IDI nədir? Onun missiyası nədir? 

 

İDİ 2013-cü ildən bəri hüquq müdafiəsi və tədrislə məşğul olan qeyri-hökümət təşkilatıdır. İDİ-nin missiyası ictimai problemlərə həll təklif edərək, vətəndaşları müdafiə edərək, gənclərin bacarıqlarını artıraraq agah və təşəbbüskar cəmiyyət quruculuğuna töhfə verməkdir.

 

IDI hansı sahələrə fokuslanır? 

 

Demokratik Təşəbbüslər İnstitutu (IDI) seçki monitorinqi,  hüquqi yardım, ictimai müzakirələr, təhsil proqramları və tədqiqat istiqamətlərindəki fəaliyyəti sayəsində cəmiyyətə töhfə verməyi hədəfləyir.

 

IDI hansı proqramları və qeyri-kommersial xidmətləri təklif edir? 

 

Demokratik Təşəbbüslər İnstitutu əhalinin ictimai-siyasi agahlığının artırılmasına  töhfə vermək, vətəndaş cəmiyyətinə təşəbbüskar gəncləri cəlb etmək və onların qabiliyyət və bacarıqlarını artırmaq üçün bir sıra kommersiya məqsədi güdməyən fəaliyyətlər icra edir.  

İDİ, həmçinin, əhaliyə hüquqi müdafiə göstərməklə məşğuldur. Habelə, davamlı olaraq ictimai əhəmiyyətli mövzularda monitorinq və tədqiqat işləri aparır. 

İDİ-nin həyata keçirdiyi bir sıra təhsil proqramları vardır ki, jurnalistika, hüquqşünaslıq, hüquq müdafiəçiliyi, iqtisadiyyat, layihə menecerliyi və s. mövzularını əhatə edir. 

 

IDI digər təşkilatlarla əməkdaşlığa açıqdırmı? 

 

Demokratik Təşəbbüslər İnstitutu dəyər və mövqe istiqamətinə uyğun olan təşkilatlarla əməkdaşlığa açıqdır. Hazırda “Fakt Yoxla” və “Toplum TV” ilə əməkdaşlıq əlaqələri mövcuddur. 

 

IDI-nin əsas dəyərləri hansılardır? 

 

Haqq-hüquq 

Əsas haqq və azadlıqların o cümlədən, gender və həssas qrupların hüquqlarının müdafiəsi və təşviqi, ayrıseçkiliyin bütün formalarını rədd edərək hər kəsə bərabər yanaşma tədbiq etmək, idarəetmədə və sosial problemlərə münasibətdə ədalətlilik prinsipini qorumaq İDİ-nin əsas dəyəridir. 

İştirakçılıq

İDİ plüralizm və iştirakçılıq əsasında ölkə əhalisinin, xüsusilə gənclərin ictimai-siyasi proseslərdə fəallığını təşviq edir, təşəbbüskar və inkluziv bir cəmiyyətin qurulmasına dəstək verir. İştirakçılıq bizim üçün ictimai problemlərin həlli istiqamətində təşəbbüslərin dəstəklənməsi, təşkilatın missiyasını daşıyan liderlər yetişdirərək demokratik proseslərə töhfədir. 

Tolerantlıq 

İDİ tolerantlıq dedikdə zorakılığa, nifrətə və hər hansl ayrıseçkiliyə çağırış etməyən bütün ideoloji baxışlara, ifadə azadlığına hörmətlə yanaşmağı, konstruktiv tənqidin təşviqini nəzərdə tutur. Üzvlərimiz təşəbbüsləri, ideyaları, şikayət və təklifləri ilə təşkilatın inkişafına, tolerant və azad cəmiyyət qurulmasına töhfə verir. İDİ əməkdaşlarının, benefisiarların fərqli fikir və həyat tərzinə qarşı ayrıseçkiliyə məruz qalmaması, hər kəsin fikrinin dinlənildiyi və özünü aid hiss etdiyi bir mühitin yaradılmasını hədəfləyir.

İnstitusionallıq

İDİ qərar qəbul etmə, icra və nəzarət fəaliyyətlərində ardıcıllıq, dayanıqlılıq, intizamlılıq və kollegiallığı əsas tutur. Şəffaf və hesabatlı qurum olaraq İDİ özfəaliyyəti və onların nəticələri barədə ictimaiyyəti, benefisiarları və  üzvləri mütəmadi məlumatlandırır. 

 

IDI cəmiyyətə necə fayda verir? 

