IDI-nin Parlament seçkiləri zamanı "müraciət və şikayətlərə baxılmasının monitorinqinin ilkin nəticələri" ilə bağlı HESABATI

30-10-2015 19:48
IDI-nin Parlament seçkiləri zamanı
Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) 1 noyabr 2015-ci il Parlament seçkiləri zamanı "müraciət və şikayətlərə baxılmasının monitorinqinin ilkin nəticələri" ilə bağlı hesabatı.

Monitorinqin tam mətnini: 

GİRİŞ

IDI seçkilərə rəsmi start verildikdən sonra MSK-da və məhkəmələrdə şikayət və müraciətlərin baxılmasının monitorinqini aparır və 1 sentyabr - 27 oktyabr 2015-ci il tarixli müddət ərzində baxılmış şikayətlər üzrə monitorinqin ilkin nəticələrini təqdim edir. Monitorinq aparılan zamanı MSK və məhkəmələrin iclasları izlənilmiş, verilmiş qərarlar təhlil edilmiş, iddiaçı və cavabdeh tərəflərin mövqeləri öyrənilmişdir.  IDI bildirir ki, seçkilər öncəsi və səsvermədən sonrakı şikayət və müraciətlərin araşdırılması,  baxılması daha geniş təhlil olunacaq və seçkilərdən sonra monitorinqin tam nəticələrinə dair yekun hesabat açıqlanacaqdır.

Mərkəzi Seçki Komissiyasında şikayətlərin baxılması

Seçki Məcəlləsinin 112-ci maddəsinə görə seçicilər, namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri, müşahidəçilər, habelə seçki komissiyaları vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) şikayət edə bilərlər. Seçki komissiyalarının seçki hüquqlarını pozan hərәkәt vә qәrarlarına daha yüksәk sәviyyәli seçki komissiyasında baxıla bilər. Seçki komissiyalarının şikayәtlәrә dair qәrarlarından, habelә MSK qәrar vә hәrәkәtlәrindәn Apellyasiya Mәhkәmәsinә şikayәt etmәk olar. Apellyasiyadan isə Ali Məhkəməyə şiakyət etmək mümkündür. Şikayət və ya müraciəti təqdim etmәk üçün vaxt müddəti, pozuntunun baş verdiyi vә ya qәrarın çıxarıldığı gündәn sonrakı 3 gündür. Seçkilərə 30 gün qalmışadək 3 gün ərzində, seçkilərə 30 gün qalmışdan etibarən və seçkilər günundən sonrakı 2-ci gündən etibarən  2 gün ərzində, seçki günü və nöbəti gün isə dərhal baxılır, qәrar çıxarılır.

Seçki Mәcəlləsi seçki ilә bağlı mübahisələrә baxılması üçün müvafiq olaraq MSK-da 9 və DSK-da 3 nəfərdən ibarət ekspert qrupunun yaradılmasını nəzərdə tutur.

1 noyabr 2015-ci il parlament seckilərinin ilkin mərhələsində, yəni namizədlərin irəli surulməsi və qeydiyyatı prosesində dairə secki komissiyalarının hərəkətlərindən və hərəkətsizliklərindən olunan şikayətlərin əksəriyyəti obyektiv surətdə araşdırılmayıb. Qeyd edək ki, MSK-nın  rəsmi internet unvanında verilən məlumata gorə, parlament seckilərinin bu mərhələsində  daxil olmuş şikayətlər üzrə MSK 97 qərar verib. Bu şikayətlərdən 20-i  təmin edilib (18 namizədin qeydiyyatı, 1 inzibati orqanın törətdiyi pozuntu, 1 qanunsuz təşviqatla bağlı )  9 şikayət (3 namizədin qeydiyyatı, 3 inzibati orqanın törətdiyi pozuntu, 3 qanunsuz təşviqatla bağlı) aidiyyatı qaydanın pozulması ilə daxil olduğu ucun DSK- lara gondərilib, 6 şikayətə (5 namizədin qeydiyyatı, 1 qanunsuz təşviqatla bağlı) xitam verilib,  62 şikayətin ( 60 namizədin qeydiyyatı, 2 inzibati orqanın törətdiyi pozuntu ilə bağlı) isə əsassız olması adı ilə təmin edilməyib. 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası AR Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə əsasən dairə seçki komissiyalarının qərarlarından verilmiş şikayətlərə baxılması üçün səlahiyyətlidir. Qanunvericiliyə görə MSK-da şikayətçinin iştirakını təmin etməklə araşdırma aparılmalıdır. MSK-ya şikayət daxil olduqdan dərhal sonra MSK  müvafiq  DSK-dan şikayət verilmiş qərarla əlaqəli sənədləri tələb edir. Bundan sonra MSK-da araşdırmanın aparılmasını MSK-nın nəzdində yaradılmış ekspert qrupuna həvalə edilir. Müşahidələr göstərir ki, praktikada MSK-nın səlahiyyətləndirilmiş ekspert qrupunun üzvü özü müstəqil və ayrıca araşdırma aparmır. Bunun əvəzinə şikayətindən qərar verilmiş DSK-ya həmin qərarın əsaslandırılması üçün lazımi sənədləri və arayışları toplamağı həvalə edir. Müvafiq DSK MSK-nın ekspert qrupunun üzvünün tələb etdiyi  sənədləri topladıqdan sonra ekspert qrupunun üzvü həmin DSK-nın apardığı araşdırma əsasında rəyə gəlir və qərar qəbul edilməsi üçün MSK-ya qərar lahiyyəsini təqdim edir. Qeyd edildiyi kimi faktiki olaraq MSK-nın ekspert qrupunun üzvü yeni və ayrıca araşdırma aparmır. Beləliklə də praktikada qərarından şikayət verilmiş DSK özü də həmin qərarın mübahisələndirilməsi ilə əlaqədar şikayət instansiyasında müvafiq araşdırmanı aparmış olur. 

