Vətəndaş cəmiyyətinin aparıcı simaları birləşdi

11-02-2016 01:32
Vətəndaş cəmiyyətinin aparıcı simaları birləşdi
Fevralın 10-da vətəndaş cəmiyyətinin tanınmış simaları, vəkillər və jurnalistlər birgə " Sivil Toplum Platforması” yaratdıqlarını bəyan ediblər. 

Platforma ölkədəki mövcud durumdakı problemləri diskussiya masasına çıxarmaq, ətraflı müzakirələr keçirmək və konkret nəticələr əldə etmək məqsədilə yaradılıb. 

"Sivil Tolum Platforması”nın üzvləri qurumun əsanaməsini qəbul edib və ictimaiyyətə müraciət də ünvanlayıblar. Həmin müraciəti diqqətinizə çatdırırıq:

"Sivil Toplum Platforması” nın MANİFESTİ

Biz, müxtəlif peşə və fəaliyyətlərin təmsilçiləri olaraq, "Sivil Toplum Platforması” nın yaradıldığını bəyan edir və çox ağır iqtisadi, sosial və siyası böhranla baş-başa qalmış bir topluma üz tuturuq:

Yaxın tariximizdə demokratik respublika quruculuğuna imza atan xalq kimi ədalətli və inkişaf etmiş cəmiyyət arzularımıza hələ də çata bilməməyimiz bizdə məyusluq hissi yaratmamalıdır. Unutmamalıyıq ki xalq və toplum olaraq, nə vaxt əl-ələ vermişiksə, ən çətin əngəlləri aşıb uğurlar qazanmışıq. Hər birimiz yaxşı bilirik ki, tarixin ən güclüləri sırasına yüksəlməyimiz də, yalnız bir toplum olaraq Azərbaycanın gələcəyinə inandığımız dövrlərdə mümkün olub. Biz mövcud potensialımıza, gücümüzə inandıqca, ölkəmizin uğurlu gələcəyə qovuşması qaçınılmazdır. 

"Sivil Toplum Platforması” olaraq yenə də bu inama sahibik. Sayımızı az, resurslarımızı məhdud hesab etmirik. Bütün yurddaşlarımızın bu inamı daşıması üçün əlimizdən gələni etmək hədəfimizdir. Heç bir çətinlik və məhrumiyyət Azərbaycan övladlarını öz ölkəsinin doğru gələcəyi üçün çalışmaqdan çəkindirmir. Onlar öz inam və dönməzliyi, istedad və bacarığı ilə göstərirlər ki, təmsil etdikləri xalq demokratiyanı, rifahı çoxdan haqq edib. 

Qətiyyətli gəncliyimiz, peşəkar mütəxəssislərimiz, mütərəqqi aydınlarımız, ən fərqli sahələrdə çalışan, ən müxtəlif yaş kəsimlərini təmsil edən mübariz insanlarımız yetərincədir. Onların potensialı sübut edir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasında dayanmağı haqq edib və buna qadirdir. Bu bir möcüzə deyil, eyni yolu keçmiş xalqların təcrübəsində yaşanmış gerçəklikdir və tamamilə əlçatandır. 

İndi toplumumuzun qarşısında duran əsas çağırış Azərbaycan cəmiyyətinin üzləşdiyi iqtisadi, sosial və siyası böhranı aşmaq, cəmiyyətimizi və dövlətimizi ayaqda saxlamaq, Konstitusiyamızda müəyyən olunmuş, lakin son illər sürətlə məhdudlaşdırılan təməl insan hüquq və azadlıqlarının bərpasına və qorunmasına nail olmaqdır. 

Hazırki böhran ölkəni və cəmiyyətin bütün təbəqələrini əhatə edir. Milli valyutanın dəyər itirməsi, qiymətlərin bahalaşması, yüksək inflyasiya, iş yerlərinin itirilməsi, işsizliyin geniş miqyas alması, vətəndaşların həyat səviyyəsinin pisləşməsi, işgüzar fəallığın azalması, hüquq və azadlıqların hər addımda pozulması, məhkəmə sistemindəki ədalətsizliklər, vətəndaşların səsinin eşidilməməsi – ölkə qarşısında duran və həllini gözləyən problemlərin tam olmayan siyahısıdır.Təəssüf ki, problemlərin həllinə yönələn ciddi cəhdlər yoxdur və pafosla atılan sönük addımlar ümidverici nəticələrə səbəb olmayıb, imitasiya xarakterlidir. 

Böhranın gələcək inkişafı ilə bağlı təhlükə aktual olaraq qalır, cəmiyyətdə həyəcanlı əhval-ruhiyyəni gücləndirir. Böhranın açıq formada özünü bir ildən çoxdur ki, göstərməsinə baxmayaraq, hökumət indiyədək ondan çıxış yolu təklif etməyib, ölkənin inkişafına dair aydın plan ortaya qoymayıb. Belə bir şəraitdə müasir çağırışları nəzərə alaraq, biz, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, bu ölkənin vətəndaşları kimi problemlərin həlli istiqamətində səylərimizi birləşdirmək, ideyalarımızı və fəaliyyətimizi sizinlə bölüşmək qərarına gəldik. 

Bu Manifesti yaymaqla vətəndaş cəmiyyəti adından ölkəmizin üzləşdiyi bütün problemlərdən çıxış yollarının tapılmasında iştirak etməyə, çətin və məsuliyyətli bir tarixi dövrdə vətəndaşların səsini duyurmağa hazır olduğumuzu nümayiş etdiririk. 

"Sivil Toplum Platforması” olaraq əminik ki, ölkə qarşısında duran bütün problemlərdən bu ölkənin vətəndaşı olaraq birgə təşəbbüs və tələblərimiz sayəsində sağlam və daha az itki ilə çıxmaq mümkün olacaq. 

Biz gələcəyimizə inanırıq! 
Hədəfimiz azad, ədalətli və demokratik Azərbaycandır! 
Toplumumuzun yaradıcı və işıqlı gücü bizi bu hədəfə çatdıracaq! 

Manifesti imzamızla təsdiq edirik:
 
1. Abil Bayramov 
2. Akif Qurbanov
3. Aynur İmranova
4. Azər Mehtiyev
5. Bəşir Süleymanlı
6. Ələsgər Məmmədli
7. Əsabəli Mustafayev
8. Əvəz Zeynallı
9. Fuad Həsənov
10. Xalid Ağaliyev
11. Xalid Bağırov
12. Kamran Mahmudov
13. Mehman Əliyev
14. Mehriban Rəhimli
15. Nəsimi Məmmədli
16. Oqtay Gülalıyev
17. Rövşən Ağayev
18. Rövşən Hacıbəyli
19. Ruslan İzzətli
20. Samir Əliyev
21. Samir Kazımlı
22.  Seymur Kazımov
23. Şahvələd Çobanoğlu
24.  Şəhla İsmayıl
25.  Yalçın İmanov
26. Ziya Quliyev
 
Qeyd: Platforma yaradıcılarının qərarına əsasən əlavə açıqlama almaq üçün media təmsilçilərindən yalnız Platformanın bu məsələyə dair sözçüləri ilə əlaqə saxlanılması xahiş olunur:

Ələsgər Məmmədli    
+994 50 235 32 50
 Akif Qurbanov
+994 55 234 76 76