Bakı Şəhərində Evsiz Şəxslərin Qarşılaşdığı Qida Çatışmazlığı və Qida Zəhərlənməsi Problemlərinə dair Tədqiqat

Demokratik Təşəbbüslər İnstitutunun “Gənc Sosial Tədqiqatçılar Məktəbinin” məzunu “Bakı şəhərində evsiz şəxslərin qarşılaşdığı qida çatışmazlığı və qida zəhərlənməsi problemləri”nə dair tədqiqat hazırlayıb.

Araşdırmanın məqsədi Baki şəhərində evsiz şəxslərin qarşılaşdıqları qida çatışmazlığı və qida zəhərlənməsi problemlərini araşdırmaq, evsiz şəxslər üçün təhlükəsiz və sağlam qidanın çatımlılığını müəyyən etməkdir. 

Araşdırmanı həyata keçirən iki tədqiqatçı Bakının 8 rayonundakı parklar, yeraltı və yerüstü keçidlər, tərk edilmiş binalar və yaşayış sahələrinin ətrafında istirahət üçün nəzərdə tutulmuş yerlərə gedib və ümumilikdə 116 məkana vaxış keçirib. Baxılmış məkanlarda 26 respondentlə sorğu keçirilib, bundan əlavə, sorğunun təklif olunduğu 11 evsiz şəxs sorğuda iştirakdan imtina edib.

Bu şəxslərin 24-ü kişi, 2-si isə qadındır. Respondentlərin 6-sı 30 yaşa qədər olan şəxslər, 16-sı 31-45 yaş arası şəxslər, 4-ü isə 45-dən artıq yaşı olan şəxslərdir. Bundan əlavə, Sosial Xidmətlər Agentliyi nəzdindəki Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə informasiya sorğusu göndərilib, amma cavab almaq mümkün olmayıb.

Sorğumuza qatışmış 26 repondentə qida qəbulu və digər məsələlərlə bağlı ünvanladığımız suallara verdiyi cavablarda aşağıdakı məqamlar diqqəti cəlb edir:

Belə ki, evsiz şəxslərin müntəzən qida mənbələri və ya onlara qida yardımı edən dövlət qurumu yoxdur. Bu şəxslərdən 13 nəfər qidasını ictimai iaşə obyektlərindən alır, 11 nəfər qida artıqları ilə dolanmağa çalışır, 7 nəfər başqa insanlardan qida yardımı əldə edir, 1 nəfər isə dini təşkilatların qida yardımından yararlanır.   

Onların təmiz su çatışmazlığı və qida zəhərlənmələrindən əziyyət çəkdiyi görünür. Belə ki, respondentlərimizdən 3-ü ilə təmiz və içməli suyun onlar üçün əlçatan olmadığını bildirib, 12-si isə qida zəhərlənməsi yaşadıqlarını bildiriblər. Qida zəhərlənməsi halı ilə qarşılaşdığını qeyd edən respondentlərdən 5-nin bunun səbəbi kimi vaxtı keçmiş qidaları, 5-nin ucuz qidaları, 1-nin qeyri-sanitar yerdən tapdığı qidaları göstərib. Respondentlərdən heç biri bu hallardan sonra tibbi xidmətə müraciət etməyiblər.

Xəstəliklərlə bağlı suala isə 26 respondentdən 15-i səhhətində astma (iki nəfərdə), ayaqda hərəkət imkanını məhdudlaşdıran problem (iki nəfərdə), qaraciyərin fəaliyyəti ilə bağlı problem (iki nəfərdə), bel ağrıları, böyrək ağrıları, vərəm, revmatizm, dişlərin çürüklüyü, sümük əyriliyi, daimi öskürək, psixoloji pozuntu və nevroz kimi problemlərin olduğunu bildirib.

