləndirilməsinə yardım edəcəkdir. Həmçinin qeyd olunan tərəflərin seçki hüquqlarının pozulması zamanı onlara hüquqi yardım göstərməyə çalışacaqdır. 
 
III. SİYASİ KONTEKST 

Prezidentli respublika olan Azərbaycanda hakimiyyətin üç əsas qolu var: icraedici, qanunverici və məhkəmə hakimiyyətləri (məhkəmə hakimiyyətindən başqa digər hakimiyyət orqanları seckili orqanlardır). Azərbaycan Respublikası icraedici hakimiyyətin daha geniş səlahiyyət həyata keçirdiyi güclü prezident sisteminə malikdir. Digər çoxsaylı öhdəlikləri və səlahiyyətləri ilə yanaşı, Prezident Nazirlər Kabinetini təyin edir, mərkəzi səviyyədə icra hakimiyyətini təyin edir və regionlarda icra səlahiyyətini həyata keçirən İcraedici Hakimiyyətlərin başçılarını vəzifəyə təyin edir, vəzifədən azad edir və onların səlahiyyət dairəsini müəyyən edir.

Qarşıdan gələn seçki bir siyasi qüvvənin üstünlük təşkil etdiyi bir mühitdə baş verir.  Parlamentdə təmsil olunan 11 partiyadan biri olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbəri hazırkı dövlət başçısıdır və bu partiya 125 yerlik ölkə parlamentində 69 deputatla çoxluq təşkil edir. Parlamentdə təmsil olunan sayca ikinci böyük qrup 42 müstəqil deputatdan ibarətdir ki, onlar da, adətən, səsvermədə hakim partiyanın tərəfində çıxış edirlər.  Qalan 12 yeri on siyasi partiya tutmuşdur. Mövcüd parlamentdə 5 yer hal-hazırda boşdur. Müxalif siyasi partiyalar olan Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) 2010-cu il seçkilərində parlamentdə təmsil olunmaq imkanını itirmişdirlər. 2009-cu ildə yaradılmış müxalif Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri və prezidentliyə namizədi İlqar Məmmədov 2013-cü ilin fevral ayından barəsində İHAM-ın dərhal azad olunmasıyla bağlı qərar olmasına baxmayaraq, hələ də həbsdə saxlanılır. O, İsmayıllıda baş verən vətəndaş etiraz aksiyalarından bir gün sonra ora gedib, vətəndaşlarla görüşdüyünə görə "hadisələrin təşkilatçısı” kimi qondarma ittihamla 7 il həbs cəzasına məhkum edilib. 

Parlament seçkiləri Ermənistanla Azərbaycab arasında davam etməkdə olan Qarabağ münaqişəsi və Azərbaycan ərazisinin 20%-ə yaxın hissəsinin işğal olunduğu bir şəraitdə həyata keçiriləcək. Bu vəziyyət həmin ərazilər üzrə seçkilərin keçirilməsini, xüsusilə də, çox saylı məcburi köçkünlər üçün səsvermənin təşkilini çətinləşdirir. Həmçinin işğal faktı Dağlıq Qarabağın erməni əhalisinin seçkilərdə iştirakına şərait yaratmağa imkan vermir.  

IV. SEÇKİ  SİSTEMİ VƏ HÜQUQİ ÇƏRÇİVƏ
  
A. SEÇKİ SİSTEMİ

Tək palatalı parlament olan Milli Məclis beşillik müddət ərzində fəaliyyət göstərən 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi üzrə birmandatlı seçki dairələrindən birbaşa seçki hüququ əsasında gizli səsvermə yolu ilə secilirlər. Seçkilәrdә әn çox sәs toplamış namizәd seçilmiş hesab edilir. Әgər seçki dairəsində heç bir namizәd qeydiyyata alınmayıbsa vә ya yalnız bir namizәd qeydiyyata alınıbsa, o zaman hәmin dairәdә seçkilәr təxirә salınır vә proses təkrarlanır. Seçkilərin baş tutmuş hesab edilməsi üçün yetərsay tələb olunmur. 
Əvvəlki parlament seçkiləri 7 noyabr 2010-cu il tarixdə keçirilmişdir. Beşinci cağırış Parlament seckiləri 29 avqust 2015-ci il tarixdə imzalanmış Prezident sərəncamı ilə ölkə Konstitusiyasının 84-cu maddəsinə uyğun olaraq noyabr ayının ilk bazar günü  - 1 noyabr 2015-ci ilə təyin edildi. 

B. HÜQUQİ ÇƏRÇİVƏ

2015-ci il parlament seçkilәrinin keçiriləcəyi әsas qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyası (1995, son dəfә 2009-cu ildә dəyişikliklәr edilmişdir) və Seçki Məcәlləsindən (2003, son dәfə 2015-ci ildә dəyişikliklәr edilmişdir) ibarәtdir. Seçkilәr üçün hüquqi çәrçivәyә "Sərbәst toplaşma azadlığı haqqında” Qanun, "Televiziya və radio yayımı haqqında” Qanun, "Kütləvi informasiya vasitələri haqqında” Qanun, Mülki Prosesual Məcəllə, Cinayәt Mәcəllәsi vә İnzibati Xətalar Mәcәllәsinin müvafiq müddəaları, habelə Mərkəzi Seçki Komissiyasının (MSK) normativ xarakterli aktları daxildir. 

Seçki Məcəlləsinə əlavə və dəyişikliklər

Bütün növdәn olan seçkilәrin keçirilmәsini tənzimləyən Seçki Məcəlləsi 27 may 2003-cü il tarixində təsdiq edilmiş və qüvvəyə minmişdir. Aradan keçən 12 ildə 17 dəfə Seçki Məcəlləsi dəyişdirən və ya əlavələr edən təşəbbüslər Milli Məclis tərəfindən reallaşdırılmışdır. Ən son dəyişiklik  03 aprel 2015-ci il tarixdə edilmişdir.

Ümumiyyətlə, son 12 ildə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə və dəyişiklik və ya düzəlişlər edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılmışdır. Lakin bütün bu addımlar atılmamışdan öncə cəmiyyətdə alternativ fikir daşıyıcılarının, seçki sahəsində ixtisaslaşmış ictimai qurumların, beynəlxalq seçki missiyalarının fikirlərinə əhəməiyyət verilməmiş, edilən dəyişikliklər üçün ictimai konsesus axtarılmamışdır. Halbuki Məcəllənin qəbulundən keçən 12 ildə cəmiyyətin müxtəlif təbəqələrindən, ictimai institutlardan, habelə beynəlxalq və regional təşkilatlardan, onların seçki sahəsindəki peşəkar qurum və ekspertlərindən Azərbaycanda seçki sisteminin təkmilləşdirilməsi, Seçki Məcəlləsinin ciddi şəkildə yenilənməsi və ictimai-siyasi konses yaradılaraq, cəmiyyətin seçkilərə, onun nəticələrinə olan inamsızlığını aradan qaldırılacaq səmərəli təkliflər gəlmiş, layihələr hazırlanıb, ictimai müzakirələrə çıxarılmış tövsiyələt təqdim etmişdir. Lakin rəsmi iradə sahibi olan tərəf bu təkliflərə hər zaman qapısını bağlamış, cəmiyyəti rahatladacaq, siyasi tərəflərdə inam yaradacaq ciddi dəyişikliklərə getməmişdir. 

