Pis Rəftara dair Media Monitorinqi (2019-2021) - Hesabat

Demokratik Təşəbbüslər İnstitutu(IDI) “Pis Rəftara dair Media Monitorinqi - Hesabat (2019-2021)” hazırlayıb.

Hesabatın hazırlanması zamanı beynəlxalq və yerli qanunvericilik nəzərdən keçirilib, pis rəftar və işgəncəyə məruz qalmamaq hüququnun anlayışı verilib. 

İşgəncə və pis rəftarın bütün növləri həm beynəlxalq, həm də yerli qanunvericiliklə qadağan edilib. İşgəncənin qadağan olunması Avropa İnsan Hüquqları Konvensiyasının(AİHK)  üç mütləq hüququndan biridir və heç bir halda məhdudlaşdırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) də öz presedentlərində dövlətin pozitiv və neqativ öhdəliklərini dəfələrlə vurğulamış, dövlətlərin üzərində yurisdiksiya dairəsindəki fərdlərə qarşı işgəncə və digər pis rəftar növlərini tətbiq etməyi qadağan etməklə yanaşı, belə halların effektiv araşdırılması öhdəliyini də qoymuşdur. 

2021-ci ilin sonuna qədər AİHM Azərbaycana qarşı 44  işdə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu tanıyıb. AİHM 3 dəfə işgəncəyə məruz qalmamaq hüququnun, 29 işdə qeyri-insani və ləyaqəti alçaldan davranışa məruz qalmamaq hüququnun pozulduğu və 24 dəfə effektiv araşdırılma aparılmadığı qənaətinə gəlib.

Praktiki vəziyyətin dəyərləndirilməsi üçün media monitorinqi metodundan istifadə edilib. Media monitorinqi 01 yanvar 2019 - 31 dekabr 2021-ci  illər arası dövrü əhatə edib. Media monitorinqi google axtarış sistemində və ayrılıqda “Azadlıq” radiosu, “Meydan TV”, “Toplum TV”, “BBC Azərbaycanca”, Turan İA və s. informasiya resurslarının saytlarında aparılıb.  

2019-ci il üzrə aparılan monitorinq nəticəsində mediada 27 pis rəftar iddiasına rast gəlinib. Bu rəftarlardan 1-nin ictimai və ya şəxsi yerlərdə, 26-nın aktiv dövlət nəzarəti olan yerlərdə baş verdiyi iddia olunur. 2020-ci il üzrə mediada 33 pis rəftar iddiasına rast gəlinib. Bu rəftarlardan 3-nün ictimai və ya şəxsi yerlərdə, 11-nin həm ictimai və ya şəxsi yerlədə, həm də aktiv dövlət nəzarəti olan yerlərdə və 19-nun aktiv dövlət nəzarəti olan yerlərdə baş verdiyi iddia olunur.  2021-ci il üzrə aparılan media monitorinqi nəticəsində isə 37 pis rəftar iddiasına rast gəlinib. Bu rəftarlardan 11-nin ictimai və ya şəxsi yerlərdə, 26-nın aktiv dövlət nəzarəti olan yerlərdə baş verdiyi iddia olunur.  

İddia olunan pis rəftar motivlərinə aşağıdakılar daxildir: aksiyada iştirak; seçkidə saxtakarlıqların ifşasının qarşısını almaq; cinayət işi ilə bağlı etiraf xarakterli ərizəni imzalamağa məcbur etmək; karantin qaydalarını pozmaq; siyasi fəaliyyətdən çəkindirmək; maşının cəriməsi olduğu və polis dayanma əmrini verdiyi halda dayanmamaq; vəkil müdafiəsindən imtina barədə ərizəni imzalamağa məcbur etmək; polis barədə şikayətdən imtinaya məcbur etmək; AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə verməyə məcbur etmək; saxta ifadəyə imza atdırmaq; iş başında polisi videoya çəkmək. özünə xəsarət yetirdiyi barədə etiraf xarakterli ərizə və üzr videosu tələb etmək; cinayət işi ilə bağlı etiraf xarakterli ifadə verməyə məcbur etmək.

Hesabatın nəticə hissəsində müəyyən edilmişdir ki, ölkədə pis rəftar və işgəncəyə məruz qalmamaq hüququ praktikada davamlı olaraq pozulub. Qanunvericilikdə pis rəftara məruz qalmamaq hüququ ilə bağlı bəzi normalar olsa da, bu, praktikada səmərəli tətbiq edilmir.

Hesabatın sonunda atılmalı addımlara dair əsas tövsiyələr verilib.