"Müdafiəçi” Hüquq Mərkəzinin 26.09.2023-cü il tarixli Təqdimat Tədbirinin Bəyanatı

Hüququn aliliyini nümayiş etdirən deyimlərdən biri Prussiya kralı Böyük Fridrixlə bir dəyirmançının dialoquna əsaslanır. Hekayəyə görə Böyük Fridrix Potsdamda saray tikdirmək üçün bir dəyirmanı almaq istəyir. Dəyirmançı satmaq istəməyəndə kral ona bildirir ki, istəsə həmin dəyirmanı bir qəpik ödəmədən də ala bilər. Bu halda dəyirmançı Böyük Fridrixə belə cavab verir: “Əlbəttə, əlahəzrət. Əgər Berlində Ali Məhkəmə olmasaydı, onda siz rahatlıqla bunu bacara bilərdiniz”. Bu ifadə məşhurlaşır və onun “Berlində məhkəmə var” yaxud “Berlində hakimlər var” versiyaları da mövcuddur. Bu hekayə hüququn aliliyi və onun bir aspekti olan məhkəmə müstəqilliyinin hakimi-mütləq monarxdan belə üstünlüyünü nümayiş etdirdiyi üçün müxtəlif versiyaları ilə bilinir.

Bugün (26.09.2023) təsis edildiyi və fəaliyyətə başladığı bəyan edilən “Müdafiəçi” Hüquq Mərkəzi (bundan sonra – “Müdafiəçi”) “Berlində hakimlər var” aforizmindən ilhamlanaraq özünə “Bakıda da məhkəmə olsun“ devizini seçir. Bu devizi seçməklə “Müdafiəçi” Azərbaycanda hüququn aliliyi istiqamətində işlər görmək niyyətini ifadə edir. “Müdafiəçi”nin yaradılmasına səbəb olan zərurət nədir?

Hazırda vətənimiz Azərbaycanda hüquq böhranı yaşanır. Bu böhran günümüzə aid hadisə deyil və onun dərin kökləri var. Ölkəmizdə baş verən iqtisadi böhran barədə çox danışılsa da, yaşadığımız hüquqi böhran iqtisadiyyat qədər diqqət cəlb etmir və bu böhrana vahid konsept kimi qiymət verilmir. Həmvətənlərimiz yalnız iqtisadi böhrandan əziyyət çəkmirlər. Onlar həmçinin hüquqi böhranın qurbanına çevrilirlər.

Yaşadığımız hüquq böhranı sistemli insan haqları pozuntularında, hüquq pozuntularına zəmin hazırlayan mürtəce qanunvericiliyinin qəbul edilməsində, məhkəmələrin faktiki olaraq asılı olmasında, mövcud qanunvericiliyin sistemli pozulmasında, dövlət orqanları tərəfindən özbaşınalığa,  nihilizmə yol verilməsində, hüquq mədəniyyətinin formalaşmamasında təzahür edir. Ölkəmizin mövcud siyasi şəraitində dövlət orqanları tərəfindən törədilən hüquq pozuntuları daxil olmaqla hüquq böhranı dərinləşməyə davam edir.

2013-2014-cü illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinin əhəmiyyətli şəkildə sıradan çıxarılmasından sonra həmvətənlərimizə hüquqi yardım göstərən hüquqi QHT-lərin fəaliyyəti də sarsılıb. Hazırkı dövrə qədər vətəndaşlarımızın yaşadığı hüquqi yardım çatışmazlığı sistemli olaraq aradan qaldıra biləcək təşəbbüslər bütün hüquqi istiqamətləri üzrə formalaşdırılmayıb. 2018-ci ildən isə müstəqil hüquqi nümayəndəlik institutunun məhkəməyə çatımlılığının aradan qaldırılması və ölkədə hüquq peşəsi üzərində inhisar yaradılması ilə isə yaşanan hüquqi yardım defisiti dərinləşib.

Beləliklə, ölkəmizin yaşadığı sistemli hüquq böhranı və ağır hüquqi yardım çatışmazlığı “Müdafiəçi”nin təsis edilməsini zəruri edib.

Yuxarıda vurğulanan əsalarla iş görmək məqsədilə “Demokratik Təşəbbüslər İnstitutu” (bundan sonra – “İDİ”) ilə əməkdaşlıq edən insan haqları hüquqşünasları və İDİ-nin və digər vətəndaş cəmiyyəti təşəbbüslərinin həyata keçirdiyi hüquq təlimlərində yetişən gənc hüquqşünasların birgə əməkdaşlığı şəraitində “Müdafiəçi” fəaliyyətə başlayır. Qeyd edək ki, İDİ insan haqları hüquqşünasları və gənc hüquqşünaslarla yanaşı, vəkillərlə əməkdaşlıq etməyi nəzərdə tutur.

“Müdafiəçi” insan haqlarının təməl aspektlərindən biri olan siyasi haqlar sahəsində hüquqi yardım və digər əlaqəli işləri həyata keçirməyi planlayır.  “Müdafiəçi” siyasi haqların pozulması halları ilə əlaqədar insan haqqı pozulan fərdlərə və təşkilatlara ictimai əsaslarla hüquqi yardım göstərmək məqsədi daşıyır. “Müdafiəçi” hüquq pozuntusu ilə əlaqədar müraciət edən müvəkillərə hüquqi yardım – məsləhət, işinin hazırlanması, inzibati orqanlar, yerli və beynəlxalq məhkəmə instansiyaları qarşısında təmsilçilik xidmətləri təklif edir. “Müdafiəçi” siyasi hüquqların pozuntusu halları ilə əlaqədar tədqiqatlar aparmağı, eləcə də baş verən hüquq pozuntularına dair ictimai advokasi (vəkillik) işi aparmağı hədəfləyir.  Bununla yanaşı,  “Müdafiəçi”  mürtəce qanunların ortadan qalxması və qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər, analizlər hazırlayacaq.

“Müdafiəçi” Azərbaycanda faktiki olaraq müstəqil məhkəmə müdafiəsi imkanlarının zəif olduğunu anlayır. Bununla yanaşı, “Müdafiəçi” yaranan hüquq böhranına reaksiya verilməsi naminə hüquq pozuntusu problemlərinin həm ölkədaxili məhkəmə instansiyalarında, həm də müstəqil beynəlxalq insan hüquqları məhkəmələri (xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsi) qarşısında qaldırmağın vacib olduğunu hesab edir. “Müdafiəçi” hesab edir ki, gecikmiş ədalət total ədalətsizlikdən əfzəldir.

Bu anlayışa əsasən “Müdafiəçi” siyasi haqları pozulan vətəndaşlarımızı qarşılaşdıqları hüquq pozuntuları ilə əlaqədar tərəfimizə müraciət etməyə səsləyir.