1 noyabr 2015-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin ümumi yekunu haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokoluna dair Mərkəzi Seçki Komissiyasını üzvü Akif Yaqub oğlu Qurbanovun X Ü S U S İ R Ə Y İ

Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri çərçivəsində seçkilərdə iştriak edən müxtəlif maraqlı tərəflərin etdikləri çoxsaylı şifahi və yazılı müraciətləri, müşahidəçilərin söylədikləri rəylər və pozuntulara dair təqdim etdikləri çoxsaylı faktlar, KİV-lərin seçkilərə dair işıqlandırdıqları materiallar və aşağı seçki komissiyalarında fəaliyyət göstərən komissiya üzvləri tərəfindən verilən məlumatlar əsasında 1 noyabr 2015-ci il tarixdə keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi haqqında xüsusi rəy tərtib etmək qərarına gəldim. Təbii ki, 1 noyabr 2015-ci il parlament seçkilərinin nəticələri dəyərləndirilərkən, seçki prosesinin bütün mərhələləri – seçkilərə hazırlıq, seçici siyahılarının tərtibi, namizədliyin irəli sürülməsi və qeydiyyatı, seçkiqabağı təşviqat, daxil olmuş şikayət və müraciətlərə baxılması, səsvermə və səslərin hesablanması və protokollaşması üzrə ayrıca qiymətləndirmə aparılmalı, bu zaman ATƏT qarşısında göturulən öhdəliklərə, Avropa Şurasının demokratik seckilər üzrə standartlarına və Azərbaycan Respublikasının azad və ədalətli seçkilərin keçirilməsinə dair beynəlxalq öhdəliklərinə istinad olunmalıdır.