AZƏRBAYCAN RESPUBLİKASI PARLAMENT SEÇKİLƏRİ 1 NOYABR, 2015-Cİ İL MEDİA MONİTORİNQİNİN BİRİNCİ DÖVR ÜÇÜN NƏTİCƏLƏRİ

Kütləvi informasiya vasitələri, o cümlədən elektron media seçkilərin demokratik və qanunauyğun, ədalətli keçirilməsində önəmli rol oynayır. Xüsusilə, zəmanəmizdə elektron yayım vasitələrindən istifadə edərək informasiya almaq və düşüncə formalaşdırmaq xüsusi yer tutur. Araşdırmalar göstərir ki, insanların informasiya ehtiyacının 92-95%-ni elektron media təmin edir və ya insanlar ehtiyaclarını qarşılamaq üçün bu vasitələri seçirlər. Ən xırda tirajlı qəzeti oxumaq, informasiyanı əldə etmək üçün belə, oxucu müəyyən məbləğdə pul ödəməli və əldə etməli olduğu halda, insanlar elektron yayım vasitələri olan televiziya və radioların yaydığı, nümayiş etdirdiyi verilişlərə, informasiyalara hər hansı məbləğ ödəmədən istədikləri qədər informasiya və ya bilgi ala bilirlər.

Teleradioların gücü şübhəsizdir. Bu vasitələr, sadəcə, informasiya verməklə kifayətlənmir, eyni zamanda fikir və düşüncə formalaşmasında ciddi rol oynayır, zaman-zaman ciddi təbliğat ya da əks-təbliğat vasitəsinə çevrilə bilirlər. Bu baxımdan elektron medianın, özəlliklə yayım mediasının beynəlxalq yayım standartlarına ciddi əməl etməsi, qanunvericiliyin müəyyən etdiyi sərhədləri gözləməsi zəruridir.

Xüsusilə, seçkilər zamanı yayım vasitələri önəmli rol oynayır. Seçki zamanı yayımların davranışları, onların yayım siyasəti, namizədlərin lehinə və ya əleyhinə apardıqları kampaniyalar seçicilərin bu və ya digər namizədə səs verməsində, fikirlərinin formalaşmasında ciddi rol oynayır. Yayımların nə qədər obyektiv, qərəzsiz, tərəfsiz, qanuni standartlara uyğun olmasını seçicilərin bilməsi, onların seçim zamanı doğruları müəyyən etməsində və doğru seçim etməsində mühüm yer tuta bilər.

Ayrıca, seçki qanunvericiliyinin yayım mediasına hansı şərtlər gətirdiyinin cəmiyyət tərəfindən bilinməməsi də bəzən medianın ifrat tərəflilik nümayiş etdirməsinə səbəb olur.

Yayımların tənzimləməsi ilə məşğul olan dövlət qurumu – Milli Teleradio Şurası və Mərkəzi Seçki Komissiyası (MSK) ictimai qınaq olmadıqda açıq-aşkar qanun pozuntularını görməməzlikdən gəlir və bu faktlara qarşı qanuni normaları tətbiq etmək istəmir. MSK nəzdində formalaşan mətbuat qrupu təktərəfli formalaşdığından funksionallıq yox səviyyəsindədir.

Son 5 ildə Azərbaycanda Dövlətin birbaşa media sektoruna ayrdığı vəsait 417,5 milyon dollardan çox olub. Bu vəsaitdən ən çox alan dövlət yayımçısı AZ TV olub. Onun aldığı miqdar 223 milyon dollar olub. İctimai teleradio yayımı da ən çox vəsait alan ikinci media qurumudur. Onların aldığı vəsait 96,5 milyon dollar həcmində olub. Dövlətin bəslədiyi, sadəcə, dövlət və ictimai yayımçı olmayıb. 2012-ci ildən bəri özəl telekanallar da dövlətdən müxtəlif adlar altında 22 milyon dollaradək vəsait alıblar. Bu vəsait, sadəcə, ümumölkə yayımçısı olan 5 özəl kanala verilib. Bu səbəbdən elektron yayım mediasının, xüsusilə dövlət büdcəsindən maliyyələşən, xüsusi qanun və normativ hüquqi sənədlərlə qurulan və fəaliyyət göstərən televiziyaların, radioların fəaliyyəti cəmiyyətin sivil qurumları tərəfindən ciddi nəzarətə götürülməli, təftiş edilməli və cəmiyyət bilgiləndirilməlidir.