İDİ siyasi partiyalarla görüşlər keçirdi

29-10-2015 10:15
İDİ siyasi partiyalarla görüşlər keçirdi
Demokratik Təşəbbüslər İnstitutu seçkilərlə bağlı görüşlər keçirir.

Arqument.Az xəbər verir ki, Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənzimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində apardığı araşdırmalara əsaslanaraq siyasi partiya və təşkilatlarla müzakirələr təşkil edib.

İDİ keçirdiyi bu görüşlər çərçivəsində Milli Şura sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli, ”Azadlıq 2015" blokuna daxil olan KXCP sədri Mirmahmud Mirəli oğlu, VİP sədri Əli Əliyev, AXP sədri Pənah Hüseyn, "Qarabağ” blokuna daxil olan Ümid sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu,  REAL İdarə Heyətinin üzvləri Natiq Cəfərli və Erkin Qədirli, Müsavat başqanı Arif Hacılı ilə araşdırmanın ilkin nəticələri və seçkiöncəsi durumla bağlı müxtəlif fikir mübadiləsi aparıb. 

Təşkilat seçki prosesinin tərəfləri olan siyasi partiyaların rəy və təkliflərini dinləmiş, həmçinin bu təklif və rəylərin mümkün şərtlər çərçivəsində geniş ictimaiyyətin birgə müzakirəsinə çıxaracağını ifadə etmişdir.

Hazırda bu istiqamətdə görüşlər davam edir.