MSK-nın ekspert qrupunun üzvü yalnız şikayət araşdırılmamışdan əvvəl şikayətçini əlavə sübut və materiallarının olub-olmadığı barədə məlumalandırır və təklif edir ki, varsa təqdim etsin. Müşahidələrə əsasən demək olur ki, bir sıra hallarda MSK-nın ekspert qrupunun araşdırmasında şikayətçinin iştirakı təmin edilmir. 

Bundan əlavə, MSK-nın nəzdində digər seçki komissiyalarında olduğu kimi seçici imzalarının və digər sənədlərin yoxlanılması üçün işçi qrupu yaradılır. Praktikada bu işçi qrupunda aparılan yoxlama prosesinə şikayətçilər dəvət edilmir. Bir çox hallarda işçi qrupunun ekspert və mütəxəssislərinin rəyləri və işçi qrupunun protokolu şikayətçilərə təqdim olunmur. Bir çox hallarda şikayətçilər işçi qrupunun sənədlərini yalnız məhkəmə prosesindən əvvəl iş materialları ilə tanış olduqda əldə edə bilirlər. 

Secki Məcəlləsinin 59.3-cü maddəsi namizədlərin qeydiyyata alınması ucun imzaların yoxlanılması prosesində namizədlər, onların səlahiyyətli numayəndələri, siyasi partiyaların (siyasi blokların) səlahiyyətli numayəndələrinə iştirak etmək hüququ verib. Bunun üçün muvafiq secki komissiyaları yuxarıdakı sozgedən tərəflərə imzaların yoxlanması barədə əvvəlcədən məlumat verməlidirlər. 59.13-cü maddəyə görə hər bir namizəd üzrə imza vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi qrupunun tərtib etdiyi protokolun, rəyin və cədvəlin surəti namizədin qeydə alınması məsələsinə baxan seçki komissiyası iclasının başlanmasına azı 24 saat qalmış həmin şəxslərə verilir. Həmçinin Məcəllənin 58.2.-ci maddəsinə görə 58.1.2 — 58.1.6-cı maddələrdə göstərilən sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilərsə, müvafiq seçki komissiyası namizədi 48 saat müddətində məlumatlandırmalı və buraxılan səhvlərin düzəldilməsini təklif etməlidir. Göstərilən tələb məcburi xarakter daşısa da, secki komissiyaları bu şəxslərə bir çox hallarda imzaların yoxlanması zamanı əvvəlcədən məlumat verməyiblər. 

Məhkəmələr tərəfindən iddia ərizələrinə (kassasiya şikayətlərinə) baxılma

Statistik xülasə

Monitorinq aparılan dövr (28.09.2015-27.10.2015-ci il tarxiləri) üzrə apelyasiya instansiyası məhkəmələri və AR Ali Məhkəməsi tərəfindən baxılmış işlərin statistikasını aşağıdakı kimi ümumiləşdirmək mümkündür (Qeyd: bütün apellyasiya instansiyası məhkəmələrinin rəsmi statitik məlumatları ictimaiyyətə tam açıq olmadığına görə məlumatda natamamlıqlar ola bilər; bu xülasə müşahidə edilə bilən məlumatları əhatə edir):

