Təqsirsizlik Prezumpsiyası ilə bağlı AİHM-in Azərbaycana qarşı Qərarlarının İcra Vəziyyətinə dair Hesabat

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc Hüquq Müdafiəçilər" təlimlər proqramının məzunu “Təqsirsizlik Prezumpsiyasi ilə bağlı AİHM-in Azərbaycana qarşı Qərarlarının İcra Vəziyyətinə dair Hesabat” hazırlayıb.

Hesabatda təqsirsizlik prezumpsiyası anlayışı, təqsirsizlik prezumpsiyasına yerli və beynəlxalq qaunvericilikdə verilən təminatlar, Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycana qarşı təqsirsizlik prezumpsiyasının pozuntusu tanıdığı işlərin məzmunu və icra vəziyyəti yer alır. 

Qanunvericilyin monitorinqi nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təqsirsizlik prezumpsiyası ilə bağlı müddəalar əks olunsa da, təqsirsizlik prezumpsiyasının pozulmasına görə hansı növ məsuliyyət daşınması qanunvericilikdə konkret olaraq göstərilməyib. Bu da təqsirsizlik prezumpsiyası ilə bağlı yerli qanunvericilikdə olan boşluqlardan biri hesab edə bilər.

Azərbaycanın da üzv olduğu və təqsirsizlik prezumpsiyasını özündə əks etdirən sənədlərdə də təqsirsizlik prezumpsiyasının müdafiəsi beynəlxalq sferada əsas prioritetlərdən biri  hesab edilir.  Məsələn, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (Maddə 11), Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (Maddə 14), Avropa İnsan Hüquqları Konvensiyası (Maddə 6.2).

Avropa  İnsan Hüquqları Konvensiya ratifikasiya etdikdən (15 aprel 2002-ci il) bugünə qədər Azərbaycana qarşı 10 işdə məhkəmə pozuntu 6.2-ci maddənin (təqsirsizlik prezumpsiyasının) pozuntusunun tapmışdır. 

AİHM dövlət qurumlarının bəyanatlarının təqsirsizlik prezumpsiyasının pozulduğunu, dövlət orqanlarının istifadə etdikləri ifadələrin seçimində ehtiyatın çatışmadığını dəfələrlə qeyd etmişdir.  Məhkəmə qəbul edir ki, bəzi işlərdə ərizəçinin yüksək ictimai-siyasi nüfuzunun olması faktı dövlət orqanlarından tələb edə bilərdi ki, ictimaiyyəti ona qarşı cinayət ittihamlarından və cinayət prosesinin gedişindən məlumatlı saxlasınlar. Lakin Məhkəmə davamlı olaraq vurğulamışdır ki, şəxsin mühakimə olunmasından və konkret cinayətdə təqsirli bilinməsindən əvvəl dövlət rəsmiləri tərəfindən verilən bəyanatlarda ifadələrin seçimi mühüm əhəmiyyət kəsb edir.

Yuxarıda qeyd olunan 10 qərardan 8-də müəyyən edilən təzminatlar ərizəçilərə tam ödənilmiş, 1 qərarda (Muradverdiyev Azərbaycana qarşı) təzminat nəzərdə tutulmamış, 1 qərarda isə (Fətullayev Azərbaycana qarşı) Hökumət təzminatın ödənilməsi ilə bağlı Məhkəməyə heç bir məlumat verməmişdir.  

Araşdırılan 10 qərardan sadəcə 2 qərar barəsində Hökumət Məhkəməyə Fəaliyyət Planı təqdim etmişdir. Hökumət qərarların icrası ilə bağlı əsas diqqəti təzminatın ödənilməsinə yönəltsə də, digər tədbirlərin həyata keçirilməsi arxa plana keçmişdir.

Təkcə qərarların icrası ilə bağlı yox, həm də qərarların icrası mexanizmində müəyyən problemlər var. Belə ki, AİHM qərarları üzrə konkret olaraq məsul bir dövlət qurumu yoxdur. Əslində isə, belə bir qurumun yaradılmasına zərurət vardır. Həm də bu qurumun fəaliyyəti ərizəçilər, onların nümayəndələri, bütünlükdə cəmiyyət üçün açıq olmalıdır. Bu iki məsələ yekunda Azərbaycanda təqsirsizlik prezumpsiyasının tam şəkildə həyata keçirilməsinə mane olur və yekunda Məhkəmə tərəfindən çıxarılan qərarların icra olunmamasına gətirib çıxarır.  

Hesabatın sonunda yekun nəticələr və zəruri tövsiyyələr qeyd edilib.