Məcəllədə edilən dəyişikliklər isə bir çox hallarda mövcud normaları daha da antidemokratik vəziyyətə gətirən, yaxud imanları, azadlıqları daraldacaq şəklə salan normalar olmuş, yaxud şəxslərə nəzərən qanunvericiliyə gətirilmişdir. Seçki müddətinin 60 günədək qısaldılması, buna uyğun olaraq imzatoplama müddətinin 2 dəfə uzadılması, siyasi təşviqat müddətlərinin 22 günə salınması təşviqat üçün mövcud olan platformaların sayının azaldılması, sərbəst toplaşma yerlərinin hər rayonda cəmi bir yerə düşürülməsi, dövlət kütləvi informasiya vasitələrində təşviqat imkanlarının məcəllədən çıxarılması, könüllü pul depozitlərinin ləğv olunması və digər mövcud imkanların məhdudlaşdırılması bunlardan, sadəcə, bəzləridir. 
Müsbәt irəliləyiş kimi 2008-ci ildә keçirilmiş prezident seçkilәrindәn sonra Mülki Prosessual Mәcәllәyә Seçki Məcəlləsində seçki ilə bağlı mübahisәlərlə əlaqәdar mәhkәmә yurisdiksiyasına dair müddәalardaki ziddiyәtlər aradan qalxdı vә bu müvafiq müddәanın tətbiqini asanlaşdırdı.

MSK-nın normativ xarakterli aktları

Seçki Məcəlləsinin 25.3-cü maddəsinin tələblərinə əsasən MSK öz səlahiyyətləri daxilində bu Məcəllənin həyata keçirilməsinə dair təlimatlar və metodiki göstərişlər qəbul edir və onları dərc  etdirir.  "Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun  4.3-cü maddəsinə uyğun olaraq, normativ hüquqi akt əsasında qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir. Həmin Qanunun 4.4-cü maddəsinə uyğun olaraq, Komissiyanın aktları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə o cümlədən Seçki Məcəlləsilə ziddiyyət təşkil edə bilməz. Ancaq təsdiq olunmuş Komissiyanın aktlarının monitorinqi zamanı məlum olmuşdur ki, həmin aktlarla seçkilərə dair əsas normativ hüquqi akt hesab olunan Seçki Məcəlləsinin tələbləri arasında ciddi uyğunsuzluqlar var.  Bu uyğunsuzluqlar və Seçki Məcəlləsinin tələblərinin daha da məhdudlaşdırılması daha çox "Seçki komissiyası protokolunun doldurulması”, "Exit-poll”, "Seçki komissiyalarında şikayətlərin araşdırılması”, "Mətbuat qrupu”, "Veb-kamera” və "Səlahiyyətli nümayəndələrinin statusu” haqqında olan normativ xarakterli aktlarda rast gəlinir. Bu barədə daha ətraflı məlumatı İDİ-nin apardığı araşdırmadan əldə etmək olar.

V. PARLAMENT SECKİLƏRİNƏ HAZIRLIQ

A. SEÇKİ ADMİNİSTRASİYASI

Parlament seçkiləri Mərkəzi Seçki Komissiyası (MSK), 125 Dairə Seçki Komissiyası (DSK) və seçkilər gününə yaxın formalaşan məntəqələr də daxil olmaqla təxminən 5300 Məntəqə Seçki Komissiyasından (MnSK) ibarət üç pilləli struktura malik qurum tərəfindən idarə olunur. Bütün komissiyalar beşillik müddətə seçilən, müvafiq olaraq 18, 9 və 6 nəfərdən ibarət daimi orqanlardır. MSK üzvləri, DSK sədr və katibləri istisna olmaqla, digər komissiya üzvləri daimi əməkhaqqı almır, sadəcə, seçkilər dövründə qısamüddətli əməkhaqqı alırlar. MSK üzvləri parlament tərəfindən seçilir, DSK-lar Mərkəzi Seçki Komissiyası və MnSK-lər isə müvafiq DSK-lar tərəfindən təyin edilir. Komissiya üzvlərinin üçdə biri parlament çoxluğunu, üçdə biri parlament azlığını və üçdə biri isə müstəqil deputatları təmsil edir. Qanuna əsasən, bütün komissiya sədrləri parlament çoxluğunun namizədidirlər. Beləliklə, parlament çoxluğu "de-fakto” bütün seçki komissiyalarında səs çoxluğuna malikdir. 

Seçki üçün texniki hazırlıq prosesi gedir, seçki administrasiyası müvafiq son tarixləri gözləməklə bərabər, tələb olunan əlavə normativ sənədləri qəbul etməkdədir. MSK iclasları mәtbuat vә müşahidәçilәrə açıqdır. Qәrarlar dövlətin maliyyələşdirdiyi mәtbuat vә MSK-nın internet sәhifәsi vasitәsilә ictimaiyyәtә açıqlanır. Bununla belə, MSK üzvləri çox vaxt iclasdan əvvəl müzakirə üçün zәruri olan ilkin qәrarlar vә bütün sәnәdlәrlә tәmin edilmirlər. MSK DSK və MnSK-lar üçün səsvermə prosedurları haqqında ümumrespublika təlimləri silsiləsindən birincisini artıq avqust ayında keçirmişdir. 

B. SEÇİCİ QEYDİYYATI 

Məhkəmə qərarı ilə bu hüquqdan məhrum olan şəxslər istisna olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək hüququ vardır. Seçici qeydiyyatı passiv xarakter daşıyır və seçici siyahıları MSK-nın idarə etdiyi seçicilərin daimi qeydiyyat bazası əsasında tərtib olunur. Vətəndaşın seçki məntəqəsi üzrə seçici siyahısına daxil edilməsi üçün həmin vətəndaşın yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür. 

