Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev yazır:
Umbakı PM-də su kəsintisi hadisəsindən sonrakı proses zamanı çoxsaylı qanun pozuntuları ilə üzləşmişik. Ailələrimizi və cəmiyyəti təşvişə salmamaq üçün razılaşdırdığımız qərar baş verənləri ictimailəşdirməmək, bunu məhkəmə qaydasında mübahisələndirərək məsələni Avropa Məhkəməsində kimi aparmaq olmuşdu. Lakin mənim Ədliyyə naziri Fərid Əhmədova yazdığım şikayət ərizəsinin Umbakı PM tərəfindən ünvanına çatdırılmaması məni vadar edir ki, ərizəmin yayımlanması üçün müstəqil mediadan dəstək istəyim.
Ruslan İzzətli, Əli Zeynal və Akif Qurbanovla onların qarşılaşdıqları qanunsuzluqları ictimailəşdirmək üçün razılıq almaq məqsədi ilə əlaqə saxlaya bilmədiyimə görə ərizədən onlarla bağlı hissələri ixtisar etmişəm. Ərizəmin aşağıdakı mətnində qeyd etdiyim səbəbə görə ixtisarlar olsa da, heç bir əlavə və dəyişlik yoxdur.
“Ruslan İzzətli, 18.08.2026 tarixində müəssisədə son günlərdə baş verən su kəsintilərinə etiraz olaraq, könüllü sürətdə cərimə kamerasına keçirilməsini tələb edib. Növbəti gün Əli Zeynalov və ondan sonrakı gün isə mən, Fərid İsmayılov və Akif Qurbanov da eyni addımı atmışıq. Ruslan İzzətliyə bir həftə, Əli Zeynalova altı gün, mən, Akif Qurbanov və Fərid İsmayılova isə üç gün rəsmi kars müddəti təyin olunub. Ruslan İzzətli və Əli Zeynalovun harada saxlanılması barədə bizə məlumat verilməyib və onlarla kontakt qura bilməmişik.
Ruslan İzzətlinin vəziyyəti barədə məlumat verilməməsinə və ona həmçinin Əli Zeynalova bir həftəlik kars müddətinin təyin olunmasına etiraz olaraq, mən və Fərid İsmayılov karsa daxil olduğumuz andan etibarən aclıq elan etmişik. Fərid İsmayılovun səhhəti pisləşdiyi üçün o acılığın üçüncü günündə aclığı dayandırmalı olub. Mən son üç günü quru aclıq olmaqla altı gün aclıq etmişəm.
Məni quru acılığa keçməyə vadar edən aşağıda qeyd etdiyim qanunsuzluqlar olub.
1. Fərid İsmayılovun üç günlük kars müddəti bitdikdən sonra o heç bir qərar və ya əsaslandırma olmadan qanunsuz şəkildə əlavə üç gün də karsda saxlanılmağa davam edib. O belə qanunsuz rəftara qarşı həm verbal, həm fizik olaraq ən şiddətli şəkildə etirazını bildirdikdən sonra müəssisənin rəisi Rəşad Yusifov vasitəçi şəxslə ona bildirib ki, Fəridi karsdan buraxmaq üçün Penitensiar Xidmətin rəhbərliyindən göstəriş gözləyir. Yəni, bu şəxs öz imzaladığı qərarı icra etmək iqtidarında olmadığını açıq şəkildə etiraf edir.
2. Ruslan İzzətliyə bir həftəlik kars müddəti onun iradəsi xaricində təyin olunub. Ruslan İzzətli qaldırdığı problem ictimailəşdikdən sonra kameraya qayıtmağa razı olduğunu bildirsə də, müəssisə rəisi Ruslana kars müddətinin onun “çəkisinə” uyğun təyin olunub deyərək, onu karsdan buraxmaqdan imtina edib və Ruslan İzzətli etirazına görə bu formada qanunsuz şəkildə cəzalandırılıb.
