"Müşahidəçilərə zor tətbiq edilib" - İDİ

02-11-2015 15:07
Demokratik Təşəbbüslər İnstitutuna (İDİ) daxil olan informasiyalara görə müşahidəçilər tərəfindən aşağıdakı hüquq pozuntuları qeydə alınıb.

(Səsvermənin yekunlaşması zamanı baş verən qanun pozuntuları)

Demokratik Təşəbbüslər İnstitutuna (İDİ) daxil olan informasiyalara görə müşahidəçilər tərəfindən aşağıdakı hüquq pozuntuları qeydə alınmışdır. 
87 Ağsu-İsmayıllı Seçki Dairəsinin 20 saylı məntəqəsində topa bülleten atılıb. 70 seçici iştirak etdiyi halda, 322 bülleten çıxıb. İki dəfə gün ərzində "Kapital-Bank”ın müdiri məntəqəyə gələrək seçkiyə müdaxilə edib. MnSK sədri otağında tünlük yaradıb. Adamların çoxluğunu bəhanə edərək müşahidəçiləri çölə çıxarmağa çalışıblar ki, bülletenlərin sayılmasında iştirak etməsinlər. 

67 saylı Cəlilabad şəhər Seçki Dairəsində kənar şəxslərin səsvermədə iştirakına qanunsuz şəkildə təşkil edilib. Səsvermə zamanı topa bülletenlər atılıb. Bülletenlərin sayılması zamanı isə müşahidəçilər məntəqədən kənarlaşdırılıblar. 

71 saylı Masallı Kənd Seçki Dairəsinin 18 saylı MnSK-da hazırki deputat Elmira Axundova vəkilləri ilə birlikdə məntəqəyə gəlib, səsvermənin gedişi ilə maraqlanıb. Davamiyyətin zəifliyindən gileylənib, amma büllütenlərin sayılması zamanı saxtakarlıqla səsverənlərin olduğu üzə çıxıb. Saat 15:00-a olan məlumat isə ondan ibarətdir ki, 923 seçicidən 42 nəfər səsvermədə iştirak edib. 

42 saylı Sumqayıt ikinci seçki dairəsinin 37 saylı seçki məntəqəsində seçicilərə verilən bülletenlərin sayının seçici siyahısında olan imzaların sayından çox olduğu aşkar edilərək qeydə alınmışdır. Bu pozuntunu DSK üzvü Aydın Kərimov və MnSK sədri gizlətməyə çalışması videolentə almışdı. 

95 saylı Tərtər seçki dairəsininin 14 saylı məntəqəsində müşahidəçilərə yekun protokollar verilməmiş, bununla bağlı MnSK Həmid Mehdiyevə və DSK sədri Sədrəddin Ələkbərova edilən müraciətlər nəticə verməmişdir. Hər iki şəxs protokoların müşahidəçilərə verilməsindən imtina etmişlər. 

31 sayli Suraxanı İkinci Seçki Dairəsinin 24 saylı məntəqəsində 1061 seçicidən cəmi 104 nəfər səs verib. Bunu əvvəldən axıra qədər müşahidəçi Mübariz Bədirxanlı sayıb. Gələn seçicilərin neçəsinin həmin ərazidə qeydiyyatda olduğunu ayırd etməyə imkan verməyiblər.

85 saylı Şamaxı Seçki Dairəsinin 3 saylı məntəqəsində komissiya sədri Ərəstun Xələfov yekun protokolları müşahidəçilərə verməyib, müşahidəçilərə zor tətbiq edib. 

55 Xaçmaz Seçki Dairəsinin 20 saylı seçki məntəqəsində RİH-nin baş məsləhətçisi Yaqut Məsimova Qobuqırağı kənd icra nümayəndəsi Fərman Babayevin rəhbərliyi ilə seçkinin nəticələrini saxtalaşdırıblar. Belə ki, qutudan çıxan 244 bülleteni 455-ə çatdırıblar və qanunsuz olaraq rəsmiləşdiriblər. Müşahidəçilərə isə protokollar verilməyib. 

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 11 saylı seçki məntəqəsində səslər sayılmır. Komissiya üzvlərinin çay süfrəsinə yığışaraq istirahət etdikləri bildirilir. 30-31 saylı məntəqələrdə müşahidəçilərə protokollar verilməyib. 

55 Xaçmaz Seçki Dairəsində 14 saylı məntəqənin sədri seçki bülletenlərini götürərək aradan çıxıb. Seçkidə 176 seçici iştirak edib, ancaq qutudan 613 nəfər çıxıb. 

31 saylı Suraxanı ikinci seçki dairəsinin 21 saylı məntəqəsində müşahdəçi bir neçə dəfə karuselin şahidi olub, bir neçəsinin qarşısını alsa da, həmin şəxslər təkrar məntəqəyə gəliblər və qanunsuz olaraq səs veriblər. Müşahidəçi həmin şəxslərin fotogörüntülərini əldə edib. 21 saylı məntəqədə barmaqlarda mürəkkəbin olub-olmaması yoxlanılmadan səsverməyə buraxılması halları da müşahidə olunub. Komissiya sədri öz otağından topa bülletenlər gətirərək MHDP sədri Fərəc Quliyevin müşahidəçisinə verib. O da həmin bülletenləri F.Quliyevin xeyrinə qutuya atıb. Müşahidəçilərin aktivliyini görən MnSK sədri polis çağırıb və məntəqə polis nəzarətində fəaliyyət göstərib. 

77 saylı Astara seçki dairəsinin 3 saylı məntəqəsində müşahidəçi seçicidən 7 ədəd bülleten aşkarlayıb. Həmin dairə üzrə baş verən qanunsuzluqlar, sui-istifadə hallarına yol verilməsi və məntəqələrdəki özbaşınalıqlar videogörüntülərdə əksini tapıb. 

107 saylı Qazax seçki dairəsinin 13 saylı məntəqəsində yüzbaşıların eçiciləri karusel formasında təşkil etməsinə baxmayaraq, qutudan 331 bülleten çıxıb. Lakin müşahidə zamanı məlum olub ki, səslər əvvəlcədən yazılıbmış və protokol tərtib olunmuş, guya seçkidə 747 seçicinin iştirak etdiyi qanunsuz olaraq rəsmiləşdirilmişdir. 

11 saylı Qaradağ seçki dairəsinin 21 saylı məntəqəsində saat 17-18 radələrində xüsusi geyimli bir qrup mülki şəxs müşahidəçiləri dövriyyəyə almış, həmin vaxt seçki qutularına topa bülletenlər atılmışdır. Həmin dairənin 37 saylı məntəqəsində saat 17:30 radələrində polis müşahidəçi Eyvaz Məmmədovu məntəqədən uzaqlaşdıraraq polis bölməsinə aparmışdır. 
Pozuntulara dair bütün foto və video faktlar sosial şəbəkələrdə vahid hashtag altında - ‪#‎monitoring15‬, ‪#‎voteaz15‬, ‪#‎sechki15‬ paylaşılır. Eyni zamanda bu məlumatlar İDİ-nın "Facebook” (Facebook: https://www.facebook.com/AKIFIDI/?pnref=lhc ) səhifəsində də paralel olaraq yayılır.