• Bu dövr ərzində Bakı Apellyasiya Məhkəməsi tərəfindən seçki şikayətlərinə dair iddia ərizələri üzrə 33 işə baxılıb. Verilmiş şikayətlərdən 31 şikayət namizədliyin qeydiyyata alınmaması, 1 şikayət seçki hüquqlarının pozulması, 1 şikayət isə digər namizədlərin qeydiyyatının ləğv edilməsi tələbi ilə əlaqəli olub. Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış işlərdən:

a) 27-nə dair mahiyyət üzrə qərar qəbul edilib. Mahiyyət üzrə baxılmış 27 işdən 26-da iddia tələbi təmin edilməyib. 1 iş üzrə isə iddia tələbi qismən təmin edilərək iş yenidən araşdırılması üçün AR MSK-ya göndərilib (MSK həmin iş üzrə şikayəti təmin edib);

b)  6-na dair isə iddianın mümkünlüyü və aidiyyətinə dair qərar (qərardad) qəbul edilib. İddianın mümkünlüyü və aidiyyətinə dair qəbul edilmiş 6 qərardan 4-ü iddianın aidiyyəti ilə bağlı olub, 2 halda isə iddia mümkün sayılmayıb;

• Bu dövr ərzində Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən seçki şikayətlərinə dair iddia ərizələri üzrə azı 4 işə baxılıb (Qeyd: bu məlumat natamamdır; çünki Sumqayıt Apellyasiya Məhkəməsinin seçki şikayətlər üzrə işlərə baxılması haqqında məlumatları tam əldə etmək mümkün olmamışdır; bu məlumat müşahidə edilə bilən məlumatlara əsaslanır). Verilmiş şikayətlərin hamısı namizədliyin qeydiyyata alınmaması ilə əlaqədar olub. Həmin işlər üzrə iddia tələbi təmin edilməyib;

• Bu dövr ərzində Şirvan Apellyasiya Məhkəməsi tərəfindən seçki şikayətlərinə dair iddia ərizələri üzrə 12 işə baxılıb. Verilmiş şikayətlərin hamısı namizədliyin qeydiyyata alınmaması ilə əlaqədar olub. Həmin işlərin hamısına mahiyyət üzrə baxılıb. Həmin işlərdən 11-si üzrə iddia tələbi təmin edilməyib. 1-i üzrə isə iddia tələbi qismən təmin edilərək iş yenidən baxılması üçün AR MSK-ya göndərilib (həmin şikayət AR MSK tərəfindən yenidən təmin edilməyib; şikayətçi yenidən məhkəməyə müraciət edib; Şirvan Apellyasiya Məhkəməsi bu şikayəti təmin etməyib; bu şikayət 11 təmin edilməmə qərarlarının daxilində sayılır);

• Bu dövr ərzində Gəncə Apellyasiya Məhkəməsi tərəfindən seçki şikayətlərinə dair iddia ərizələri üzrə azı 4 işə baxılıb (Qeyd: bu məlumat natamamdır; çünki Gəncə Apellyasiya Məhkəməsinin seçki şikayətlər üzrə işlərə baxılması haqqında məlumatları tam əldə etmək mümkün olmamışdır; bu məlumat müşahidə edilə bilən məlumatlara əsaslanır). Verilmiş şikayətlər namizədliyin qeydiyyata alınmaması ilə əlaqədar olub. Həmin işlər üzrə iddia tələbi təmin edilməyib;

• Bu dövr ərzində AR Ali Məhkəməsi tərəfindən seçki şikayətlərinə dair apellyasiya məhkəmələrinin qərarlarından verilmiş kassasiya şikayətləri üzrə 30 işə baxılıb (həmin işlərdən 27-nin nəticələri barədə məlumatlar əldə etmək mümkün olmuş, lakin 3 işin nəticələri barədə məlumatları əldə etmək mümkün olmamışdır; ona görə də aşağıda differensasiya edilən işlər məlumatları əldə edilən 27 işin nəticələrinə söykənir). Bu işlərdən:

a) 1 iş üzrə kassasiya şikayəti təmin edilməyərək apellyasiya məhkəməsinin aidiyyət qərarı qüvvədə saxlanılıb;
b) 1 iş üzrə kassasiya şikayəti mümkün sayılmayıb;
c) 25 iş üzrə isə kassasiya şikayəti təmin edilməyərək iddia tələblərinin təmin edilməməsinə dair apellyasiya məhkəməsinin qərarları qüvvədə saxlanılıb;