Secki Məcəlləsinə əsasən seçicilərin daimi siyahısı MSK-nın muəyyənləşdirdiyi formada hər il mayın 30-dək hər bir secki məntəqəsi uzrə təsdiq edilir və səsvermə gününə azı 25 gün qalmış dəqiqləşdirilir. 2015-ci il may ayının 27-də təsdiq olunmuş məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısına 5093289 seçici daxil edilib ki, onların da 48,3 faizi kişi, 51,7 faizi isə qadınlardır. Ancaq bu rəqəm Azərbaycan Respublikası Dovlət Statistika Komitəsinin acıqladığı rəqəmlə kəskin surətdə fərqlənir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata gorə, əhalinin (9 593 000) 6 715 400 – nün yaşı 18-dən yuxarıdır. Yəni əhalinin 70 faizi (49,78 % kişi, 50,22 % qadın) seçicidir. (Daha ətraflı baxın: http://www.azstat.org/MESearch/details). Ancaq MSK-nın acıqladığı rəqəmdən məlum olur ki, seçicilər əhalinin 53 faizini təşkil edir. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə 17 faiz fərq ortaya cıxır. Qeyd edək ki, seçkilərdə iştirak edən tərəflərin, yerli QHT-lər və media təmsilcilərinin, ATƏT/DTİHB-nin SMM-nın narahatlıqlarına baxmayaraq, yuxarıda adı çəkilən orqanlar bu uyğunsuzluqlara aydınlıq gətirməyiblər. 

Məntəqə seçki komissiyası səsvermə gününə azı 35 gün qalmış seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirməlidir.  Seçicilər adlarının siyahıda olub-olmamasını MSK-nın İnternet səhifəsi və yaxud "qaynar xətt”i vasitəsilə də yoxlaya bilərlər. 
Seçki məntəqəsinin ərazisində yaşamalarını təsdiq edə bilən və seçki hüququ olan vətəndaşlar adı daimi seçici siyahısında yoxdursa seçki günü MnSK-da olan əlavə seçici siyahısında qeydiyyatdan keçə bilərlər. 

C. SEÇKİ DAİRƏLƏRİNİN TƏŞKİLİ
 
IDI seckiqabağı dövrdə bəzi dairə secki komissiyalarının təşkili ilə bağlı catışmazlıqlar qeydə alıb. Belə ki, Secki Məcəlləsinin 29.5-ci maddəsində qeyd edilir: "Mərkəzi Seçki Komissiyası, seçicilər barəsində məlumatlar əsasında, hər beş ildən bir, vahid seçicilər siyahısı tərtib edildikdən sonra 30 gün müddətində seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini təsdiq etməlidir”.

Həmin Məcəlləsinin 29.1-ci maddəsində göstərilir: "MSK hər 5 ildən bir 125 secki dairəsi yaradır. Secki dairəsi bir qayda olaraq secicilərin orta təmsilcilik norması əsasında yaradılır. Secicilərin orta təmsilcilik norması secicilərin sayının 125-ə bolunməsi yolu ilə muəyyənləşdirilir.” 
Məcəlləsinin 29.3.1-cu maddəsinə gorə isə "Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hududları daxilində, bir qayda olaraq, orta təmsilcilik normasından 5 faizdən, yolu cətin və ucqar yerlərdə isə 10 faizdən cox (az) olmamaq şərti ilə onların ərazisində qeydə alınmış secicilərin sayı secki dairələrində təqribən bərabər olmalıdır”.

Araşdırma zamanı məlum olur ki, seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini təsdiqi sonuncu dəfə  18 avqust 2010-cu il tarixdə  Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 17/65 saylı Qərarı ilə həyata keçirilmişdir.  Buradan aydın olur ki, 27 may 2015-ci il tarixdə təsdiq olunmuş vahid seçicilər siyahısının tərtib edilməsindən sonra 30 gün yox, artıq 3 ay müddət keçmişdir. Həmçinin Məcəllənin 29.1-ci maddəsinin tələblərində olan 5 ildən bir müddəti də keçmişdir.

Belə olduğu halda, MSK bəzi seçki dairələrini qanunun tələb etdiyi qaydada təşkil etmədiyinə görə, seçki dairələri ərazində seçicilərin sayında uyğunsuzluqlar yaranıb. Məsələn, adıgedən maddəyə əsasən seçki dairələri ərazisində seçicilərin orta təmsilçilik sayı 40746 nəfər olmalıdır. Ancaq MSK-nın açıqladığı son rəsmi məlumatda seçki dairələri üzrə seçicilərin sayında orta təmsilçilik norması pozularaq kəskin fərqlər muşahidə olunub. Məsələn, 5 saylı Şahbuz-Babək seçki dairəsi ərazisində seçicilərin sayı  26980 nəfər,  78 saylı Lerik seçki dairəsi üzrə - 30093, 38 saylı Nizami birinci seçki dairəsi üzrə isə - 31943 nəfər göstərilib. Ancaq 9 saylı Binəqədi ikinci seçki dairəsi - 48053, 26 saylı Sabuncu birinci seçki dairəsi – 49042, 54 saylı Şabran-Siyəzən seçki dairəsi – 49599, 125 saylı Zəngilan – Qubadlı seçki dairəsində isə seçicilərin sayı 50579 nəfərdir.  

Qeyd edək ki, qanunda istisna hallar kimi göstərilmiş, hətta 10 faiz dəyişikliyin tətbiq olunması zamanı belə, bu qədər fərq yaranmır. Çunki 10 faiz fərq olduğu təqdirdə 40746 nəfərin uzərinə ya 4075 nəfər əlavə edilir və ya cıxılır.
Nəticə isə onu ifadə edir ki, seçki dairələri arasında olan balansın pozulması həm seçilən, həm seçən tərəflər üçün bərabərlik prinsipini pozmuş olur, həm də işləmək imkanlarını çətinləşdirir və bu da səsvermә hüququnun bәrabər olmasını şübhә altına qoyur.

