Müdafiəçi Hüquq Mərkəzinin Çağırışı: Quru sərhədlərinin bağlı olmasına dair Konstitusiya Məhkəməsinə şikayət

“Müdafiəçi” Hüquq Mərkəzi (Müdafiəçi HM) ictimaiyyətdə quru sərhədlərinin bağlanması kimi bilinən xüsusi karantin tədbirinin ləğv edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə fərdi şikayət hazırlayır.

Müdafiəçi HM-nin hazırladığı Konstitusiya Məhkəməsinə fərdi şikayət çərçivəsində xüsusi karantin tədbirləri çərçivəsində ölkə ərazisinə yerüstü giriş-çıxışın dayandırılmasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 12 sentyabr 2020-ci il tarixli, 336 saylı qərarının, o cümlədən ölkə ərazisinə yerüstü giriş-çıxışın 02 yanvar 2024-cü il tarixi, saat 06:00-dək dayandırılmasın Konstitusiyaya uyğunluğu sərbəst hərəkət azadlığı hüququ çərçivəsində mübahisələndiriləcək və ölkə ərazisinə yerüstü giriş-çıxışın növbəti dəfə uzadılmamasına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə məcburedici öhdəlik qoyulması tələb ediləcək.

Müdafiəçi HM hesab edir ki, Nazirlər Kabinetinin bu qərarı nəticəsində hərəkət azadlığı hüququ məhdudlaşdırılan vətəndaşlar və digər ölkə sakinləri Konstitusiya Məhkəməsinə veriləcək fərdi şikayət üzrə şikayətçi ola bilərlər.

Buna görə Müdafiəçi HM vətəndaşlara və digər ölkə sakinlərinə çağırış edərək onları hazırlanan Konstitusiya Məhkəməsinə fərdi şikayətə qoşulmağa dəvət edir.

Müdafiəçi HM-nin hazırladığı fərdi şikayətə qoşulmaq üçün 30.11.2023-cü il, saat 18:00-a kimi aşağıdakı linkə daxil olaraq müraciət formasını doldura bilərsiniz:

https://forms.gle/MQnH4ddLJF2iueQr7

Qeyd edək ki, Müdafiəçi HM 26 sentyabr 2023-cü ildə təsis edilib və insan haqlarının təməl aspektlərindən biri olan siyasi haqlar sahəsində hüquqi yardım və digər əlaqəli işləri həyata keçirir.

Redaktə: press-relizin mətni müraciət tarixinə düzəliş edilərək redaktə edilib.