• Nəticə etibarilə, məhkəmələrin işin mahiyyət üzrə baxılmasına aid olmayan aidiyyət qərarlarını nəzərə almasaq bu dövr ərzində verilmiş 76 seçki şikayətinin (49 iddia ərizəsi, 27 kassasiya şikayəti olmaqla) məhkəmələr tərəfindən baxılmasının vəziyyəti aşağıdakı kimidir:

a) 2 (hər ikisi iddia ərizəsidir) məhkəmələr tərəfindən qismən təmin edilib;
b) 3 seçki şikayəti (2 iddia ərizəsi və 1 kassasiya şikayəti) mümkün sayılmayıb;
c) 71 seçki şikayəti (45 iddia ərizəsi və 26 kassasiya şikayəti) mahiyyət üzrə baxılaraq təmin edilməyib.

Məhkəmələr  tərəfindən şikayətə baxılmanın ümumiləşdirilmiş monitorinqi

Azərbaycan Respublikası Seçki Məcəlləsinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına əsasən namizədliyin qeydiyyata alınmaması barədə Mərkəzi Seçki Komissiyasının qərarları ilə bağlı şəxslərin yaşayış yeri üzrə apellyasiya instansiya məhkəmələrində müvafiq iddia tələbi verilir. İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Apellyasiya Məhkəmələrində işə baxılma

Namizədliyin qeydiyyata alınmaması ilə bağlı iddia ərizələri apellyasiya instansiya məhkəmələri tərəfindən praktikada əsasən aşağıdakı qaydada araşdırılıb:

• Apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları işlərə formalist üslubla yanaşıb və çox qısa müddətdə baxıb. Belə ki, verilmiş iddia ərizələri və iddiaçıların yaxud onların nümayəndələrinin məhkəmədə izahatlarının məzmunu ilə tanış olduqdan sonra orada qaldırılmış məsələlərdən heç biri ilə bağlı sual verilmir, araşdırılması tələb oluna biləcək sübutlar tələb edilmirdi. Əsasən iddiaçılar məhkəmədə izahat verdikdən  sonra cavabdeh təşkilat - Mərkəzi Seçki Komissiyasının nümayəndəsi izahat verirdi. 

• Bundan sonra, iddiaçının irəli sürdüyü vəsatətlər kifayət qədər qısa müddətdə və demək olar ki, heç bir müzakirə aparılmadan rədd edilirdi. Vəsatətlər nəzərdən keçirilərkən onların məzmunu ağlabatan müddətdə müzakirə olunmurdu. Məhkəmə kollegiyaları vəsatətlərlə tanış olduqdan sonra cavabdeh təşkilatın nümayəndəsindən mülahizəsi olub-olmadığını soruşurdular. Cavabdeh  təşkilatın nümayəndəsi isə vəsatətlə razı olmadıqlarını və rədd edilməsini xahiş etdiklərini bildirirdi. Bundan sonra, kollegiyalar yerində qısa müşavirə edərək vəsatətləri rədd edirdilər. Belə "müşavirə” və ya hakimlərin müzakirəsi bir çox hallarda bir dəqiqə belə çəkmirdi. Baxmayaraq ki, qanunvericiliyə görə sədrlik edən hakim vəsatəti rədd etdikdən sonra kollegiyanın mövqeyi ilə vəsatəti qaldırmış tərəfi məlumatlandırmalıdır. Amma demək olar ki, heç bir işdə vəsatət vermiş iddiaçılara belə bir izah verilməyib. İddiaçıların qaldırdıqları vəsatətlər əsasən iş materialları ilə tanış olma və sənədlərlə tanış olma, MSK-nın işçi qrupu tərəfindən etibarsız sayılmış imzaların səhihliyinin yoxlanılması ilə bağlı məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi, imza vermiş seçicilərin şəxsiyyət vəsiqəsi məlumatlarının alınması, şahidlərin məhkəməyə dəvət edilib dindirilməsi ilə bağlı olub. Məhkəmələr bu vəsatətlərdən yalnız iş materialları ilə tanış olma vəsatətlərini qismən təmin edib. Amma tərəf iş materialları ilə tanış olsa da, onlara sənədlərin surətləri bir çox hallarda surətçıxarma maşını ilə çıxarılıb təqdim edilmirdi. Digər vəsatətlər isə qeyd edildiyi kimi avtomatik rədd olunurdu. Məhkəmələr nə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edib, nə də tələb olunan şahidləri məhkəməyə dəvət edib dindirirdi. 