VI. SECKİQABAĞI  SİYASİ-HÜQUQİ  MÜHİT 

A. SİYASİ ŞƏRAİT

1 noyabr 2015-ci ildə Milli Məclisə keciriləcək seçkilər insan hüquq və azadlıqları sahəsində 9 oktyabr 2013 prezident seckilərdən sonra yaranmış siyasi böhran dövrünə təsadüf edir. Prezident seçkilərindən sonra Azərbaycanda siyasi hüquqlar və fəaliyyət azadlıqları ciddi şəkildə məhdudlaşdırılmış, siyasi rəqiblərə qarşı təqib və təzyiqlər genişlənmişdir. Bu dövrdən etibarən, vətəndaş cəmiyyəti institutları, müstəqil media və müxalif  təşkilatlar təzyiq siyasətinin hədəfinə çevrilmişdir. İctimai sektorda, media sektorunda fəaliyyət göstərən çoxsaylı beynəlxalq QHT-lərin hesablarına həbs qoyulmuş, ofisləri bağlanmış, avadanlıqları zəbt olunmuş və fəaliyyətləri dayandırılmışdır. Donorların ölkə QHT-lərinə qrant verilməsi yolları hüquqi baxımdan əngəllənmişdir. Nəticədə tanınmış hüquq müdafiəçiləri, ekspertlər, hüquqşünaslar, vəkillər və ictimai şəxslərin daxil olduğu İşçi Qrupunun 12 avqust 2014-cü il tarixdə hazırladığı 98 nəfərlik siyasi və vicdan məhbusunun siyahısı meydana gəldi. Sənəd siyasi işlərə çıxan vəkil, hüquqşünaslar və hüquq müdafiəçiliyi ilə məşğul olan QHT təmsilçisi olan 28 nəfər tərəfindən imzalanıb. Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib. Xeyli sayda yerli və beynəlxalq təşkilatlar bu siyahını Azərbaycanda siyasi məhbusların vahid siyahısı kimi qəbul edib.

                             
Bu il Mayın 8-də siyasi məhbusların vahid siyahısını hazırlayan İşçi Qrupu bəyan edib ki, indiyədək verilən  əfv sərəncamları ilə və cəza müddətlərinin başa çatması nəticəsində elan olunmuş 98 nəfərlik siyahıda adları olan şəxslərdən 26 nəfəri azadlığa çıxıb. Buna görə də onların adları siyahıdan çıxarılıb. Amma siyasi məhbusların vahid siyahısı hazırlanıb ictimaiyyətə təqdim ediləndən sonra da siyasi motivli həbslər davam edib. AŞPA Qətnaməsində təsbit edilmiş kriteriyalara görə siyasi məhbus hesab edilən 8 nəfərin adını qeyd olunan siyahıya əlavə edib və daha bir neçə nəfərin həbsinin motivləri ilə bağlı araşdırmalar davam etdirilir. Daha sonra isə ilahiyyatçı Taleh Bağırzadənin həbs müddətinin bitməsilə siyahıdan 1 nəfərin də adı çıxarılmışdır. Beləliklə, yenilənmiş siyasi məhbusların vahid siyahısına 79 nəfər siyasi məhbusun adı  daxildir.   
       

Siyahıda siyasilərdən - REAL Vətəndaş Hərəkatının sədri, prezidentliyə keçmiş namizəd İlqar Məmmədov, Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov; hüquq  müdafiəçilərindən - Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunus, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri, həm də seçki məhbusu hesab edilən Anar Məmmədli, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov; jurnalistlərdən - "Azadlıq” radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıl, "Yeni Müsavat” qəzetinin əməkdaşı və Müsavat Partiyası başqanının mavini Tofiq Yaqublu, "Azərbaycan saatı” televiziya proqramının əməkdaşı  və AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi, "Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli,  "Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirov, "Tolışi Sədo” qəzetinin baş redaktoru Hilal Məmmədov, blogerlər Fərəc Kərimli,  Əbdül Əbilov, Ömər Məmmədov, Rəşad Ramazanov; gənc fəallar - NİDA Vətəndaş Hərəkatının üzvləri Rəşadət Axundov, İlkin Rüstəmzadə, Rəşad Həsənov, Məmməd Əzizov, ilahiyyatçı və inanclı şəxslər, digər AXCP və Müsavat Partiyası üzvləri və başqalarının adı yer almışdır. 
Adları qeyd olunanlar da daxil "Amnesty İnternational” Azərbaycanda həbsdə olan 20 nəfər şəxsi "vicdan məhbusu” adlandırıb.
 

Barələrində cinayət işi qaldırılmış və hökm çıxarılmış ictimai-siyasi fəalların ittiham olunduqları maddələr ağır cinayətlər kateqoriyasına daxil olduğundan, həmin şəxslər indi və məhkumluqları üzərlərindən götürülməyəcəyi təqdirdə gələcəkdə də Parlament və Prezident seçkilərində namizəd kimi iştirak edə bilməyəcəklər. Belə ki, Konstitusiyanın 85 və 100-cü maddələrinə əsasən, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər Azərbaycan Respublikası Milli Məclisinin deputatı və Azərbaycan Respublikasının Prezidenti seçilə bilməzlər.
Beləliklə, qarşıdan gәlən seçkilər beynəlxalq qurumların və yerli ictimai-siyasi təşkilatların çağırışlarına baxmayaraq, hakim partiya ilə әsas müxalif qüvvələr və vətəndaş cəmiyyəti arasında dialoqun yoxluğu ilə səciyyәlənәn siyasi mühitdə cәrәyan edir. 

B. MƏHKƏMƏ HAKİMİYYƏTİNİN DURUMU

Təəssüf ki, məhkəmələrin müstəqilliyi ciddi problem olaraq qalmaqdadır. Son seçkilərdən sonra pozuntuları görməzlikdən gələn seçki komissiyalarının qərarları məhkəmələrə daşınsa da, bütün məhkəmələrdə tək tip qərarlar qəbul edilmiş, pozuntular tanınmamış, vətəndaşların pozulan hüquqları bərpa edilməmiş və məsul şəxslər barəsində ölçü götürülməmişdir. Bu dövrdə heç bir vətəndaşın pozulan seçki hüququ daxili məhkəmə tərəfindən bərpa edilməmişdir. Halbuki Avropa İnsan Hüquqları Məhkəməsinə gedən və pozuntu olduğu aşkarlanan şikayətlərin hər biri bütün daxili məhkəmə instansiyalarından keçmiş, lakin heç bir instansiya bu pozuntuları "görməmişdir”. 

Ölkədə siyasi məhbusların sayının çoxluğu ədalətli məhkəmə sistemi probleminin aktuallığını qoruyur.  Son  illər bir qayda olaraq ictimai çıxışlarında sərt tənqidi fikirləri ilə, korrupsiya araşdırmaları ilə, insan hüquqları müdafiəsi fəaliyyəti ilə, pozulan hüquqların bərpası işi, aktiv siyasi fəaliyyəti ilə önə çıxan onlarla ictimai-siyasi xadim, jurnalist, QHT rəhbəri, hüquq müdafiəçisi, gənc bloger və s. müxtəlif "ittihamlarla” bu məhkəmələr tərəfindən həbsxanalara göndərilmiş, obyektiv araşdırma aparılmadan, ədalətli baxış sərgilənmədən uzunmüddətli azadlıqdan mərhum edilmişdir. İctimai əhəmiyyət daşıyan bu şəxslərin mühakimə prosesi demək olar ki, yarı-qapalı keçirilmiş, təqsirsizlik prizumpsiya hüququ kobud şəkildə pozularaq, onlar hətta məhkəmənin gedişində cəmiyyət üçün təhlükəli "cani” kimi xüsusi qəfəslərdə, hətta öz vəkillərindən də təcrid edilmişdir. 

