Azərbaycanda Əmək Bazarı Trendləri - Araşdırma Sənədi

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda əmək bazarı trendləri ilə bağlı sənəd hazırlayıb.

Tədqiqatın ilk bölməsində Azərbaycanda əmək bazarının mövcud durumu araşdırılıb. Sovet İttifaqının dağılması və azad bazar sisteminə keçid ilə birlikdə gələn özəlləşdirmə prosesi nəticəsində özəl sektorda çalışanların sayında qeydə alınan davamlı artım ölkədə əmək bazarında müşahidə edilən əsas trendlərdən biridir. 2021-ci ilin göstəricilərinə əsasən, ölkə üzrə məşğulluqda dövlət sektorunda çalışanların xüsusi çəkisi 22.4 faizə, özəl sektorda çalışanların xüsusi çəkisi isə 77.6 faizə bərabər olub. Ancaq muzdlu işçilər arasında hələ də dövlət sektorunda çalışanlar (52%) üstünlük təşkil edir. Bu baxımdan, Azərbaycanda məşğulluqda dövlətin payının ən çox olduğu ölkələrdən biridir.

İşsizlik göstəricinə gəldikdə isə, rəsmi rəqəmlərdən aydın olur ki, xüsusilə 2000-ci illərin ortalarından etibarən ölkəyə böyük neft gəlirləri daxil olduqdan sonra işsizlik göstəricisində ardıcıl azalma gözə çarpır. İşsizliyin ən aşağı həddinin qeydə alındığı 2019-cu ildə bu göstərici 4,8%-ə qədər ensə də, 2020-ci ildə anidən qalxaraq 7,2%-ə çatıb. Bunun əsas səbəbi kimi pandemiya məhdudiyyətləri səbəbi ilə bir çox sahələrdə iqtisadi fəaliyyətin zəifləməsi göstərilir.  2021-ci ildə işsizlik bir qədər azalaraq 6%-ə düşsə də pandemiyadan öncəki səviyyəyə dönə bilməyib. Ancaq onu da qeyd etmək lazımdır ki, müstəqil ekspertlər Azərbaycanda real işsizlik göstəricisinin daha yüksək olması qənaətindədir. Ölkə qanunvericiliyinə görə, pay torpağı olanların həmin torpağı əkib-əkməməsindən asılı olmayaraq məşğul hesab edilməsi kimi amillər bunun əsas səbəbidir. Onu da qeyd edək ki, Azərbaycan həm də qeyri-rəsmi məşğulluğun səviyyəsinin yüksək olması ilə seçilir. Bu səbəbdən xeyli insan rəsmi qeydiyyat olmadan işlədiyi üçün, onlar pandemiya dövründə hökümətin işini itirən şəxslər üçün nəzərdə tutduğu sosial müdafiə tədbirlərindən yararlana bilmədilər.

Araşdırmanın ikinci bölməsində fəaliyyət növlərinə görə, məşğul əhalinin strukturu araşdırılıb. Açıqlanan göstəricilərdən bəlli olur ki, son 5 il ərzində iqtisadi fəaliyyət növləri üzrə məşğul əhalinin strukturunda əhəmiyyətli dəyişiklik müşahidə edilməyib. Həmin dövrdə emal və  ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində çalışan işçilərin sayında nisbi artım qeydə alınıb. Azərbaycanda hələ də əhalinin  böyük bir hissəsi kənd təsərrüfatı sektorunda çalışır ki, onların da çox böyük hissəsini bölgələrdə yaşayan əhali təşkil edir. Lakin nəzərə alaq ki 2021-ci il üzrə ÜDM-nin təşkilində ümumi məşğul əhalinin 36.3%-i qədər işçi qüvvəsi olan kənd təsərrüfatı sektorunun payı sadəcə 5.88%-dir. Bu situasiya bizə ümumilə iqtisadiyyatda və əmək bazarında ciddi problemlərin olduğundan xəbər verir.

