Azərbaycanda İnklüziv Təhsilin Vəziyyətinə dair Araşdırma Sənədi

Azərbaycanın səlahiyyətli dövlət qurumlarının hesabatlarında müavinət alan sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqların sayı fərqli göstərilir. Belə ki, Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin əvvəlində belə uşaqların sayı 71934, Təhsil Nazirliyinin məlumatına görə bu say 65482 nəfərdir. 2005-2009-cu illərdə 268 nəfər inklüziv təhsilə cəlb edildiyi halda, 2015-2017-ci illər ərzində yalnız 40 nəfər şagird pilot məktəblərdə eksperimental siniflərdə inklüziv təhsilə cəlb edilib.

Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər) çərçivəsində beynəlxalq və yerli qeyri-hökümət təşkilatların dəstəyi ilə 3 pilot layihə həyata keçirilib ki, bu çərçivədə 2004- 2005-ci tədris ilində ölkə üzrə 14 ümumtəhsil, 13 məktəbəqədər təhsil müəssisəsində inklüziv təhsil tətbiq olunub.

Rəqəmlərdən də görünür ki, sağlamlıq imkanları məhdud uşaqların 77%-i nəinki inklüziv təhsilə, ümumiyətlə təhsilə cəlb olunmayıb. Bu həmin uşaqların təhsil hüququnun birbaşa pozulmasıdır və buna cavabdeh olan müvafiq qurumların problemin səbəbləri və həlli yolları barədə hesabatlılığı çox önəmlidir.

Ölkəmizdə inklüziv təhsilin tətbiq olunduğu məktəbəqədər müəssisələr və ümumtəhsil məktəbləri sağlamlıq imkanları məhdud uşaqların sayına nisbətdə əhəmiyyətli dərəcədə azlıq təşkil edir. Xüsusilə, regionlarda sağlamlıq imkanları məhdud uşaqların valideynləri uşaqlarına təhsil veriləcək müəssisələrə çatımlılıqla bağlı ciddi problemlər yaşayır. Bu məsələdən qaynaqlanan problemlərə görə valideynlər evdə təhsilə üstünlük verir. Övladları evdə təhsil alan valideynlərlə aparılmış müsahibələr müəllimlərin evdə təhsilə əsasən məsuliyyətsiz yanaşdığını göstərir.

Bu sahədə digər problemlər inklüziv təhsil alan uşaqlar üçün xüsusi proqram, dərslik, qiymətləndirmə metodlarının olmaması, dərsdənkənar fəaliyyət növlərini əhatə edən dövlət hesablı mərkəzlərin sayının az olması, sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazasının, inklüziv təhsilin yuxarı pillələrini əhatə edən layihələrin, proqramların olmamasıdır. İnklüziv təhsil uşaqların sosial bilik və bacarıqlara yiyələnməsi və gələcəkdə özünü cəmiyyətdə reallaşdıra bilməsi üçün önəmlidir. Təsadüfi deyil ki, dünya ölkələrində inklüziv təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud uşaqların sayı digər təhsil formalarına cəlb olunanların sayını dəfələrlə üstələyir.

İnklüziv təhsilin əsas prinsipləri:

- şagirdin ailəsi ilə birlikdə qalması

- valideynləri ilə sıx əməkdaşlıq

- fərdi inkişaf-təhsil planının olmasıdır.

İnklüziv təhsilin əsas məqsədi hamı ilə birlikdə, amma ehtiyaclara uyğunlaşdırılmış fərdi inkişaf və təhsil proqramını tətbiq etməklə bu uşaqları sosial həyata inteqrasiya etdirməkdir. Bütün bunlar uşağın inkişafı, özünütəsdiqi və gələcəyi üçün əhəmiyyətli məsələlər hesab olunduğundan Dövlət Proqram və layihə icraçıları bu sahədə ciddi dəyişiklik etmək niyyətlərində qətiyyətli olmalıdırlar.

Araşdırmanın məqsədi Azərbaycanda inklüziv təhsilin ümumi vəziyyətini və ona münasibətin öyrənilməsi, problemlərin müəyyən edilib, uyğun tövsiyələrin təklif edilməsindən ibarətdir.