İnzibati qərarların mübahisələndirilməsində, dovlət qurumlarının və vəzifəli şəxslərin qanunsuz hərəkətlərinin mübahisələndirilməsində məhkəmələr demək olar ki, həmişə tərəf tutmaqda, bu tip iddiaları obyektiv araşdırmadan rədd etməkdə, yaxud iddiaları qəbul etməməkdədir. 2014-cü ildə xüsusilə QHT-lərə, onların rəhbər və işçilərinə, jurnalistlərə qarşı atılan hüquqazidd əməllər, bank hesablarına həbs qoyulması, ofislərdə texnika və sənədlərin götürülməsi əməllərinə dair bütün məhkəmə işlərində bir qayda olaraq qərarlar inzibati orqanların lehinə olmuş, hətta bir çox halda hüquqları pozulan tərəfin şikayət vermə hüququ da tanınmamışdır. 
Məhkəmələr hakimiyyətin üçüncü müstəqil qolu və ədalətin bərpası olmaqdan çıxaraq ələbaxımlı duruma düşmüşdür. Cəmiyyətdə məhkəmələrə etibar ciddi şəkildə sarsılmışdır. 

C. İHAM SEÇKİ QƏRARI

2005-ci il parlament seçkilərindən sonra pozuntulara dair şikayətlərə baxan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) 11 qərarında seçki hüququnun pozuntusunu tanıyıb. Bəzi şikayətlərə baxılarkən  qərar qəbul edilmədən Azərbaycan tərəfi pozuntunu qəbul etdiyindən, qərar mərhələsinə keçilməyib.  2010-ci il 7 noyabrda kecirilən parlament seckilərinin nəticələri və secki dövründə qeydə alınmış pozuntularla bağlı onlarla deputatlığa namizəd İHAM - a şikayət gondərib. 44 saylı Sumqayıt-Abşeron secki dairəsindən namizədliyini irəli surən Oqtay Tahirovun işi uzrə 11 İyun 2015-ci ildə İHAM qərarını acıqlayıb. Avropa Məhkəməsi O.Tahirovun iddiası əsasında Konvensiyanın 1 saylı Protokolunun 3-cu maddəsi ilə təminat verilən secki huququnun pozulduğunu və dövlətin ərizəçiyə mənəvi ziyana gorə 7.500, hüquqi xidmətə görə isə 3000 avro məbləğində kompensasiya  ödənilməsini qərara alıb. 
AŞ NK-nin İHAM tərəfindən pozuntu müəyyən edilmiş seçki işləri üzrə baş vermiş pozuntuların struktural/kompleks xarakterli olduğu nəticəsinə gəlmişdir. AŞ NK seçki komissiyalarında və məhkəmələrində həyata keçirilən icraat zamanı lazımi qanunvericilik dəyişiklərinin edilməsini Azərbaycan Hökumətindən tələb edir. Azərbaycan Hökumətinin icra işi üzrə həyata keçirdiyi addımlar isə natamamdır. Nəticə etibarilə, AŞ NK Azərbaycan Hökumətinin seçki komissiyalarında gördüyü işlərin yetərsiz olduğu qənaətinə gəlib. 
Xatırladaq ki, hazırda Avropa Məhkəməsinin icraatında Azərbaycanda seckilərlə bağlı artıq kommunikasiya mərhələsi başa catmış və Hökumətin pozuntuları tanıdığı  35-dən artıq iş var. IDI  hesab edir ki, əgər bu şikayətlərin hamısı təmin edilərsə və ərizəçilərin hüquqlarının pozulduğu təsdiqlənərsə, həmin qərarların Azərbaycan seçki qanunvericiliyinə ciddi təsiri ola bilər və bundan nəticə çıxarmağa çağırır.

D. VƏTƏNDAŞ CƏMİYYƏTİ
 
1. HÜQUQİ ÇƏRÇİVƏ

17 dekabr 2013-cü ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununa 22, 17 oktyabr 2014-cü il tarixdə isə 4 olmaqla ümumilikdə cəmi 26 fərqli məhdudlaşdırıcı norma əlavə edildi və ya dəyişikliyə məruz qaldı. Qanunun qəbul edildiyi 2000-ci ildən bəri bir təşəbbüsdə ən çox dəyişiklik bu zaman kəsiyində oldu.  Təəssüf ki, məhdudlaşdırıcı əlavə və dəyişikliklər bu Qanuna olanlarla yekunlaşmayıb. Keçən qısa dövr ərzində "Qrant haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlara və İnzibati Xətalar Məcəlləsinə də müvafiq məhdudlaşdırıcı əlavə və dəyişikliklər edilib. Dəyişiklik və əlavələrin böyük əksəriyyəti qanunla müəyyən edilmiş birləşmək azadlığının sərhədlərini daraldan, tamamilə bu sektorun fəaliyyətini hökumət nəzarəti altında almaq, müstəqil mənbələrdən maliyyələşərək, ictimai sektorda nərarətçı funksiyası həyata keçirən QHT-lərin fəaliyətini minimuma endirmək, yaxud tamamilə dayandıran, icra hakimiyyəti orqanlarına sərhədsiz imtiyaz və səlahiyyətlər verən və demokratik cəmiyyətin davamlılığı üçün zərurilik şərti ilə ayaqlaşmayan, birləşmək azadlığını tamamilə icazə sisteminə bağlayan dəyişikliklərdir.

Qanunvericiliyə edilən əlavə və dəyişikliklərin bir hissəsi xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin yaradılması və fəaliyyət göstərilməsi ilə bağlı münasibətlərin yeni müstəviyə daşınması ilə bağlıdır. Daha öncə bu Qanun xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə şamil edilmir, sadəcə, yerli QHT və ictimai birliklərə, fondlara şamil edilirdi. Yeni dəyişikliklər müxtəlif hökumətlərarası Sazişlərlə ölkədə fəaliyyəti hüquqi çərçivəyə salınan və Azərbaycan Respubilkası Humanitar yardım Komissiyası tərəfindən koordinasiya edilən bu qurumlara ciddi nəzarət və məhdudiyyətlər gətirilmiş, bir çox halda daha geniş məhdudiyyətlərə məruz qoyulmuşdur.

