"Müdafiəçi" Hüquq Mərkəzi barədə:
“Demokratik Təşəbbüslər İnstitutu” (bundan sonra – “İDİ”) ilə əməkdaşlıq edən insan haqları hüquqşünasları və İDİ-nin və digər vətəndaş cəmiyyəti təşəbbüslərinin həyata keçirdiyi hüquq təlimlərində yetişən gənc hüquqşünasların birgə əməkdaşlığı şəraitində “Müdafiəçi” Hüquq Mərkəzi ("Müdafiəçi") 26 sentyabr 2023-cü il tarixdən fəaliyyətə başlayıb. Qeyd edək ki, İDİ və Müdafiəçi bu fəaliyyət çərçivəsində insan haqları hüquqşünasları və gənc hüquqşünaslarla yanaşı, vəkillərlə əməkdaşlıq etməyi nəzərdə tutur.
Müdafiəçi insan haqlarının təməl aspektlərindən biri olan siyasi haqlar sahəsində hüquqi yardım və digər əlaqəli işləri həyata keçirməyi planlayır. Müdafiəçi siyasi haqların pozulması halları ilə əlaqədar insan haqqı pozulan fərdlərə və təşkilatlara ictimai əsaslarla hüquqi yardım göstərmək məqsədi daşıyır. Müdafiəçi hüquq pozuntusu ilə əlaqədar müraciət edən müvəkillərə hüquqi yardım – məsləhət, işinin hazırlanması, inzibati orqanlar, yerli və beynəlxalq məhkəmə instansiyaları qarşısında təmsilçilik xidmətləri təklif edir. Müdafiəçi siyasi hüquqların pozuntusu halları ilə əlaqədar tədqiqatlar aparmağı, eləcə də baş verən hüquq pozuntularına dair ictimai advokasi işi aparmağı hədəfləyir. Bununla yanaşı, Müdafiəçi mürtəce qanunların ortadan qalxması və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər və analizlər hazırlayır.
Müdafiəçi Hüquq Mərkəzinin heyəti:
Səməd Rəhimli - Mərkəzin rəhbəri
Səməd Rəhimli Bakı şəhərində fəaliyyət göstərən insan hüquqları üzrə hüquqşünasdır. Təhsili: Bakı Dövlət Universiteti (bakalavr).
O, 2013-cü ildən məhkəmə çəkişmələri, hüquqi araşdırmalar, məhkəmə prosesinin monitorinqi və hüquq təlimləri sahəsində peşəkar fəaliyyət göstərir. S. Rəhimli cinayət və cinayət-prosessual hüquq (xüsusilə azadlıqdan məhrum etmə və ədalətli məhkəmə araşdırması tələbləri), seçki məsələləri, toplaşma və birləşmə məsələləri, ifadə azadlığı, inzibati hüquq mübahisələri, sığınacaq müraciətləri, məişət zorakılığı, mülkiyyət hüququ ilə bağlı mülki məhkəmə çəkişmələri sahəsində ixtisaslaşıb. O, xüsusilə AİHM-ə və digər beynəlxalq tribunallara onlarla fərdi ərizələrin hazırlanmasında iştirak edib. Bundan əlavə, o, bir sıra beynəlxalq və milli monitorinq layihələrinin iştirakçısıdır.
Səməd Rəhimli ilə samed.rahimli89@gmail.com e-mail ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.