• İşlər üzrə məhkəmə araşdırması və tərəflərin çıxışları yekunlaşdıqdan sonra məhkəmə kollegiyası qanunvericiliyə uyğun olaraq  məhkəmə zalından kənarda müşavirəyə gedərək qərar qəbul etməlidir. Bir çox hallarda müşahidə olunan hal ondan ibarət idi ki, hakimlərin qərar qəbul etmək müşavirəsi çox qısa davam edir. 

• Ümumilikdə, məhkəmə iclasları AR İnzibati Prosessual Məcəlləsinin 1.2 və AR Mülki Prosessual Məcəlləsinin 172-213-cü maddələrinin tələbləri pozulmaqla həyata keçirilirdi. Sübutlar elan olunmurdu, tərəflər sübutları araşdırmağa dəvət olunmurdu. Sədrlik edən hakimlər işləri bir çox hallarda məruzə etmirdilər. Bir sıra hallarda məhkəmə iclas protokolları tanış olan iddiaçılar protokolların təhrif edildiyini və buna dair qeydlər verdiklərini bildirdilər.

Ali Məhkəmədə işə baxılma

Azərbaycan Respublikası Ali Məhkəməsində verilən şikayətlər üzrə işlər çox qısa müddətdə baxılırdı (məsələn, 10-15 dəqiqə). Bu müddətdə şikayətin mahiyyəti üzrə heç bir araşdırma aparılmırdı. Tərəflər iştirak etdikdə onlar yalnız çıxış etməyə dəvət olunur və sədrlik edən hakim çıxış uzandıqda tərəfin çıxışını kəsirdi. Bir çox hallarda cavabdeh MSK-nın nümayəndəsi yalnız kassasiya şikayəti üzrə tələblə razı olmadığını bildirirdi. Ona əlavə suallar verilmirdi. Tərəflər və ya şikayətçi məhkəmədə iştirak etmədikdə Azərbaycan Respublikası Ali Məhkəməsində işə daha qısa müddətdə baxılırdı.

NƏTİCƏ

Aparılmış monitorinq əsasında aşağıdakı nəticələrə gəlindi:

• Seçki komissiyalarının qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) verilmiş şikayətlərin mühüm hissəsini namizədlərin dairə seçki komissiyaları tərəfindən qeydə alınmaması barədə qərarlardan şikayət təşkil edir. Qeyd edilən kateqoriya şikayətlər Mərkəzi Seçki Komissiyası və onun nəzdində yaradılmış ekspert qrupunda əlahiddə araşdırılmayıb. Bu şikayətlərin MSK və onun ekspert qrupunda araşdırılması əlavə araşdırma aparılmadan qərarı qəbul etmiş DSK-nın materiallarına və əsaslandırılmasına söykənib.

•  Bundan əlavə,  MSK ekspert qrupunun araşdırmasında əksər hallarda və MSK-nın yekun qərar qəbul etmə iclasında isə bir sıra hallarda namizədlər dəvət olunmayıb. 

• Həmçinin seçki komissiyalarının heç bir pilləsində təqdim edilmiş sənədlərin və imzaların yoxlanılmasını həyata keçirən işçi qrupunun araşdırmasında əksər vaxtlarda namizədlərin iştirakı təmin edilməyib. 

• Qeyd olunanlar əsasında müəyyən edilir ki, seçki komissiyalarında seçki şikayətlərinin araşdırılması prosesi formallıqdan başqa heç bir əhəmiyyət daşımır. Namizədlərin qeydiyyata alınmaması qərarları isə özbaşına xarakter daşıyıb. Bir çox hallarda namizədlər müvafiq sənədlər təqdim edilməyib. 

• Nəticə etibarilə şikayət orqanı qismində MSK və onun ekspert qrupunda aparılan araşdırma səmərəli müdafiə vasitəsi deyil.

• MSK-nın qərarlarından məhkəmələrə verilmiş şikayətlər məhkəmələr tərəfindən ciddi araşdırılmayıb. Aparılan araşdırma eksessiv formallıqla müşayiət olunub. Vəsatətlər əsassız olaraq təmin edilməyib. Məhkəmə prosesləri araşdırma baxımından çox qısa həyata keçirilib.

• Məhkəmələrdə aparılan araşdırma Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna söykənməyib. Avropa Şurası Nazirlər Komitəsinin seçki şikayətlərinin araşdırılması ilə bağlı İHAM-ın Azərbaycan Respublikası barədə qəbul etdiyi pozuntu qərarları əsasında verdiyi tövsiyələrin praktiki həyata keçirilməsi hazırkı - 2015-ci il parlament seçkilərində müşahidə edilmədi.

Ünvan: Azərbaycan, Bakı, AZ 1026, Nobel pr-ti 84/9
Tel: (+994 55) 234 76 76;