Təəssüf ki,  gətirilən kütləvi məhdudiyyətlər birləşmək azadlığının mahiyyətinə uyğun gəlmir. Birləşmək azadlığı 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikası Konstitusiyasının 58-ci maddəsində hüquqi təminat altına alınmış, hüquqi və fiziki şəxslərin bu hüquqdan sərbəst faydalana biləcəyi nəzərdə tutulmuşdur. Azərbaycanın 2001-ci ildə ratifikasiya etdiyi Avropa İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyasının 11-ci maddəsində də birləşmək azadlığı hüququ təminat altına alınmışdır. Bu hüquqdan istifadənin məhdudlaşdırılması Konvensiyanın 11-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş əsaslarla mümkündür. 24 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Konstitusiya Qanununun 3.6-cı maddəsində də Konvensiyanın 11-ci maddəsinin 2-ci bəndində göstərilən eyni əsaslar sadalanmışdır. 

2. İÇTİMAİ MÜHİT

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 05.11.2013-cü ildə təsis edildikdən dərhal sonra dövlət qeydiyyatına alınmaq üçün Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq qanunsuz olaraq təşkilatın qeydiyyata alınmasından imtina edilmişdir. IDI bununla əlaqədar daxili məhkəmə instansiyalarına müraciət etsə də, məhkəmələr Ədliyyə Nazirliyinin imtinasını qüvvədə saxlamışdır. 06 aprel 2015-ci il tarixdə IDI hüquqarının təmin olunması üçün İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmişdir.

Qeyri-rəsmi araşdırmalara gorə hazırda ölkədə 3500-dən artıq QHT movcuddur. Onların 2500-ə yaxın QHT qeydiyyatdan keçib, 1000- dən yuxarı QHT isə dovlət qeydiyyatına alınmayıb. 150 - yə qədər daxili məhkəməyə müraciət edib. AHİM –nə isə hüquqlarını müdafiə etmək üçün 70 yaxın QHT baş vurub.
Seçkiqabağı vəziyyətdə ictimai mühit ondan ibarətdir ki, hüquqi çərçivənin xeyli dərəcədə məhdudlaşdırılması ilə yanaşı, ölkədə müstəqil vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyəti iflic edilib və onların gələcək fəaliyyət imkanları qeyri-müəyyən vəziyyətə salınıb. Ölkənin tanınmış vətəndaş cəmiyyəti institutlarının bəzilərinin rəhbərləri həbs edilib, çoxunun bank hesabları dondurulub,  müstəqil QHT-lərin xarici donorlarla işləməsinin qarşısı kəsilib.

Eyni zamanda, xarici donorların (Qərb mənşəli) Azərbaycanda fəaliyyəti də demək olar ki, qadağan edilib, onların bəzilərinin nümayəndəliklərinə qarşı da əsassız cinayət işləri qaldırılıb. Nəticədə ölkədə demokratikləşməyə və vətəndaş cəmiyyətinin inkişafına çox mühüm dəstək verən ABŞ Beynəlxalq Əlaqələr Üzrə Milli Demokratiya İnstitutu, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (Soros Fondu), İREX Təşkilatı, "World Vision” təşkilatı, Fridrix Nauman Fondu və bu kimi başqa təşkilatlar ölkəni tərk ediblər.

Vətəndaş cəmiyyətinə qarşı basqılar nəticəsində ölkədə müstəqil hüquq müdafiə institutu da sıradan çıxarılır. Ona görə də hazırda bu sahədə fəaliyyət göstərən müstəqil və peşəkar hüquq  müdafiəçiləri demək olar ki, qalmayıb. Eyni zamanda, siyasi məhbusların hüquqlarını müdafiə edən vəkillərə qarşı da geniş təzyiq kampaniyası aparılır. Müstəqil vəkillər Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov,  Aslan İsmayılov, Elçin Namazov, Qurban Məmmədov və başqaları siyasi məhbusları müdafiə etdikləri üçün cəzalandırılaraq Vəkillər Kollegiyasından xaric ediliblər. 

E. SƏRBƏST TOPLAŞMA

1. HÜQUQİ ÇƏRÇİVƏ 

Qanunvericiliyin vəziyyətini qiymətləndirərkən qeyd etmək lazımdır ki, sərbəst toplaşmaq azadlığını tənzimləyən Konstitusiya norması qənaətbəxş olsa da, 24 dekabr 2002-ci il tarixdə Milli Məclis tərəfindən Konstitusiyanın tələbinə zidd şəkildə Konstitusiyanın əsas mətni ilə eyni hüquqi qüvvəyə malik olan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu insan hüquqları ilə bağlı bir çox məqamı, o cümlədən bu hüquqların ehtiyac olandan daha artıq məhdudlaşdırılmasına şərait yaratmışdır. 13 noyabr 1998-ci ildə qəbul edilən "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanun isə ümumiyyətlə nə Konstitusiyaya, nə 2002-ci ildə qəbul edilən Konstitusiya Qanununa, nə də 2001-ci ildə Milli Məclisdə ratifikasiya edilərək ölkəmizin qoşulduğu "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 11-ci maddəsinin tələblərinə cavab vermir. 

Bütün bunlardan da aydın şəkildə bəlli olur ki, istər Seçki Məcəlləsində, istərsə də məcəllənin referans kimi yönləndiyi sərbəst toplaşmaq haqqında Qanunun məhdudlaşdırıcı normaları sərbəst toplaşmaq hüququnun özünü zədələyən formaya salınıb və birbaşa konstitusion hüquqların, Avropa Konvensiyasının 11-ci maddəsinin, habelə seçki hüquqlarının pozulmasıdır.
Bu qanunun yenidən işlənərək azadlığın mahiyyətini qoruyan müddəalar gətirilməsinə böyük zərurət var.

Sərbəst toplaşma hüququna görə müəyyən olunan inzibati cəza

Sərbəst toplaşma hüququndan istifadə imkanları məhdudlaşdırılmaqla bərabər, bu hüququndan istifadə etmək istəyənlərin qarşısına ağır cəzalar gətirilmişdir. 02 noyabr 2012-ci ildə İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi qüvvədən düşürülərək yerinə yeni tənzimləmə olan maddə əlavə edildi. Burda diqqəti çəkən ən önəmli məqam budur ki, 2012-ci ildə cərimənin maksimum həddi 13 manat olduğu halda, hazırda bu miqdar 30 min manata qədər yüksəldilmişdir. Beləliklə, bütün dönəmlərin rekordu təzələnmiş bir maddənin sanksiyası 2307 dəfə artırılmışdır. Ayrıca, cərimənin bu qədər artırılması ilə də kifayətlənilməmiş, iki yüz qırx saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs cəzası da maddənin sanksiyalarına əlavə edilmişdir. Bununla da kifayətlənməyən qanunqoyucu maddəyə bir də qeyd vermiş, " Qeyd: Bu Məcəllənin 298.1-ci və 298.2-ci maddələrində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur”- deməklə sərbəst toplaşmaq hüququndan istifadə etməni ən təhlükəli hal kimi cinayət əməli olaraq görmüşdür. 