“İqtisadiyyatda işçi qüvvəsinin hərəkəti” adlanan üçüncü bölmədə rəsmi rəqəmlər əsasında ölkədə hansı sahələrdə işdən ayrılmaların artması, eləcə də, hansı sahələrə daha çox yönəlmə olması araşdırılıb. Statistik göstəricilərin təhlili göstərir ki, Azərbaycanda ən güvənli iş mədənçıxarma sənayesindədir. Eyni zamanda daim işçilərin sayının dəyişdiyi tikinti sahəsi ən azgüvənli iş sahəsi kimi nəzərə çarpır. Bu isə, 2021-ci il göstəricilərinə əsasən, məşğul əhalinin 7.5%-nin daim işini itirmək təhlükəsi ilə işlədiyi və ya daha çox müvəqqəti və daimi olmayan işdə işləməsi mənasına gəlir. Eyni zamanda, inzibati və yardımçı xidmətlərin göstərilməsi, ticarət və nəqliyyat vasitələrinin təmiri və emal sənayesi sahələrində də daimi şəkildə işəgötürmələrinin və işdən çıxarılmalarının sayının yüksək olduğu nəzərə çarpır.

Araşırmanın dördüncü bölməsi ali təhsil və əmək bazarı arasındakı əlaqənin təhlilinə yönəlib. Statistik göstəricilərdən aydın olur ki,  təhsil, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə ixtisaslarına maraq daha çoxdur. Əhalinin çox hissəsinin çalışdığı kənd təsərrüfatı ixtisasları qrupunun ən az seçilən ixtisas qruplarından olduğu görünür. Bu tendensiyalar ixtisas seçimi ilə yanaşı hazırda təhsil alan tələbələrin sayında da müşahidə olunur.

Bu tipli uyğunsuzluqların əsas səbəbi düzgün aparılmayan və təhlil olunmayan siyasətdir ki, bunun aradan qaldırılması da məhz dövlətin əlindədir. Belə statistikalarda daha detallı informasiyanın və dataların verilməməsi isə tədqiqatçılar üçün çətinlik törədir və analiz prossesinin daha az effektiv olmasına səbəb olur. Bu baxımdan, dövlət qurumlarının daha əhatəli statistik göstəriciləri açıqlaması çox əhəmiyyətlidir. Bu, dövlətin hesabatlılığının artmasına, vətəndaşların qərar qəbulu prosesində daha aktiv iştirakına gətirib çıxara bilər.

Araşdırmanın beşinci bölməsində peşə və orta ixtisas təhsili müəssisələri vasitəsi ilə kadr hazırlığının vəziyyəti araşdırılıb. Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycanda peşə və orta ixtisas təhsil müəssisələrinə olan tələb ali təhsil müəssisələri ilə müqayisədə aşağıdır. Burada əsas iki səbəb gözə çarpır: insanların prestij baxımından bu təhsil müəssisələrinə daha az üstünlük verməsi və dövlətin bu təhsil müəssisələrinə ali təhsil müəssisələrindən az pul ayırması. Rəsmi statistik məlumatlar ölkədə peşə təhsilinə marağın zəiflədiyini göstərir. Məsələn, 1991-ci ildə ölkədə 82 188 nəfər təhsilin bu pilləsində təhsil aldığı halda sonra illərdə bu göstəricilər kəskin şəkildə azalmağa başlayıb və hazırda onların sayı 20 000 nəfərə qədər azalıb. 

“Əmək bazarında qlobal trendlər və məsafədən iş” adlanan altıncı hissədə isə Covid-19 pandemiyasının əmək bazarında yaratdığı qlobal trendlərin araşdırılması ilə bağlıdır. Bu bölmədə məsafədən iş anlayışının işçilər və şirkətlər üçün yaratdığı çağırışlar gözdən keçirilir. Tədqiqat çərçivəsində məsafədən işin yaratdığı çağırışlarla bağlı keçirilən sorğunun nəticələrindən aydın olur ki,  işçilərin bu barədə ən böyük narahatlıqları sosiallaşmaq imkanlarının məhdudluğu ilə bağlıdır. Respondentlərin 66.7%-i bunu özünə ən əsas problem kimi görür. Respondentlərin 60%-i tərəfindən növbəti problem olaraq komfort zonaya aludəçiliyin yaranması göstərilib. Növbəti seçilən problemlər isə tənbəllik və sağlamlıq problemləridir. Bu variantların hər ikisi respodentlərin 33.3%-i tərəfindən seçilib.

Araşdırmanın nəticəsi göstərdi ki, bəzi hallarda şirkətlər işçilərin evdə qalmağını əsas gətirərək onların iş yükünü daha da artırırlar. Bu tipli hallar işçinin motivasiyasına mənfi təsir göstərərək onun məhsuldarlığını aşağı salır.