Ramil Babayev: "Bu məhkəmə 11 aylıq körpəni 5 il 6 ay müddətində azadlıqdan məhrum edib"

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayevin məhkəmədəki son sözü:

Yoldaşlar son sözlə bağlı müxtəlif mövqedədirlər və mən onların hər biri ilə razıyam. İlk olaraq Akif Qurbanovdan başlayım. Akif Qurbanovun son sözündə dediyi hər bir cümləyə qoşuluram və Akif bəyi müdafiə etməyi özümə borc bilirəm. Niyə? Çünki fiziki 4 divardan əlavə, övladlarından uzaqda, maddi çətinliklər, öz vətəndaş cəmiyyətindən əsassız tənqidlərlə yanaşı üzərində qorxunu artırmaq üçün 16 il həbs istənilməsi Akif bəyin dik duruşunu dəyişmədi. Bu vəziyyəti təsvir etmək üçün ingiliscə yaxşı bir ifadə var: “Mental monster”, yəni Akif Qurbanov “mental əjdaha”-dır. Akif bəyin bu dəyanəti bizə də mövqeyimizi sərtləşdirmək məsələsində mənəvi öhdəlik yaradır.

İndi deyəcəklərimin səmimi qəbul edilməsi üçün məhkəmədəki son sözümdə dediyim bir fikri təkrarlamaq istəyirəm. Heç bir siyasi ambisiyam yoxdur, siyasi fəaliyyət planım yoxdur və heç vaxt da olmayacaq. Akif Qurbanov bu istibdad rejimində tənqidi düşüncənin közünü sönməyə qoymayanlardandır. Sabah Odlar yurdunun həqiqi atəşləri bu közlərdən başlanğıc götürəcək. Akif bəyin son sözdə dediklərinin davamı kimi demək istəyirəm ki, repressiyaya baş vuran hər rejim bu əməli ilə həm də ictimai rəyi uduzduğunu etiraf edir.

Bu mənada yoldaşlar məhkəməni “mükafatlandırma mərasimi” həbsi də “medal” kimi görə bilərlər. 15-16 ilin tərcüməsi budur ki, “sivil fəaliyyətiniz faydalı olub, narahatlıq doğurub”. İstehza ondadır ki, İlham Əliyev ötən ay 1-ci Türkologiya Qurultayının 100 illiyinə ünvanlandığı məktubda Stalin repressiyalarını sərt ifadələrlə pisləyirdi. Repressiyaların ölkəni inkişafdan saxladığını bəyan eləyirdi. İlham Əliyevin son dövrlərdə səsləndirdiyi başqa təqdirəlayiq fikirlər də var. Məsələn, elə bu ay Şuşa Forumunda konqolu jurnalistin sualına cavablandırarkən İlham Əliyev dedi ki, “insan hüquqları universal dəyərdir”. Yenə bu yaxınlarda ABŞ-ın 250 illiylə bağlı təbrik məktubunda İlham Əliyev demokratiyanı vəsf edirdi. Bundan əlavə, o demək olar ki, hər beynəlxalq tədbirdə bir fikri təkrar edir - “Hüququn aliliyinə hörməti təmin etməliyik”. Bu ritorika ilə Azərbaycanın mövcud reallıq daban-dabana ziddir. Mənim arzum İlham Əliyevin ritorikasındakı Azərbaycanda yaşamaqdır. Arzum budur, deyilən sözlər əmələ çevrilsin, Azərbaycanda da hüququn acizliyi əvəzinə, hüququn aliliyini əsaslanan müstəqil məhkəmə sistemi və demokratik mühit təşəkkül tapsın.

Mən həmçinin Əli Zeynalın tənə vuran yanaşmasına da qoşuluram. Bizim üçün xüsusi ayrılmış ölkədəki ifadə azadlığının təntənəsi olan bu “mötəbər tribuna”-dan istifadə edib çağırış etmək istəyirəm. Əgər heyvan ölüsü yemədən də sağlam yaşaya biliriksə, deməli, heyvanları həzz üçün öldürürük. Həzz üçün öldürməyin isə bir adı var - Qəddarlıq. Qəddar olma, veqan ol!

Azər Tağıyev, mən quru aclıq edəndə siz insafsızcasına demişdiniz ki, ət yemədiyim üçün immunitetim zəifdir. Harşiyə çıxıb ona da qısaca cavab verim ki, əksinə, 13 illik veqanlığım dövründə bir dəfə də olsun xəstəliyə görə həkim müayinəsinə və müalicəsinə ehtiyac duymamışam. Ağrıkəsici də daxil olmaqla heç bir dərmandan istifadə etməmişəm. Həbs olunduğum dövrə qədər ətrafında hamının qripə yoluxduğu vaxtlarda qrip bircə mənə keçmirdi.

