Azərbaycanda İfadə Azadlığının Vəziyyətinə dair Araşdırma Sənədi

Demokratik Təşəbbüslər İnstitutu (IDI) “Azərbaycanda İfadə Azadlığının Vəziyyətinə dair” Araşdırma Sənədi hazırlayıb. 

Araşdırmanın məqsədi Azərbaycanda ifadə azadlığının vəziyyətini təsvir etmək, beynəlxalq konvensiyaların ifadə azadlığına yanaşmasını əks etdirmək, yerli qanunvericiliyi təsvir və təhlil etmək, 2021-ci ildə ifadə azadlığına edilən müdaxilələrin xarakterini göstərmək, AİHM tərəfindən qəbul olunan  qərarların icra vəziyyətini araşdırmaq,  araşdırma nəticələrini təhlil etmək və sonda tövsiyələr verməkdir.

Sənədi hazırlayarkən media monitorinqi metodundan istifadə olunub. Məlumatlar müxtəlif yerli və beynəlxalq hesabatlardan, eləcə də bir sıra media vasitəsilərindən əldə edilib. Media monitorinqi açar sözlər vasitəsilə aparılıb və araşdırmanı əhatə edən konkret dövrlə (2021-ci ilin yanvar – dekabr ayları) məhdudlaşdırılıb. 

Araşdırma göstərir ki, Azərbaycanda ifadə azadlığının vəziyyətində əvvəlki illərə nisbətən irəliləyiş əldə olunmayıb. Qanunvericilikdə heç bir pozitiv dəyişiklik qeydə alınmayıb, eləcə də praktiki səviyyədə dövlət qurumları səlahiyyətlərindən sui-istifadə edərək ifadə azadlığına legitim olmayan müdaxilələr edib, bəzən də cəzalandırma səlahiyyətlərini şəxsin ifadə azadlığını məhdudlaşdırmaq üçün əsassız təzyiq vasitəsi kimi istifadə ediblər. Sosial mediada müxalif fikirlərinə görə siyasi və ictimai fəalların saxlanması, təzyiq və təhdidlərə məruz qalması ifadə azadlığı və birləşmək hüququnun kobud şəkildə pozulması ilə müşahidə olunub. Belə ki, 2021 -ci il ərzində 6 nəfər paylaşımlarına və fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edilib. 

Ən böyük problemlərdən biri qanunvericilikdə diffamasiyaya görə cinayət məsuliyyətinin olması və praktikada bu maddənin tətbiq olunmasıdır. 2021-ci ildə Azərbaycana qarşı Konvensiyanın 10-cu maddəsinin pozuntusu tanınan işlərdə də bu  problem təkrar-təkrar vurğulanıb. Cinayət Məcəlləsindəki bu tip maddələrdən biri prezidentin şərəf və ləyaqətini qoruyan maddədir. Halbuki AİHM-in qərarlarında dəfələrlə qeyd olunub ki, dövlət nümayəndələrinin, ictimai və siyasi xadimlərin, o cümlədən rəhbər şəxslər tənqidə qarşı daha tolerant olmalıdır.

AİHM-in Azərbaycana qarşı bir çox işdə əsas pozuntu tapdığı məqamlardan digəri cəzaların mütənasib olmamasıdır. Belə ki, həmin qərarlarda yerli məhkəmələrin ən ağır sanksiyaları seçdiyi, mövzunun ictimai debata töfhə vermə və şəxsin ictimai həyatdakı rolu kimi  faktorları nəzərə almadığı bildirilib.  

AİHM 2021-ci ildə ümumilikdə 85 işdə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib. Sıralamada 3-cü olan Azərbaycana qarşı çıxarılan 6 qərarda ifadə azadlığı hüququnun pozuntusu tanınıb. Ümumən isə AİHM Azərbaycana qarşı ifadə azadlığı pozuntusu ilə bağlı indiyə qədər 16 qərar qəbul edib.

 

Bu qərarlarının icra vəziyyətinə baxdıqda isə görə bilərik ki, hökumət Avropa Şurası Nazirlər Komitəsinin qətnamələrinə və çağırışlarına baxmayaraq qərarların tam və istisnasız icrasına əməl etmir. Kompensasiya hissəsini əsasən icra etsə də, qanunvericiliyin standartlara uyğunlaşdırılması, konkret tədbirlərin görülməsi, pozuntuların aradan qaldırılması, cinayətə yol verən şəxslərin məsuliyyətə cəlb olunması və AHİM təcrübəsinin sonrakı məhkəmə çəkişmələrində bir qayda olaraq tətbiq edilməsinə əhəmiyyət vermir. 

Qeyd olunan məsələlər əhatəli şəkildə hesabatda araşdırılaraq sonda yekun nəticələr və zəruri tövsiyələr qeyd edilib.