Ümumdünya Ticarət Təşkilatı və Azərbaycanın kənd təsərrüfatı - Araşdırma Sənədi

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və Azərbaycanın bu quruma üzvlüyünün ölkənin kənd təsərrüfatına potensial təsirləri ilə bağlı sənəd hazırlayıb.

Araşdırmanın ilk bölməsində ÜTT-nin kənd təsərrüfatı ilə bağlı yanaşması gözdən keçirilir. ÜTT millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. ÜTT-yə qəbul zamanı ölkələrin statusu fərqləndirilir və bəzi şərtlər də bu statusla əlaqələndirilir. Bu şərtlərə, əsasən tarif güzəştlərinə keçid dövrü (bazara çıxış), kənd təsərrüfatında daxili və ixraca olan  subsidiyaların həcmi daxildir. Bazara çıxış ÜTT üzvləri tərəfindən ticarətdə tarif və qeyri-tarif maneələrinin azaldılmasını nəzərdə tutur. Kənd təsərrüfatına üzrə ÜTT Sazişi tariflərinin aşağıdakı qaydada azaldılmasını tələb edir:

İnkişaf etmiş ölkələr üçün altı il ərzində hər bir tarif xətti üzrə minimal 15% azaltma ilə orta hesabla 36% azaltma

İnkişaf etməkdə olan ölkələr tərəfindən on il ərzində hər bir tarif xətti üzrə minimal 10% azaltma ilə orta hesabla 24% azaltma

Tədqiqatın ikinci bölməsində ÜTT-yə üzvlükdən gözləntilər araşdırılıb. ÜTT-yə qəbul hər bir ölkə üçün spesifik xüsusiyyətlərə malik olan prosesdir və üç ildən on beş ilə qədər davam edə bilər. Azərbaycanın ÜTT-yə üzv olması tənzimləmə, əqli mülkiyyət, investisiyalar sahəsində beynəlxalq standartlara cavab verməyən qanunların daxil olduğu qanunvericiliyin təkmilləşdirilməsi ilə birbaşa bağlıdır. ÜTT-yə qəbul Azərbaycanın ticarət siyasətinin proqnozlaşdırılmasına, şəffaflığın artırılmasına və beynəlxalq tərəfdaşlarla ticarətin artırılmasına imkan verəcək. İnvestorlar xarici ölkələrə investisiya yatırmaq üçün qərarlar qəbul edərkən əsasən daha əlverişli investisiya mühiti və proqnozlaşdırıla bilən investisiya siyasəti olan ölkələri axtarırlar. ÜTT-yə üzvlük ÜTT-nin “şəffaflıq” prinsipi sayəsində investisiyaya müsbət təsir etməklə, xarici investisiyaların cəlb edilməsinə əhəmiyyətli töhfə verir. Eyni zamanda, xarici sahibkarlar ÜTT-nin digər prinsipi olan “milli rejim”in (xarici və yerli sahibkarlar arasında ayrı-seçkiliyin tətbiq olunmaması) tətbiq edildiyi ölkələrə daha çox sərmayə yatırırlar.

Araşdırmanın üçüncü bölməsində Azərbaycanda kənd təsərrüfatı istehsalının cari vəziyyəti araşdırılıb. Son bir neçə ildə kənd təsərrüfatı məhsullarında genişlənmə müşahidə olunsa da, istehsalı əhəmiyyətli dərəcədə artırmaq üçün şərait uyğun deyil.  Kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı, neft sektorunun ümumi iqtisadi artımda təsirinin xüsusilə gücləndiyi 2000-2010-cu illər ərzində 16,1 faizdən 5,5 faizə enmişdir. 2010-2020-ci illər ərzində isə kənd təsərrüfatı məhsulları istehsalının ÜDM-də payı 5,5 faizdən 6,7 faizə yüksəlmişdir.(Pandemiya dövründə isə bu göstərici geriləyərək 5.9 faizə düşmüşdür.)

2021-ci il ərzində kənd təsərrüfatı 9163,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 4652, 4 milyon manatı heyvandarlıq, 4511 milyon manatı isə bitkiçiliyin payına düşür. Heyvandarlığın bitkiçilik sahəsi ilə müqayisədə yüksək templə artımı, habelə nisbətən aşağı əlavə dəyərin yaradıldığı taxılçılıq sahələrinin ekstensiv metodlarla genişləndirilməsi müqabilində, yüksək əlavə dəyərin yaradıldığı digər məhsulların istehsalında baş verən geriləməyə görə ümumi kənd təsərrüfatı məhsulları istehsalının strukturunda bitkiçilik məhsulları istehsalının payı 1995-ci ildəki 57,5 faizdən 2021-ci ildə 49 faizə enmişdir.

Araşdırmanın sonun hissəsində nəticə və tövsiyələrə yer verilib. Burada qeyd edilir ki, Azərbaycanda kənd təsərrüfatı sektorunun istənilən qədər inkişaf etməsi ölkənin bu sahədəki potensialının tam gerçəkləşməsinə əngəl olur. Bu baxımdan, ÜTT-yə üzvlük və mövcud standartların beynəlxalq təcrübəyə uyğunlaşdırılması ölkənin kənd təsərrüfatında məhsuldarlığı artıra bilər. Bu isə, öz növbəsində həm idxal asılılığının azaldılması, həm də, məşğulluq imkanlarının artırılması baxımından əhəmiyyəti dəyişikliklərə səbəb ola bilər. Eyni zamanda, hökumətin ÜTT-yə üzv olmamaqla bağlı istifadə etdiyi arqument və narahatlıqlar heç də, həll edilməyəcək məsələlər deyil və müvafiq dəyişiklikləri həyata keçirməklə ÜTT-yə üzvlük nəticəsində üzə çıxa biləcək riskləri minimumlaşdırmaq və həmçinin üzvlüyün üstünlüklərindən yararlanmaq olar. ÜTT-yə üzvlüklə bağlı daha bir qeyd edilməli məqam odur ki, hökumətin ÜTT-yə üzvlüklə bağlı yanaşmasında iqtisadi amillərlə müqayisədə, siyasi məsələlər daha çox ön plana çıxır.

 ÜTT-yə üzvlük istiqamətində aşağıdakı addımların atılması tövsiyə edilə bilər:

Ölkədə biznes mühitinin liberallaşdırılması və rəqabət mühitinin yaxşılaşdırılması

Ölkəyə xarici birbaşa investisiyaların cəlb edilməsi məqsədi ilə təşviq emxanizmlərinin hazırlanması və xarici investisiyaların qorunması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi

İqtisadi qərarların, xüsusilə də, gömrük və vergi siyasəti sahəsindəki qərarların qəbulunda iştirakçılıq artırılmalı, sahibkarların fəaliyyətinə təsir imkanı olan qərarların qəbulunda onların iştirakçılığı təmin edilməlidir

İqtisadi fəaliyyətin idarəedilməsi ilə məşğul olan dövlət qurumlarında, eləcə də, sahibkarlar arasında ÜTT-yə üzvlük və bu üzvlükdən sonra tətbiq ediləcək yeniliklərlə bağlı maarifləndirmə işləri aparılmalıdır.

İdxal olunan məhsullarla rəqabət imkanlarının məhdud olduğu və zəif inkişaf etmiş kənd təsərrüfatı sahələri ilə  bağlı xüsusi siyasət mexanizmlərinin, proqramların hazırlanması