Azərbaycanda və dünyada gəlir bərabərsizliyi: səbəbləri və ölçülməsinə yanaşmalar - Araşdırma sənədi

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda və dünyada gəlir bərabərsizliyi, eləcə də, onun səbəblərinin ölçülməsi ilə bağlı sənəd hazırlayıb.

Tədqiqatın ilk bölməsində "gəlir bərabərsizliyi” anlayışına nəzəri yanaşma, bu göstəricinin ölçülməsi ilə bağlı metodoloji məsələlər araşdırılıb. Qeyd edək ki, hələ də dünyadakı toplam sərvətin 82%-i əhalinin cəmi 1%-nin əlində cəmləşib. Gəlir bərabərsizliyi əsasən kapital və əmək gəlirləri arasında yaranan qeyri-bərabərlikdən törəyir. Müxtəlif tədqiqatlar sübut edir ki, ölkədə gəlirlərin bölüşdürülməsindəki ədalətsizlik azaldıqca, ölkədə iqtisadi artım sürəti artmağa başlayır. Araşdırmanın ilk bölməsində həmçinin, gəlir bərabərsizliyinin ölçülməsində ən çox istifadə edilən iki indeks – Gini və Lorenz indeksləri ilə bağlı məlumat verilib.

Araşdırmanın ikinci bölməsində dünya ölkələrində gəlir bərabərsizliyi təhlil edilir. Qloballaşma həm ölkələr arasında, həm də ölkə daxilində gəlir bölgüsünə mənfi təsir göstərir. Açıqlanan rəqəmlərdən aydın olur ki, dünya əhalisi arasında qlobal bərabərsizlik göstəricisi (Cini əmsalı) 0.70-ə (son illərin ortası) bərabərdir. 1988-ci ildə bu rəqəm 0.63, 1993-cü ildə isə 0.66 olub. Son 30 ildə dünyanın ən zəngin 20%-nin payı 70%-dən 85%-ə yüksələrkən, ən aşağı gəlirli 20%-nin payı 23%-dən 1,4%-ə enib. Eyni zamanda, ən zəngin 10% insanın milli gəlirdən aldığı paya görə Latın Amerikası, Cənubi Afrika, Hindistan və Ərəbistan yarımadası kimi regionlarda ciddi bərabərsizliyə rast gəlinir.

Tədqiqatın üçüncü bölməsində Azərbaycanda gəlir bərabərsizliyi təhlil edilir. Araşdırmanın nəticəsinə görə, Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar Azərbaycanda bərabərsizliyin minimum səviyyələrdə olduğunu göstərsə də, beynəlxalq araşdırmalar heç də eynisini söyləmir. Beynəlxalq qurumların araşdırmalarına görə, Azərbaycanda varlı və kasıb təbəqənin təhsil xərcləri arasında dörd dəfə, səhiyyə xərcləri arasında isə səkkiz dəfəyə qədər fərq ortaya çıxır.

Sonda tədiqatın əsas nəticələri və gəlir bərabərsizliyinin səviyyəsinin azaldılması məqsədilə təkliflər təqdim edilib. Bərabərsizliklə mübarizə üçün dörd təməl maddənin həyata keçirilməsi tövsiyə olunur:

1. qadınların iqtisadi həyatda iştirakı;

2. məşğulluğun və keyfiyyətli iş yerlərinin artırılması;

3. istedad və təhsil səviyyəsinin artırılması;

4. effektiv yenidən bölgü üçün vergi və transfer sistemləri

İpoteka faizlərinin və ilkin ödəniş tələblərinin aşağı salınması, eləcə də, yüksək dəyərli lüks mallara əlavə vergilərin tətbiqi mexanizmləri də, gəlir bərabərsizliyinin nisbətən azaldılması vasitələri kimi gözdən keçirilə bilər.