Demokratik Təşəbbüslər İnstitutu (IDI) “Toplum işi: sistemli repressiyalar şəraitində ədalətsizlik” adlı hesabatını dərc edib. Hesabatda IDI, Toplum TV və Üçüncü Respublika Platforması ilə əlaqəli doqquz jurnalist, ictimai fəal və siyasətçinin məhkəmə prosesinin ciddi ədalətsizliklərlə müşayiət olunduğu qeyd olunub. Hesabata əsasən, həmin şəxslərin hamısı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 1900 (2012) saylı Qətnaməsində müəyyən edilmiş meyarlara uyğun olaraq siyasi məhbus olduqları vurğulanıb. "Toplum işi" üzrə məhkəmə prosesinin yekun qiymətləndirilməsi olan hesabatın hazırlanması, həmçinin məhkəmə proseslərinin monitorinqi IDI-nin məzun şəbəkəsi tərəfindən həyata keçirilib.
2026-cı il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Toplum işi” çərçivəsində doqquz nəfəri qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və əmək qanunvericiliyinin pozulması ittihamları üzrə 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxslərin hamısı ittihamları rədd edib və hökmdən apellyasiya şikayəti verib.
IDI-nin dərc etdiyi hesabatda işin hüquqi əsasları, təqdim olunmuş sübutların etibarlılığı və məhkəmə prosesinin ədalətliliyi ilə bağlı ciddi problemlər müəyyən edilib.
Hesabatda qeyd olunur ki, IDI-nin dövlət qeydiyyatına alınmasından imtina edildikdən sonra qeydiyyata alınmamış qeyri-hökumət təşkilatının və media qurumunun fəaliyyəti iqtisadi cinayətlər kimi tövsif olunub. Qaçaqmalçılıq ittihamı isə 2024-cü il martın 6-da keçirilmiş axtarışlar zamanı polis tərəfindən aşkarlandığı bildirilən nağd pul vəsaitinə əsaslandırılıb. Təqsirləndirilən şəxslər həmin vəsaitin onların üzərinə qəsdən qoyulduğunu bildiriblər. İş materiallarında gömrük qaydalarının pozulduğunu təsdiqləyən sübutlar isə təqdim edilməyib.
Məhkəmə prosesində ədalətli araşdırma hüququ ilə bağlı pozuntular da qeydə alınıb. Şahidlərin ifadələrinə görə, onlardan təzyiq altında ifadələr alınıb və ifadələrini geri götürəcəkləri təqdirdə hədələniblər. Eyni zamanda, iş üçün əhəmiyyətli olan bəzi şahidlərin ifadə verməsinə imkan yaradılmayıb, hakim isə təqsirləndirilən şəxslərə qarşı açıq qərəz nümayiş etdirib.
Qeyd edək ki, məhkəmənin hökmü ilə Akif Qurbanov və Ruslan İzzətli 15 il, Ələsgər Məmmədli və Əli Zeynal 14 il, Müşfiq Cabbarov, Ramil Babayev və İlkin Əmrahov 13 il, Fərid İsmayılov və Elmir Abbasov isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.
IDI məhkəmə prosesindəki mövcud pozuntuları nəzərə alaraq doqquz nəfərin dərhal azadlığa buraxılmasını tələb edir. İnstitut, həmçinin, Avropa Şurası Nazirlər Komitəsini Azərbaycanla bağlı Məmmədli qrupu işləri üzrə qərarların icrası çərçivəsində Toplum TV işi ilə əlaqədar müvafiq tədbirlər görməyə çağırır.
Demokratik Təşəbbüslər İnstitutu
27 oktyabr 2026-cı il