2. SƏRBƏST TOPLAŞMA MÜHİTİ

Ölkə miqyasında sərbəst toplaşmaq azadlığı tam şəkildə məhdudlaşdırılıb, yalnız Bakı şəhərində yarımqapalı "Məhsul” stadionunda müxalif partiyaların bəzən mitinqlər keçirməsinə imkan verilir. Orada mitinq keçiriləndə isə həmin istiqamətdə hərəkət edən ictimai nəqliyyat vasitələrinin  hərəkəti əvvəlcədən məhdudlaşdırır, mitinqə qatılmaq istəyənlərin qarşısında süni maneələr yaradılır, mitinqə gələnləri polis nümayişkaranə şəkildə videolentə alır və sonra həmin görüntülər əsasında vətəndaşlara təzyiq göstərilir. 

Milli Şuranın bildirdiyinə görə 2015-ci ilin yazında keçirdiyi mitinqlər zamanı aksiyanın yeri və vaxtı təşkilatçılarla  razılaşdırılmadan icra hakimiyyəti tərəfindən birtərəfli qaydada müəyyən edilmiş və məqsədli şəkildə elə vaxt seçilmişdir ki, insanlar mitinqə  kütləvi şəkildə gələ bilməsinlər.
Müxalif siyasi partiyaların və müstəqil QHT-lərin bildirdiyinə görə hələ də bir çoxunun Bakıda ofis yerləri yoxdur və fəaliyyətləri regionlarda davamlı məhdudlaşdırılır. Həmçinin qapalı məkanlarda konfrans, dəyirmi masa və s. formatlarda ictimai toplantılar keçirmək demək olar ki, mümkünsüz hala gəlib və onlar  ciddi maneçiliklərlə üzləşdikləri vurğulanır.

VII. MEDİA

A. HÜQUQİ ÇƏRÇİVƏ

Konstitusiya ifadə azadlığını, mətbuat azadlığını və informasiya əldə etmək hüququnu təsbit edir. Lakin böhtan üç ilə qədər azadlıqdan məhrum etmə məsuliyyəti daşıyan cinayət əməli olaraq qalmaqdadır. Həmçinin qeyri-mütanasib maliyyə sanksiyaları ilə müşayiət olunan mülki difamasiya ittihamları media orqanlarının "de- facto” bağışlanması ilə nəticələnir. 

Əksəriyyət veb səhifələrin bağlanmaması və birbaşa senzuranın olmaması səbəbindən İnterneti azad məkan kimi qəbul etsə də, lakin onlayn məkanda fəal olan şəxslərin həbsləri və onlara qarşı təqib halları artmaqdadır. 4 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinə edilən son dəyişikliklər məhz İnternet informasiya ehtiyyatlarının üzərinə diffamasiya müddəalarının tətbiqini qanuniləşdirmişdir.

Bundan başqa, Parlament tərəfindən 12 iyun 2012-ci il tarixdə "İnformasiya əldə etmək haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və "Kommersiya sirri haqqında” qanunlara dəyişikliklər qəbul olunmuşdur. Hüquqi çərçivədə tətbiq edilən qeyd olunan son dəyişikliklər informasiya əldə etmək haqqında Konstitusiyada təsbit olunmuş hüquqlara lüzumsuz məhdudiyyət qoymuşdur. 

B. MEDİA MÜHİTİ

Seçkiqabağı mühiti nəzərdən keçirərkən müstəqil medianın üzləşdiyi vəziyyət xüsusilə narahatlıq doğurur. Ölkədə olan TV-lər tamamilə hakim siyasi qüvvənin nəzarəti altındadır. Mövcud TV-lərdən 3 kanalla efirdə olan AZTV və  İTV birbaşa dövlətdən maliyyələşir, yerdə qalan 5 TV kanalı isə hakim elitaya bağlı hesab olunur və serial çəkimlərinə dəstək adı altında müxtəlif dövrlərdə büdcə yardımları alır. Bu TV-lərdə xəbərlər daim təktərəfli və təbliğat xarakterlidir, aktual ictimai-siyasi debatlılıq yoxdur, canlı yayımlarına ictimai müzakirələr aparılmır,  müxalif və ya tənqidi fikir söyləyən müstəqil şəxslərin üzünə qapalıdır.

Bir-iki çap mediası istisna olmaqla KİV-lərin fəaliyyəti senzuralaşmışdır. Təzyiqlər və ya yaradılmış çətinlikliklər nəticəsində "Azadlıq” qəzeti və Turan İnformasiya Agentliyi istisna olmaqla, müstəqil mətbuat orqanları ya fəaliyyətini dayandırmağa məcbur olub, ya da siyasi konyuktura uyğunlaşdırıb.
"Azadlıq” qəzetinin mühacirətdə olan baş redaktoru Qənimət Zahid tərəfindən yaradılan və Türkiyədən yayımlanan, həftədə iki saat efirə çıxan "Azərbaycan Saatı” TV proqramının ölkədə olan əməkdaşlarının bəziləri həbs edilib. Bəziləri də mühacirətə getməyə məcbur olduğu üçün proqramın yaradıcı heyəti ancaq Avropa ölkələrində fəaliyyətlərini davam etdirə bilirlər. Bu yaxınlarda isə Qənimət Zahidin üç yaxın qohumu şübhəli şəkildə həbs edilib. Bu həbslər "Azərbaycan Saatı” TV proqramının fəaliyyətinə görə Q.Zahidə təzyiq  kimi qiymətləndirilir.

Digər bir  müstəqil  media layihəsi olan "Meydan " TV-nin əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulub. Bildirilir ki, təzyiq nəticəsində "Meydan” TV-nin rəhbəri Emin Millinin 23 qohumu onunla qohumluqdan imtina etdiklərini imzalayaraq bəyanat yayıblar. 
4 ildən artıqdır, FM tezliyindən məhrum edilərək, ölkədə yayımına imkan verilməyən "Azadlıq”, "Amerikanın səsi” və BBC radiostansiyalarının normal fəaliyyətinə qadağa  qoyulub.  2014-cü ilin dekabrında isə "Azadlıq” radiosunun Bakıdakı ofisi bağlanılıb və radonun əməkdaşı Xədicə İsmayıl qondarma ittihamla həbs edilib.