Dövlət qurumlarından yardım ilə bağlı verilən suala isə sorğuda iştirak etmiş respondentlərdən yalnız biri daha əvvəl Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində yerləşdirildiyini, biri isə bununla bağlı təklifdən imtina etdiyini qeyd edib. Başqa 24 respondent bununla bağlı onlara hər hansı bir təklifin olmadığını qeyd edib.

Beləliklə, araşdırma nəticəsində bir sıra problemlər müəyyən edilmişdir. Evsiz şəxslərin hüquqları ilə bağlı problemlərdən biri Azərbaycanda evsiz şəxslərin statistikasını toplayan və yayımlayan dövlət qurumu olmamasıdır. Azərbaycanda yetkinlik yaşına çatmış evsiz şəxslərə yardımın dövlət qanadının təmsilçisi Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsidir. Lakin 2020-ci ilin dekabrına olan statistikaya əsasən, burada ümumilikdə 71 nəfərə xidmət göstərilir və onların heç də hamısı evsizlər deyil.

Digər problem isə Azərbaycanda evsiz şəxslərə müntəzəm qida yardımı edən qurumların, demək olar ki, olmamasıdır. Belə ki, bu tip xeyriyyə təşkilatlardan biri kimi 2006-cı ilin mayından Tereza Kalkuttskaya ana Şəfqət bacılarının (Katolik Kilsəsində qadın rahibə konqreqasiyası) Bakıda yaratdığı evsizlər sığınacağını göstərə bilərik. Pravoslav Mixail-Arxangel kilsəsi də evsizlərə gündəlik isti yemək verir. Müşahidəmizə görə, Mixail-Arxangel pravoslav kilsəsinin təşkil etdiyi qida yardımından, əsasən, yoxsul pravoslavlar və yaxın ərazidə yaşayıb qida əldə etməkdə çətinlik çəkən digər vətəndaşlar faydalanırlar. Bu kilsədə sayca kifayət qədər çox insana qida yardımı təklif edilsə də, ondan faydalananlar arasında evsiz insanların sayı olduqca azdır. Katolik kilsəsi nəzdində Tereza Ana adına kimsəsizlər üçün sığınacağa gəldikdə isə, bu sığınacaq SXA-nin evsiz şəxslər üçün nəzərdə tutulmuş sığınacağından fərqli olaraq, evsiz insanları 6 ay müddətində yox, daimi yaşayış yeri ilə təmin edir. Qafqaz Müsəlmanları İdarəsi isə evsizlərə müntəzəm və stasionar yardımla məşğul olmur.

Araşdırmamız qənaətə gəlir ki, Bakı şəhərindəki evsiz şəxslər ciddi qida çatışmazlığı problemi ilə üz-üzədirlər. Bu şəxslər üçün qida yardımının təşkil olunması yolları və ya sığınacaq sisteminin təkmilləşdirilməsi dövlətin sosial siyasətində aktiv bir istiqamət olmalıdır. Belə hesab edirik ki, SXA-nin çətin həyat şəraitindəki fərqli bir neçə insan qrupunu birləşdirən sığınacağından əlavə, məhz evsizlər üçün nəzərdə tutulmuş ayrıca sığınacağının yaradılması da vacibdir. Belə bir sığınacağın işçilərinin evsiz insanların gecələdikləri müxtəlif məkanlara vaxtaşırı baxış keçirməklə onları sığınacağa dəvət etmələri, bu sığınacağın yalnız ahıl və xəstələr üçün nəzərdə tutulmadığını izah etmələri də evsizlərdəki mövcud təsəvvürləri nəzərə aldıqda atılmalı olan addımdır. Bu evsiz insanlar mobil olduqları üçün onlara birbaşa qida yardımının göstərilməsini təşkil etmək əlverişli olmaya bilər, sığınacaqlarda yerləşdirərək gündə bir neçə dəfə yeməklə təmin etmək üsulunun dairəsini genişləndirmək bu səbəbdən ən səmərəli həll yolu kimi qarşımızda durur.