3. Akif Qurbanova, Fərid İsmayılova və mənə təyin olunmuş kars müddətləri ilə bağlı qərarlarda güya korpusda səs-küy salıb qapıları döyəcləyib təxribat etməyə çalışdığımız üçün karsa salındığımız qeyd olunub. Bizim bu cəfəng qərara qeyd yazmağımıza icazə verilmədiyi üçün biz bu qərarları imzalamaqdan imtina etmişik.
4. Ombudsmanla və vəkillə əlaqə saxlamaqla bağlı etdiyimiz müraciətlər rədd edilib.
5. Fərid İsmayılovun axşam saatlarında səhhəti pisləşdiyi üçün həkim çağırılması ilə bağlı tələblərimizə verilən cavab bu olub ki, hazırda müəssisədə heç bir həkim yoxdur.
6. Rəşad Yusifov Fərid İsmayılovu və məni qəbul etməyib. Karsa baş çəkərək vəziyyətimizdə maraqlanmayıb.
7. Yayın ən qızmar günlərində sudan imtina etməklə aclıq etdiyim halda sərinkeşlə təmin olunmamışam.
8. Mən üç günlük kars müddətim bitdikdən sonra qanunun tələbini əsas tutaraq aclıqla bağlı tək nəfərlik kameraya keçirilməyimi tələb etsəm də, müəssisə rəhbərliyi qanunun tələbini pozaraq məni cərimə kamerasında saxlamağa davam edib.
9. Mən quru aclıq etdiyim müddətdə qida qəbul edən şəxslə eyni cərimə kamerasında saxlanılmışam və bu da qeyri-insani rəftar kimi qiymətləndirilməlidir.
10. Mən aclıq etdiyim müddətdə hər gün tərəzi orta hesabla 1 kg çəki itirdiyimi göstərdiyi halda aclığın sonuncu günündə məqsədli şəkildə xarab tərəzi gətirilib və bu tərəzi çəkinin artdığını göstərib, halbuki otağa daxil olan bütün qidaları otaqdakı digər şəxs təhlükəsizlik kamerasının çəkilişi altında yeyib və həmin şəxs həmçinin su da qəbul etmədiyimə birbaşa şahidlik edib. Mən fərqli tərəzi ilə yenidən ölçmə tələb etsəm də, bu tələbim icra olunmadı. PX-dən hələ də bu möcüzənin tibbi izahını gözləyirəm.
Nəticədə, aclığın 6-cı günündə digər yoldaşları faktiki girovluqdan xilas edə bilmək üçün ... və mən aclığı dayandırmaq məcburiyyətində qaldım. Sadaladığım qanunsuzluqlarla bağlı bildirmək istəyirəm ki, siyasi məhbuslara verilən işgəncələrin dərhal dayandırılmasını tələb edirəm.
Bu işgəncələrin kurasiyasını həyata keçirən general Mirsaleh Seyidov, polkovnik Fikrət Qafarov və digər yüksək rütbəli şəxslər, həmçinin Umbakı PM daxilində bu qanunsuz qərarları icra edən müəssisə rəisi Rəşad Yusifov barəsində daxili tədqiqat başladılsın və yol verdikləri kobud qanun pozuntularına görə bu məsul şəxslərin cəzalandırılması təmin olunsun.
Nəzərinizə çatdırmaq istəyirəm ki, hüquqi vasitə ilə nəticə ala bilməyəcəyim halda işgəncələrlə mübarizə üçün əvvəlcə sivil itaətsizlik kampaniyası həyata keçirəcəyəm. Növbəti mərhələdə isə heç bir sərhəd tanımadan, bəşəri müqavimət tarixində sınaqdan keçirilmiş ən radikal üsulları tətbiq etmək məcburiyyəti qarşısında qalacağım. Adekvat araşdırmanın aparılmasına göstəriş verməyəcəyiniz halda baş verəcək hadisələrə görə bütün məsuliyyəti siz daşıyacaqsınız.