Bunu ətrafımda olmuş çox insan təsdiqləyə bilər. Yəni, veqanlığın orqanizmini zəiflətdiyi cəfəngiyyatdır. Bizi xəstələndirsə, elə həbsxana mühiti xəstələndirəcək.

Mən Ələsgər Məmmədlinin “hüququ tapdalayanlarla üz-üzə olsan belə gərək hüquqa olan rəğbətini itirməyəsən” baxışını da dəstəkləyirəm və buna görə son sözümün hüquqi hissəsi də var. Amma hüquqi hissədən əvvəl sizin və sifarişçilərin Ələsgər Məmmədliyə münasibətinizdən bəhs etmək istəyirəm.

İndiyə kimi bu mövzuda çox danışmışıq. Mən deyilənlərə əlavə olaraq, Cinayət Prosesual Məcəlləsinin 12.4 və 12.5, yəni Konstitusyon Hüquq və Azadlıqlar bölməsində və Cenevrə Konvensiyasından danışmaq istəyirəm. 12.4-cü maddəyə əsasən, hüquq və azadlıqların müvəqqəti məhdudlaşdırılmasına yalnız zərurət halında yol verilir. Siz isə Ələsgər bəyi həbsdə saxlanmağın zəruriliyini əsaslandıran heç bir sağlam argument təqdim edə bilməmisiniz. 12.5-ci maddə isə deyilir ki, cinayət təqibində insanların sağlamlığına təhlükə yaradan üsullardan istifadə etmək qadağandır. Siz isə bu qanuna tabe olmaq əvəzinə, Ələsgər Məmmədlinin həyatına qəsdlə bağlı qərar verənlərin möhür vuran dəftəxana əməkdaşı rolunda çıxış etməyə razılıq vermişsiniz. Sizin bu münasibətinizin qəddarlığını müqayisəli şəkildə ortaya qoymaq üçün hərbi əsirlərlə bağlı 80 il əvvəl qəbul olunmuş Cenevrə Konvensiyasını misal gətirmək istəyirəm. Həmin konvensiyanın 12-ci maddəsində isə hərbi əsirlər xəstələndikdə onların tibbi yardımdan, qayğı və himayədən məhrum edilməsi qəti qadağandır. Yəni, həmin maddəyə görə hərbi əsirlərə bütün hallarda hörmət bəslənilməli və humanist rəftar olunmalıdır. 80 il əvvəl odlu silahla döyüşən hərbi əsirlər üçün belə nəzərdə tutulan hüquqları siz bugün günahsız həbs edilmiş, hüquq və azadlıqlar cəhbəsində əsr düşmüş Azərbaycan ziyalısı Ələsgər Məmmədliyə əsirgəyirsiniz.

Burada da kiçik bir haşiyə çıxıb Elbəyi Kərimlinin, Faina Kunqurovanın, Bayram Məmmədovun, Səbuhi Səlimovun və dostum Sevil Atakişiyevanın xatirələrini yad etmək istəyirəm. Arzu edirəm, Ələsgər Məmmədli, Aynur Elgünəş, Tofiq Yaqublu və digər dəyərli şəxsiyyətlər tezliklə azadlığa çıxsın ki, onların da xatirəsini bu siyahıda yad etmək məcburiyyətində qalmayaq.

Gələk son sözümün hüquqi hissəsinə. 10 A4 səhifəsi həcmində olan hüquqi hissənin müdafiəçim Günay İsmayılova elektron məhkəmə sistemində yükləyib. O mətni burada olduğu kimi səsləndirmək fikrim yoxdur. Sadəcə məzmunun nə olduğunu açıqlayacağam. Mənin əvvəldən bir iddiam var ki, mənə qarşı nəinki konkret bir ittiham, heç hansısa bir şübhəni də cavabsız qoymayacağım. Bu iddiadan çıxış edərək, hüquqi hissədə prokurorun mənə verməli olduğu, vermədiyi sualları özüm-özümə sual kimi belə qeyd edib, özüm də cavablandırmışam. Bu ay prokurorun əvvəzində də işləmişəm. Maaşından Kürdəxanıya sovqat göndərsə, pis olmaz. Hüquqi hissədə həmçinin şahid ifadələri ilə bağlı arayışlar da vermişəm. Həmin hissəni Günay xanımla müzakirəmizdə o məndən dönə-dönə təklif etdi ki, son sözün hüquqi hissəsində bəraət də istəyim, ən azından Avropa Məhkəməsi üçün. Mən də onun istəyini qismən yerinə yetirərək bəraət istəyirəm. Amma sizdən yox. Avropa Şurası İnsan Hüquqları Məhkəməsindən. Bizim hakimlərə etimadımız yoxdurmu? Əlbəttə var. Amma o hakimlərə ki, bir gün siz də onlar kimi azad olmağın arzusundasınız. “Berlində hakimlər var”, hekayəsini yəqin ki, eşitmişsiniz. IDI-nin təşəbbüsü olan Müdafiəçi Hüquq Müdafiə Mərkəzinin şuarında da deyildiyi kimi, “biz istəyirik Bakıda da o hakimlərdən olsun”.

