Azərbaycanda Nikah və Boşanmaların Statistik Göstəricilərinin Təsviri və Ailə Planlamasına dair Tədqiqat

Demokratik Təşəbbüslər İnstitutunun “Gənc Sosial Tədqiqatçılar Məktəbinin” məzunu “Azərbaycanda Nikah və Boşanmaların Statistik Göstəricilərinin Təsviri və Ailə Planlaması”na dair tədqiqat hazırlayıb. 

Araşdırmanın məqsədi gənc ailələrin ailə planlaması ilə bağlı bilgilərini öyrənmək və onların məlumatlılığının ailə planlamalarına necə təsir göstərdiyini aşkar etməkdir. Bundan başqa, bu tədqiqat işi oxuculara Azərbaycan Respublikasının Statistika Komitəsinin məlumatları əsasında ölkəmizdə müxtəlif illərdə nikah və boşanma statistikasının təhlilini, bu xüsusda müşahidə olunan dinamikanın səbəblərini təqdim edir. 

Tədqiqat işi data toplanması baxımından Azərbaycanın müxtəlif sosial seqmentlərini əhatələməklə onlayn sorğulara əsaslanır. Onlayn surətdə aparılan sorğular nəticəsində 56 ədəd doldurulmuş sorğu əldə edilib, onların uyğun şəkildə analizi aparılıb. 

Sorğunu cavablandıranların 71.4 %-i özünü qadın, 26.8 %-i kişi, 1 nəfər olmaqla 1.8 %-i isə qeyri-binar kimi identifikasiya edib. Həmçinin respondentlərin yaş aralığına baxsaq, onların 44.6 %-nin 23-28, 28.6 %-nin 29-34, 10.7 %-nin 18-22, 7.1 %-nin 35-40 yaş aralığında olduğunu, 8.9 %-nin isə 40 yaş üzərində olduğunu görə bilərik. Bundan əlavə, sorğu respondentlərini təsvir edərkən qeyd etmək olar ki, respondentlərin 55.4 %-i ali təhsil (Bakalavr) alan, yaxud almaqda olan, 21.4 %-i magistr təhsili alan, yaxud almaqda olan, 12.5 %-i magistr pilləsindən yuxarı təhsil pilləsini bitirmiş və ya hazırda magistr pilləsindən yuxarı təhsil pilləsində təhsil alan şəxslərdir. 

Sorğunun nəticələrindən bəlli olur ki, cəmiyyətin müxtəlif seqmentlərini təmsil edən sorğunu cavablandırmış şəxslər arasında ailə planlaması ilə bağlı mütəxəssislərə müraciət etmə səviyyəsi olduqca aşağıdır. Belə ki, respondentlərin 94.6 %-i heç bir zaman sözügedən mövzuda mütəxəssis dəstəyi almadığını 98.6 %-i heç zaman Ailə Planlaması Mərkəzinə müraciət etmədiyini bildirib. 

Buna baxmayaraq, respondentlərin 87.5 %-i ailə planlaması baxımından qorunma vasitələrindən istifadə etməni yararlı sayır. Sorğu nəticələrdən güman etmək olar ki, əhalinin qorunma vasitələrinə inamı əhəmiyyətli dərəcədə yuxarı olsa da, aidiyyətli mütəxəssis və qurumlarla əlaqəsi zəifdir.

Ətraflı məlumat üçün tədqiqat işi ilə yaxından tanış ola bilərsiniz.