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) cəmiyyətə faydalılığı özünü aşağıdakı istiqamətlərdə  ehtiva edir:

gənclərin alternativ və qeyri-formal təhsil proqramlarından yararlanması; 

problemli məsələlərin həllində həssas qrupların hüquq və azadlıqlarının təminatı;

vətəndaş cəmiyyəti subyektlərinin yetişdirilməsi və dəstəklənməsi; 

şəffaflıq və hesabatlılığın artırılması üçün ictimai nəzarət funksiyasının formalaşdırılması; 

müxtəlif sosial təbəqədən olan insanların özlərini ifadə etməsi üçün müzakirə mühitinin təşkili; 

sülh və münaqişə transformasiyasının tərəfdaşlıq və kommunikasiya ilə dəstəklənməsi

 

IDI ilə tərəfdaşlığın faydaları nələrdir? 

Demokratik Təşəbbüslər İnstitutu (IDI) peşəkar komanda heyətinə və xüsusi auditoriyaya sahibdir. “İDİ” ilə  tərəfdaşlıq çərçivəsində müəyyənləşdirilmiş sahələr üzrə (hüquq, iqtisadiyyat, jurnalistika və s.) təlimlərin keçirilməsi, hüquqi yardım, ictimai müzakirələr, tədqiqat işləri və digər qeyri-kommersial xidmətləri təklif edir. İDİ-nin dəyərlərinə uyğun olaraq həyata keçirilən bütün fəaliyyətlərdə obyektivlik, hesabatlılıq, şəffaflıq, inklüzivlik və gender balansı təmin edilir.  


 

Təşkilat daxilində inklüzivlik necə təmin olunur? 

İnklüziv mühit Demokratik Təşəbbüslər İnstitutu üçün müxtəlif perspektivlərin təşviq edildiyi və qiymətləndirildiyi mühitdir. İşimizin və proqramlarımızın qurulmasında inkluzivlik əsas amillərdən biridir. Təşkilat daxili mühit gender meynstriminqi nəzərə alınmaqla formalaşdırılır.

Təşkilat daxilində ayrıseçkiliyin necə qarşısı alınır? 

Təşkilat daxilində iş mühitinin qurulmasında müxtəlif həssas qrupların ehtiyacları dəyərləndirilib,  hər kəs üçün bərabər və əlçatımlı mühitin formalaşması üçün çalışırıq. Şəxsə yönəlmiş diskriminasiya təşkilatın etik kodeksi çərçivəsində qiymətləndirilir.

 

Mən İDİ-nin təhsil proqramlarında və digər fəaliyyətlərində necə iştirak edə bilərəm? 

Bəlli vaxtlarda İDİ təhsil proqramlarına qeydiyyat üçün sosial şəbəkələr üzərindən paylaşımlar edir. İlk növbədə iştirak etmək istədiyiniz proqram üzrə qeydiyyatdan keçməlisiniz. Qeydiyyat mərhələsini uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunur. Müsahibə və qeydiyyat mərhələsinin nəticələri proqramın hədəflərindən irəli gələn kriteriyalar əsasında dəyərləndirilir, iştirakçı seçimləri aparılır. 

 

IDI-ni izləyə biləcəyim sosial media kanalları varmı? 

IDI-ni facebook və instagram sosial şəbəkələrindən izləyə biləriniz: 

Facebook: https://www.facebook.com/DTI.IDI

Instagram: https://instagram.com/idi.azerbaijan

 

IDI komandası ilə necə əlaqə saxlaya bilərəm? Media sorğuları və ya press-relizlər üçün kimə müraciət edə bilərəm? 

    İDİ komandası ilə email və ya sosial şəbəkə üzərindən əlaqə saxlaya bilərsiniz.

- email: info@idi-aze.org 

-Facebook: https://www.facebook.com/DTI.IDI

-Instagram: https://instagram.com/idi.azerbaijan

 

IDI şəxsi məlumatları necə qoruyur? Əlaqə məlumatlarını üçüncü tərəflərlə paylaşırsınızmı? 

 

Şəxsi məlumatların məxfiliyinin qorunması IDI üçün əsas prioritetdir. Biz əməkdaş və benefisiarlarımızın məlumatlarının təhlükəsizliyini və məxfiliyini təmin etmək üçün bütün müvafiq qanun və qaydalara ciddi şəkildə əməl edirik və məlumat sahibinin əlaqə məlumatlarını üçüncü tərəflərlə paylaşmırıq.

 

Qarşıdan gələn imkanlardan necə xəbərdar ola bilərəm? 

 

Demokratik Təşəbbüslər İnstitutu (IDI) tərəfindən həyata keçirilən layihələrin elanları “İDİ”nin rəsmi saytında və sosial media hesablarında paylaşılır. Yaradılan imkanlardan zamanında xəbərdar olmaq üçün bizi izləyin!

 

Tədbirlər və ya seminarlar üçün qeydiyyat haqqı varmı? 

Demokratik Təşəbbüslər İnstitutu tərəfindən həyata keçirilən layihələr ödənişsiz əsaslarla aparılır.