Dini Vəsaitlərə dair Hüquqi Çərçivə, Praktik Vəziyyət və Tövsiyələr - Araşdırna Sənədi

Bu araşdırma dini vəsaitlərə dair hüquqi çərçivənin müəyyən edilməsi, onun Avropa İnsan Haqları Konvensiyasının (bundan sonra - AİHK) 9-cu və 10-cu maddələri, həmçinin Avropa İnsan Haqları Məhkəməsinin (bundan sonra - AİHM) presedent hüququ ilə uyğunluğunun yoxlanılması, monitorinq nəticəsində qanunvericilikdə aşkar olunan boşluqların və praktikada olan qüsurların aradan qaldırılması üçün tövsiyələr paketi hazırlamaq məqsədini daşıyır. Xüsusi metodologiya əsasında və müxtəlif monitorinq alətlərinin tətbiqi yolu ilə əldə edilmiş nəticələr əsasında hazırlanan və təqdim olunan hesabat əsasən aşağıdakıları əhatə edir:

Sənədin giriş hissəsində dini vəsaitlərlə bağlı ölkədə olan ümumi vəziyyət, mövcud problemlər, problemlərin aradan qaldırılması üçün beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən səylər, o cümlədən qəbul olunmuş beynəlxalq normalar haqqında məlumatlar verilir. Araşdırma nəticəsində məlum olmuşdur ki, vicdan və ifadə azadlığı ilə bağlı dövlət üzərinə öhdəliklər qoyan çoxsaylı beynəlxalq normalara baxmayaraq, bu azadlıqların əhatə dairəsinə düşən dini vəsaitlərlə əlaqədar ciddi problemlər mövcuddur.

Sənədin sonrakı hissəsi qanunvericiliyin analizinə həsr olunur. Analiz aparılarkən qanunvericilik səviyyəsində və qanunaltı normalar səviyyəsində dini vəsaitlərlə bağlı qanunvericilik, bu qanunların tətbiq edildiyi zaman yaranan problemlər və onları doğuran səbəblər təhlil edilmişdir.

Bu problemlərin aradan qaldırılması üçün müvafiq tövsiyələr hazırlanmışdır. Qanunvericilik analiz olunarkən, qanunvericilikdə olan boşluqlar, ziddiyyətlər göstərilir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normalarla müqayisə aparılır və bu normaların adları sadalanır. Milli normalar analiz olunarkən İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının vicdan azalığına (9-cu maddə) və ifadə azadlığına (10.-cu maddə) dair müddəalarında əks olunmuş prinsip və standartlar əsas götürülmüşdür.

Analiz zamanı müəyyən edilmişdir ki, müvafiq qanunvericilik aktları, xüsusən də Dini etiqad azadlığı haqqında Qanun və onun tətbiqi məqsədilə qəbul olunmuş digər normativ hüquqi aktlar bir çox hallarda ölkə Konstitusiyası və ölkənin tərəfdar çıxdığı müvafiq beynəlxalq normalarla uyğun gəlmir, bu isə öz növbəsində insan haqlarının pozulması ilə nəticələnir.

Praktikada olan problemlərin müəyyənləşdirilməsi məqsədi ilə monitorinq zamanı bir neçə alət tətbiq edilib. Bu alətlər müvafiq dövlət orqanlarına göndərilən rəsmi sorğular, dini icmalardan alınan bilgilər, bu sahə üzrə ekspert, vəkil və hüquq müdafiəçilərindən alınan məlumatlar, mediada işıqlandırılmış faktlar olub. Həmçinin yerli və beynəlxalq hesabatlara istinad edilib.

Sorğu göndərilən üç dövlət orqanından (Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi) yalnız ikisi – Dövlət Gömrük Komitəsi və Dini Qurumlarlaİş üzrə Dövlət Komitəsi (bundan sonra DQİDK) cavab verib.

Dövlət Gömrük Komitəsi 01.01.2017-12.11.2017-ci il tarixləri arasında ölkəyə buraxılmayan dini təyinatlı ədəbiyyatların adları və sayı ilə bağlı sorğuya, konfidensial olması səbəbi ilə bu məlumatları hər hansı üçüncü tərəfə verə bilməyəcəkləri məzmununda cavab vermişdir. DQİDKnin cavabı da təxminən eyni olmuşdur. Komitə Azərbaycanda istehsalı, satış və ya yayma məqsədi ilə idxalı, satış və yayımı qadağan olunmuş dini təyinatlı ədəbiyyatlarla bağlı sorğuya cavabında bildirib ki, bu məlumatlar daxili istifadə üçün nəzərdə tutulduğundan üçüncü tərəfə verilə bilməz. Qeyd edək ki, bu əsaslardan heç biri İnformasiya əldə etmək haqqında Qanunun 15, 22 və 24-cü maddələrinin tələbləri ilə düz gəlmir. Dövlət orqanları suallara cavab vermədikləri üçün mətbuatda yayılan məlumatlara istinad edilib.

Dini icmalardan isə bilgilər anket sorğuları vasitəsi ilə alınıb. Bu anketlərdə müxtəlif suallar əks olunub. Suallara verilən cavablardan aldınan nəticə budur ki, Azərbaycanda İslam dininə aid icmalar dini ədəbiyyatın çapı, ölkəyə gətirilməsi, yayılması kimi işlərlə məşğul olmurlar. İslama aid kitabların nəşri, çapı, ölkəyə gətirilməsini əsasən ayrı-ayrı fərdlər və satış məntəqələri həyata keçirir. Ölkəyə kitab gətirilməsi, kitab çapı kimi məsələlərlə bağlı problem yaşayan dini icmalar əsasən «Yehovanın Şahidləri» və «Xristian-Baptist» dini icmasıdır. Aid olduğu dindən asılı olmayaraq, istənilən dini icmaya aid ədəbiyyatların ölkəyə gətirilməsi, çapı, yayımı və satılmasında ciddi problemlər var.

Mövzu ilə əlaqədar ekspertlərin, hüquqşunasların, vəkillərin, həmçinin zərərçəkmiş şəxslərin verdiyi məlumatlardan istifadə edilib. Verilən məlumatlardan aydın olmuşdur ki, məhkəmə çəkişmələri zamanı dini vəsaitlərlə bağlı yaranmış problemlər əksər hallarda vətəndaşların xeyrinə həll olunmur. Bu, qanunlardakı boşluqlardan, alternativ müstəqil ekspertizanın mövcud olmamasından və məhkəmələrin işə obyektiv yanaşmamasından qaynaqlanır.

Hesabatın sonunda monitorinq üzrə yekun nəticələr və tövsiyələr yer almışdır. Tövsiyələr həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də praktikada olan qüsurların aradan qaldırılmasına yönəlib.