Seçkidə iştirak edən namizədlərin nəzərinə!

Namizədliyin irəli sürülməsinin son tarixi və bəzi məsələlərlə bağlı  tez-tez verilən suallara və yaradılmış çaşqınlığa aydınlıq gətirməyi vacib hesab edirik. IDI olaraq əsas hədəfimiz maarifləndirmə olduğu və fərdi qaydada müraciət edənləri cavablandırdığımız halda, umumi olaraq da prosedurları diqqəinizə çatdırmaq istəyirik.

Seçki Məcəlləsinə əsasən namizədliyin irəli sürülməsi və qeydə alınmasının ardıcıllığı aşağıdakı kimidir:

1. Namizədliyin irəli sürülməsi seçkilərin elan olunması haqqında qərar dərc olunduğu andan başlayır.

2. Namizədliyin irəli sürülməsilə bağlı sənədlər müvafiq DSK-ya təqdim olunduqdan sonra 5 gün ərzində DSK tərəfindən cavab verilməli və imza vərəqləri təqdim olunmalıdır.

3.Sənədlər - bildiriş, öhdəlik ərizəsi, səlahiyyətli nümayəndə təyin edilibsə notarial təsdiq olunmuş vəkalətnamədən ibarətdir. Əlavə kimi 2 ədəd foto, şəxiyyət vəsiqəsinin və diplomun surəti və partiya üzvlüyü göstərilibsə, onu təsdiq edən sənəd verilir. İş yeri, yaşayış yeri kimi sənədlər tələb edilə bilməz.

3. Namizədliyi irəli sürərkən DSK təqdim etdiyiniz "bildirişin" surətini möhürləyib sizə verməlidir ki, onunla Beynəlxalq bankda seçki hesabı açasınız. Hesab imza toplamağa başlamamışdan 24 saat qabaq açılmalıdır.

4. İmzaları müvafiq DSK ərazisindən 18 yaşı olan istənilən vətəndaş toplaya bilər. Bir seçici istənilən sayda namizədə imza verə bilər.

5. İmzalar toplandıqdan sonra 2 ədəd yekun protokol tərtib olunur, həmçinin seçkilər start verilən günə qədər olan son bir ilin maliyyə gəlirini, əmlak vəziyyətini göstərən məlumat və ilkin maliyyə hesabatı ilə birlikdə sənədlər DSK-ya təqdim olunur.

6. Ən çox çaşdırılan vaxt məsələsi:

a) İmza vərəqlərinin və digər sənədlərin qaytarılması  50 gün qalmış başlayır - 30 gün qalmış bitir. Yəni 2015-ci il sentyabrın 12-dən oktyabrın 2-i saat 18.00-dək.

b) İrəli sürülmə "1" də göstərilən kimi seçkilərə start veriləndən başlanır. Məcəllədə onun son tarixi göstərilmir. Lakin "a" bəndində göstərildiyi kimi imza vərəqlərinin qaytarılmasının son tarixi 2 oktyabrdır. "2"də göstərildiyi kimi DSK-nın ilkin sənədlərə baxma müddətinin 5 gün olduğunu nəzərə alsaq, deməli namizədliyin irəli sürülməsi üçün sonucu tarix 27 sentyabrdır. O şərtlə ki, siz gərək 1 gün ərzində imza toplayıb təqdim edə biləsiniz.

7. Təqdim olunmuş sənədlərə DSK 7 gün ərzində baxır və namizəliyin qeydə alınıb-alınmaması haqqında qərar verir.

8. Qərar sizi qane etmədikdə 3 gün ərzində MSK-ya sonra da Apellyasiya Məhkəməsinə müraciət edə bilərsiniz.

P.S. Bu şərtlər namizədliyi özü tərəfindən və ya təşəbbüs qrupu tərəfindən verilmiş şəxslərə aiddir. Siyasi partiya və bloklar üçün bəzi sənədlər fərqlidir.