“Müdafiəçi” Hüquq Mərkəzinin fəaliyyətinə dair Məlumat: AXCP-nin birləşmək azadlığı hüququ ilə əlaqədar inzibati məhkəmədə iddia qaldırılıb

“Müdafiəçi” Hüquq Mərkəzi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (“AXCP”) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə (“Nazirlik”) qarşı partiyanın sonuncu qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsindən imtina qərarı ilə bağlı iddia ərizəsinin hazırlanmasında iştirak edib.

24 iyun 2023-cü il tarixində AXCP VII qurultayını keçirib. Qurultay nəticəsində Partiyanın sədri və Nəzarət Təftiş Komissiyasına üzvlər seçilib, Ali Məclisin yeni tərkibi təsdiq olunub, eləcə də digər qərarlar qəbul edilib.

28 iyun 2023-cü il tarixində bu faktın dövlət reyestrinə daxil edilməsi üçün qurultayın sənədləri Partiyanın səlahiyyətli şəxsi tərəfindən Nazirliyin  Ədliyyə sahəsində xidmətlər baş idarəsinə təqdim edilib.

01 sentyabr 2023-cü il tarixində Nazirlik isə AXCP-nin VII qurultayının nəticələrinin dövlət qeydiyyatına alınmasından imtina edib. Nazirliyin imtina qərarı AXCP üzvlərindən birinin qurultay nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən mümkün hesab edilməsi və həmin qərardadın Ədliyyə Nazirliyinə daxil olması ilə əsaslandırılıb. Nazirliyin bu imtinası AXCP-nin siyasi partiya kimi sərbəst  və funksional fəaliyyət göstərməsinə maneələr yaradır.

06 oktyabr 2023-cü il tarixində Nazirliyə qarşı məcburetmə haqqında iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək partiyanın 24 iyun 2023-cü il tarixli AXCP VII qurultayının nəticələrinin hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmasını tələb edir.

09 oktyabr 2023-cü il tarixində Bakı İnzibati Məhkəməsi tərəfindən iddia ərizəsi üzrə müraciətə 2-1(112)-14847/2023 saylı iş nömrəsi verilib və işə baxılması hakim Səlma Salahovanın icraatına verilib.

İddia ərizəsinə əsasən Nazirlik qurultayın nəticələrinin dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə nəzərdə tutulan əsaslardan heç birini göstərməyib və qurultay Nizamnamənin tələblərinə uyğun olaraq həyata keçirilib. Qaldırılan mülki iddianın hüquqi nəticələrin dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsas təşkil etmir. İddia ərizəsində Nazirliyin imtinaedici aktının Azərbaycan Respublikasının Konstitusiyasının (58-ci maddə - birləşmək hüququ), Avropa İnsan Hüquqları Konvensiyasının (“AİHK”) (11-ci maddə - toplaşmaq və birləşmək azadlığı hüququ və 18-ci maddə - hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri), “Siyasi partiyalar haqqında” və “Hüquqi şəxslərin dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinə zidd olduğu qeyd edilir.

AXCP-nin qeyd edilən iddia ərizəsi “Müdafiəçi” Hüquq Mərkəzi və vəkil Fəxrəddin Mehdiyevin birgə əməkdaşlığı ilə hazırlanıb. Qeyd edək ki, “Müdafiəçi” Hüquq Mərkəzi 26 sentyabr 2023-cü ildə təsis edilib və insan haqlarının təməl aspektlərindən biri olan siyasi haqlar sahəsində hüquqi yardım və digər əlaqəli işləri həyata keçirir.

Redaktə: press-relizin mətni işin Bakı İnzibati Məhkəməsində baxılma vəziyyətinə dair məlumat əlavə edilərək və bir sıra texniki düzəlişlər edilərək redaktə edilib.