Demokratik Təşəbbüslər İnstitutun əməkdaşı Ramil Babayev sivil itaətsizliyə başladığını elan edib. O, sıra yoxlanışına, vəkil görüşünə, telefon danışığına, ailə görüşünə, müəssisə rəisinin qəbuluna və məhkəməyə çıxmaqdan imtina edib. O son məhkəmə prosesinə də zorla gətirilib. Məktubunda Ramil Babayev sivil itaətsizlik askiyası ilə bağlı mövqeyini bölüşür.
Məhkəmədə niyə iştirak etmirəm?
Bu suala cavabım ilk ağla gələn cavabdır: Azərbaycanda məhkəmə mövcud olmadığı üçün. Əslində mücərrəd düşünmə vərdişi olan hər şəxs Azərbaycanın cari reallığından agahdır.
Magistratura təhsilim dövründə “Sosial siyasətin hüquqi əsasları” fənnini mənə çoxsaylı dərsliklərin müəllifi olan ölkənin ən nüfuzlu hüquq professorlarından biri keçirdi. Qrup yalnız məndən təşkil olunmuşdu və mən dərsdə yazılı tapşırıqları icra edərkən bəzən müəllimim həmkarlarına telefon zəngi edirdi. Həmin telefon danışıqlarında o, ölkənin hüquqi vəziyyəti ilə bağlı (qanunun aliliyi, məhkəmələrin müstəqilliyi və s.) açıq şəkildə tənqidi mövqe sərgiləsə də onun kitablarında və ictimai mövqeyində həmin tənqidlərdən əsas-əlamət görmək mümkün deyildi. İqtisadiyyat, jurnalistika, politologiya və s. ixtisaslarında təhsil alan azad fikirli gənclərlə söhbətlərimdən onların da müəllimləri ilə bağlı oxşar müşahidələrə malik olduğunu görmüşəm. Yəni hamı hər şeyi bilir, amma nələrisə itirməkdən qorxduğu üçün bildiklərini özünə saxlayır.
Bizə hökm oxuyan hakim Azər Tağıyev də hər şeyi bilirdi. Bəzən çox qəzəblənəndə və iclasdan sonra kamera çəkilişi dayandırılanda işlətdiyi ifadələrə səlahiyyətsizliyi ilə bağlı açıq sözlü olurdu. Eynilə müstəntiqlər də. Məsələn, “istintaqın” sonunda 800 səhifəlik istintaq materialları ilə tanış olma başlananda BŞBPİ-nin müstəntiqi mənə dedi: “Açıq danışacağam. Əgər bu qədər yazını özünlə bağlı nə isə axtarmaq üçün oxuyacaqsansa, oxuma, heç nə yoxdur. Maraq üçün oxumaq istəyirsənsə, oxu. Vaxt məhdudiyyətin yoxdur”. Nəticədə, Azər Tağıyev imzaladığı hökmdə müstəntiqin içi boş olduğunu etiraf etdiyi iş materiallarını olduğu kimi köçürdü.
Ordakı saxtalaşdırmalarla bağlı onlarla misal çəkmək olar, amma hesab edirəm ki, nümunə üçün birini qeyd etmək kifayətdir. İttihamda saxta sübut kimi mənim banka xarici valyuta satdığım qeyd olunub. Lakin məhkəmə dövründə banka göndərdiyimiz rəsmi sorğunun cavabından aydın görünür ki, mən banka xarici valyuta satmamışam. Əksinə banka AZN valyutası təqdim edərək onu USD valyutasına mübadilə etmişəm. Buna baxmayaraq həmin ittiham sübutlar siyahısından çıxarılmadı və Azər Tağıyev hökmdə nə isə yazmağa məcbur olduğu üçün yenə qeyd etdi ki, banka 400 USD satmışam və bu qaçaqmalçı olmağımın sübutudur. Belə bir hökmün davamı olan məhkəmədə niyə iştirak edim?!
Məhkəmədə iştirak etməməyimin digər səbəbi hazırda sivil itaətsizlik aksiyası etməyimdir. Avqust ayının sonlarında Ədliyyə naziri Fərid Əhmədova göndərdiyim açıq məktubda olan işgəncələrin araşdırılmasını tələb etmişdim. Bu istiqamətdə heç bir addım atılmadığı üçün 22.09.2026 tarixindən etibarən başlatdığım sivil itaətsizliklə sıra yoxlanışına, vəkil görüşünə, telefon danışığına, ailə görüşünə, müəssisə rəisinin qəbuluna və məhkəməyə çıxmayacağımı elan etmişəm. Bu müddət ərzində baş verənlərlə bağlı daha sonra ətraflı məlumat verəcəyəm.
Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədov 21.09.2026 tarixindəki hazırlıq iclasında ictimailəşmiş bu işgəncə faktlarına münasibət bildirmək əvəzinə onu tənqid edən Fərid İsmayılovun məhkəmə zalından çıxarılmasına göstəriş verdi. Bu şounun təşkilatçılarının məhkəmə keçirmək niyyətində olmadığını bilirdik, lakin görünür heç məhkəmə görüntüsü yaratmaq niyyətləri də yoxdur.