"Diffamasıya haqqında” Qanunun qəbul olunmaması medanın ciddi problemlərindən biri olaraq qalmaqdadır. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İnsan Hüquqları sahəsində Milli Fəaliyyət Proqramına "Diffamasiya haqqında” Qanunun qəbul edilməsini daxil etsə də, bu qanun layihəsi Parlamentdə müzakirəyə çıxarılmadı. Rəsmi qurumların təmsilçiləri ictimai çıxışlarda diffamasiya qanununun qəbulu halında cəmiyyətdə zorakılığın artacağını, jurnalistlərin fərdi cəzalandırılacağını irəli sürdülər. Bu tip təbliğat təssüf ki mənfi nəticə verdi. İfadə azadlığına dözümsüzlüyün nəticəsi olaraq media təşkilatı olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi, www.ann.az saytının jurnalisti Rasim Əliyev 2015-ci il avqust ayında bir qrup tərəfindən döyülərək öldürüldü. 
Beləliklə, həbslər, diffamasiya üzrə məhkəmə prosesləri, yüksək maliyyə sanksiyaları  və jurnalistlər üzərində digər təzyiq formaları Azərbaycanda media azadlığına ciddi təsir edir və demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır.

VIII. SECKİÖNCƏSİ VƏZİYYƏTİN MONİTORİNQİ ÜZRƏ NƏTİCƏLƏR VƏ TÖVSİYƏLƏR

A. IDI Parlament seckiləri öncəsi vəziyyətlə bağlı aşağıdakı yekun nəticələrə gəlir:

• Yerli və beynəlxalq təşkilatların, aparıçı Qərb ölkələrinin cağırışlarına baxmayaraq, hakimiyyət siyasi və vicdan məhbusu kimi tanınan şəxslərin həbsdən azad edilməsini təmin etməyib; 
• Seçki Məcəlləsinin ATƏT və Avropa Şurası Venesiya Komissiyasının tövsiyyələri əsasında təkmilləşdirilməsi baş verməyib. Əksinə, mövcud secki qanununa edilən son dəyişikliklər ictimai ehtiyaclar və Venesiya Komissiyasının rəyi öyrənilmədən həyata kecirilib. 
• ATƏT DTİHB tərəfindən 2010 parlament, 2013 prezident seckilərindən sonra tövsiyə və təkliflər kimi verilmiş olan ölkədə azad, ədalətli və şəffaf seckilərin kecirilməsi üçün siyasi şəraitin demokratikləşdirilməsi yönundə nəinki ciddi tədbirlər həyata kecirilib, hətta daha çox məhdudiyyətlər yaradılıb. 
• Sərbəst toplaşmaq və birləşmək azadlığnın təmin olunması sahəsində müsbət dəyişikliklər baş verməyib, əksinə şərait pisləşdiyinə görə siyasi partiyalar və QHT-lərin ölkə uzrə fəaliyyəti ciddi məhdudiyyətlərlə muşayiət olunur;
• Söz və mətbuat azadlığının təmin olunması yönundə nailiyyətlər əldə olunması, televizayalarda siyasi pluralizmin qorunması əvəzinə media mühiti daha da pisləşib. 
• Secici siyahılarının tərtibi ilə bağlı  proses həyata kecirilərkən aşkarlıq təmin edilməyib, Dovlət Statistika Komitəsinin ölkə əhalisinin sayı ilə bağlı məlumatları ilə MSK- nın daimi seçicilər siyahısı arasındakı uyğunsuzluqlar araşdırılmayıb.
• Secki dairələri ərazisində qeydiyyatda olan seçicilərin sayı qanunvericiliyin tələblərinə cavab verməyən şəkildə tərtib edilib. 

İDİ 1 noyabr 2015-ci ildə keciriləcək Parlament seçkiləri öncəsi vəziyyətlə bağlı aşağıdakıları təklif edir: 

• Yerli və beynəlxalq təşkilatlarının, aparıcı Qərb ölkələrinin cağırışlarına diqqət yetirilməli, demokratik seçki mühitinin yaradılması üçün siyasi və vicdan məhbusu kimi tanınan şəxsləri həbsdən azad edilməlidir;
• Azad və ədalətli seckilərin kecirilməsi ucun söz və ifadə azadlığı təmin edilməli, habelə həbsdə olan jurnalistlər, blogerlər azad edilməlidirlər;
• Seçki Məcəlləsinin ATƏT və Avropa Şurası Venesiya Komissiyasının tövsiyələri əsasında təkmilləşdirilməsi istiqamətində yerli və beynəlxalq təşkilatların hüquqi təşəbbüsləri dəstəklənməlidir.
• MSK tərəfindən qəbul olunmuş normativ xarakterli aktların Seçki Məcəlləsilə  uyğunsuzluqları aradan qaldırılmalı, Məcəllənin tələbləri və beynəlxalq qurumların müvafiq tövsiyələri yerinə yetirilməlidir.
• Sərbəst toplaşmaq və birləşmək azadlığnın təmin olunması yönündə ciddi tədbirlər həyata kecirilməli, bu məqsədlə siyasi partiyalar və QHT-lərə sərbəst fəaliyyət imkanları yaradılmalıdır.
• Piket, mitinq və yuruşlərin kecirilməsi ucun mərkəzdə yerlər müəyyən olunmalı və aksiyaların təhlükəsizliyi təmin edilməlidir;
• Seçki komissiyalarına və seçki prosessinə yerli icra strulturlarının, vəzifəli şəxslərin müdaxilələrinə birdəfəlik son qoyulmalıdır;
• Məhkəmə hakimiyyətinin müstəqilliyi təmin edilməli, məhkəmələrə və  hakimlərə siyasi basqılar aradan qaldırılmalıdır;
• Seçkilərdə ictimai etimadın və rəqabətli mühitin yaradılması üçün televiziyalarda, o cümlədən İctimai televiziyada muxalif və mustəqil namizədlərin debatları təşkil edilməli, fikir pluralizmi təmin edilməlidir;
• Seçki dairələrinin təşkili zamanı yaranan qeyri-bərabərlik araşdırılmalı və seçicilərin orta təmsilçilik norması təmin olunmalıdır. 
• MSK secici siyahılarının vəziyyəti ilə bağlı meydana çıxan qüsurları aradan qaldırmaq üçün tədbirlər həyata kecirməlidir;
• Seşki komissiyalarının üzvləri və hakim korpusuna  seçki qanunvericiliyinin tətbiqi və buna dair İnsan Hüquqları üzrə Avropa Konvensiyası, eləcə də İHAM-ın presdent hüququnun istifadəsini stimullaşdırmaq üçün səmərəli təlimlər keçirilməlidir.

İDİ İdarə Heyəti
31 avqust 2015-cu il, Bakı şəhəri”