Prosesual məcələnin 25.1-ci maddəsi hakimlərin müstəqilliyindən bəhs edir. Həmin maddədə deyilir ki, hakimlər Azərbaycan Respublikası qanunlarından başqa heç bir gücə tabe deyillər. Reallıqda isə Azərbaycan Respublikası hakimləri Prezident Administrasiyası və BMCMİ başda olmaqla icra orqanlarına tabedirlər. Mən bu heyətdən həm də ona görə heç nə gözləyə bilmərəm ki, bu heyət Roman Ələkbərlinin sədirliyi ilə ötən dövrdə 11 aylıq bir körpəni 5 il 6 ay müddətində azadlıqdan məhrum edib və cəzanın icrasını təxirə belə salmayıb. Bəli, düz eşitdiniz. O körpə Bakı İstintaq Təcridxanasında doğulub, indi Təcridxananın 2 saylı korpusundadır və 4-5 il sonra həbsxanadan çıxıb birbaşa məktəbə gedəcək.

Ölkə reallığını tam çatdırmaq üçün tanışlığım olan başqa 2 nəfərdən də bəhs etmək istəyirəm. Bu 2 nəfər 2 il yarım əvvəl mənimlə eyni vaxtlarda həbs edilmişdi. Birincisi mənimlə eyni kameradaydı və 100-də yaxın insana qarşı 300.000 manatdan çox məbləğdə dələduzluq etmişdi. Oğurladıqlarının bir hissəsini hakimlərə verməklə 3 il 3 ay müddətində azadlıqdan məhrum edildi və bu yaxınlarda öyrəndim ki, 3-də 2 ilə artıq azadlığa çıxıb. Bu şəxslərdən ikincisi qarşı kameradaydı. O isə çətənə plantasiyası qurub, yüzlərlə çətənə kolu əkmişdi. Bu şəxs isə 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi və eyni qaydada o da 3-də 2 il azadlıqdadır. Heç olmasa, islah olunmuşdurlarmı? Qətiyyən.

Biri deyir ki, çıxıb təzədən şirkət quracağam və ilk narazılıqda gecə ilə ölkəni tərk edəcəm. Digər isə deyirdi, 15 ildir bu işi görürəm, bu il filan ehtiyatsızlığı etdim deyə tutuldum. Yəni, bu insanlar indi azadlıqda 100 millərlə manat çirkli pulu xərcləyirlər və cəmiyyət üçün də aktiv təhlükədirlər.

Tərəzinin digər gözündə ölkənin parlaq gənclərindən İlkin Əmrahov qara qəpiyi olmadığı halda çirkli pulları yumaq ittihamı ilə ömrünün yazında 14 ildir həbsdə keçirəcək. Gənclik oğrularının İlkinə verdiyi mesaj budur ki, demokratik dəyərləri müdafiə etmək əvəzinə gələn dəfə plantasiya qursun, kultivasiya ilə məşğul olsun, insanların etibarından sui-istifadə etsin, onların ümidlərini oğurlasın, zəhmətlərini mənimsəsin. Elə də həm azadlıqda qalacaq, həm milyonçu olacaq.

Və sonda üç təklifim var.

1. Bu üç hakimə təklif edirəm ki, veqan olasınız. Veqan olasınız, mənimlə bağlı çıxaracağınız qanunsuz hökmlərə görə sizi bağışlayacağım.

2. Azərbaycan son iki ildə iki böyük beynəlxalq tədbir keçirdi - COP 29 və Şəhərsalma Forumu. Amma məncə Azərbaycan bu tədbirlərin analogu kimi real təcrübələrini bölüşdüyü başqa beynəlxalq forum da keçirə bilər. Məsələn, məhkəmə sahəsindəki təcrübəni bölüşmək üçün “Şərə-salma forumu”, yaxud media sahəsindəki təcrübəni bölüşmək üçün “GOP 29” keçirilsə daha səmimi olar.

Burada dedik, güldük, vaxtımız kifayət qədər əyləncəli keçdi. Ona görə təklif edirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin müstəqil statusu ləğv edilsin və “teatr” statusu olaraq Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərsin. Hazırladıqları xüsusi şouya görə şən kloun Malışova və hoqqabaz heyətinə də təşəkkürlərimi bildirirəm.